Sovet təbliğatı yenidən gündəmdə
Son dövrlərdə bəzi şəxslərin SSRİ dövrünü və sovet atributlarını təbliğ edən çıxışları yenidən ictimai-siyasi müzakirələrin mövzusuna çevrilib. Xüsusilə sosial media platformalarında sovet simvollarının, keçmiş imperiya nostaljisinin və həmin dövrə idealizə olunmuş yanaşmaların daha geniş təbliğ edilməsi cəmiyyətdə müxtəlif suallar doğurur. Qeyd edək ki, Azərbaycan müstəqil dövlət kimi siyasi kursunu milli maraqlar, suverenlik və dövlətçilik prinsipləri üzərində qurur. Bu baxımdan, SSRİ-yə nostalji xarakterli çağırışlar yalnız tarixi baxış məsələsi deyil, eyni zamanda, informasiya təhlükəsizliyi və ideoloji təsir müstəvisində də qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, bu cür çıxışların arxasında müxtəlif motivlər dayanır. Bir tərəfdən, şəxsi nostalji hissləri və tarixi baxışlar ifadə olunsa da, digər tərəfdən cəmiyyətə müəyyən siyasi mesajların ötürülməsinə yönəlmiş cəhdlər də istisna edilmir. Xüsusilə regionda geosiyasi rəqabətin gücləndiyi indiki şəraitdə keçmiş imperiya ideyalarının gündəmə gətirilməsi informasiya təsirinin aləti kimi də istifadə oluna bilər. Əslində, nə baş verir?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, son dövrlərdə SSRİ və sovet atributlarının yenidən təbliğinə yönəlmiş cəhdləri yalnız keçmişə nostalji hissləri ilə izah etmək doğru deyil.
Deputatın sözlərinə görə, müəyyən hallarda bu cür çağırışlar keçmiş imperiya təfəkkürünü yenidən legitimləşdirmək, müstəqil dövlətlərin milli kimliyinə və tarixi yaddaşına təsir göstərmək məqsədi daşıyan ideoloji fəaliyyətin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
“Azərbaycan müstəqilliyini böyük mübarizə nəticəsində bərpa etmiş dövlətdir və xalqımız sovet dövrünün yaratdığı siyasi repressiyaları, milli hüquqların məhdudlaşdırılmasını və asılılıq siyasətini unutmamalıdır. Bu səbəbdən həmin dövrün yalnız müsbət tərəflərinin qabardılması tarixi reallığı əks etdirmir.
Eyni zamanda, sosial media platformaları, müxtəlif xarici informasiya resursları və koordinasiyalı dezinformasiya kampaniyaları bu cür ideoloji çağırışların yayılmasında mühüm rol oynaya bilər. Buna görə də Azərbaycan informasiya təhlükəsizliyinin gücləndirilməsi, media savadlılığının artırılması, xüsusilə gənc nəsildə milli tarix və dövlətçilik şüurunun daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirməlidir.
Tarixi həqiqətlərin obyektiv şəkildə təbliği, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin tənqidi düşüncə bacarıqlarının inkişafı xarici ideoloji təsirlərə qarşı ən təsirli cavabdır. Dövlət müstəqilliyimizin və milli maraqlarımızın qorunması hər zaman prioritet olmalı, cəmiyyət isə bu məsələdə həmrəy mövqe nümayiş etdirməlidir”, – deputat qeyd edir.