NIPA-30

Azərbaycan futbolunda legioner basqısı – Çıxış yolu nədir?

Azərbaycanın milli futbol çempionatının yüksək dəstəsində (Misli Premyer Liqası) legioner limiti tətbiq olunmur, yəni meydandakı 11 oyunçunun 11-i də əcnəbi ola bilər.

Yüksək dəstədəki heyətlərə nəzər salanda legioner bolluğuna şahid olursan.

“Qarabağ” və “Sabah” komandalarında 22 futbolçunun 16-sı legionerdir.

“Neftçi” komandasında 21 futbolçunun, “Turan Tovuz” komandasında 18 futbolçunun 13-ü, “Araz-Naxçıvan” komandasında 21 futbolçunun 12-si əcnəbidir.

“Qəbələ” komandasında 22 futbolçunun, “Şamaxı” və “Şəfa” komandalarında 23 futbolçunun 10-u, “Zirə” və “Sumqayıt” komandalarında 18 futbolçunun 9-u, “İmişli” komandasında 21 futbolçunun, “Kəpəz” komandasında 24 futbolçunun 8-i Azərbaycan vətəndaşı deyil.

Legioner sayına məhdudiyyət qoymamaq doğru qərardırmı? Limitin olmaması futbolumuza xeyir, yoxsa ziyan gətirir?

Medianews.az saytı bu mövzu ətrafında sorğu keçirib.

Siyasətçi, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə sorğuya belə cavab verib: “Azərbaycan futbolunda çox ciddi problemlər var. Milli komandamız bizi az qala hər zaman məyus edir. Son dövrlərdə bir çox ölkədə, hətta inkişafdan qalmış ölkələrdə də futbolun irəli getdiyini görürük. Azərbaycanda isə yığmamızın timsalında ciddi problemlər və geriləmələr yaşanır.

Təəssüf ki, Azərbaycanda uşaq futboluna lazımi diqqət ayrılmır. Ölkə rəhbərliyi dəfələrlə uşaq futbolunun inkişaf etdirilməsi üçün tövsiyələr verib. Amma bu sahəyə cavabdeh şəxslər lazımi tədbirlər görməyiblər. 2005-ci ildə Azərbaycan Prezidenti uşaq futbolunun inkişafı üçün 10 illik dövlət proqramı təsdiqləmiş, xeyli vəsait ayırmışdı. Amma görünən odur ki, vəsait təyinatı üzrə xərclənməyib. Ölkədə uşaq futbolu inkişaf etmir. Klublarımıza yerli oyunçulardan çox legionerlərin cəlb edilməsi də bunun acı nəticəsidir.

Bizim futbolla peşəkarcasına məşğul ola biləcək çox istedadlı uşaqlarımız, gənclərimiz var. Sadəcə olaraq onları yönləndirmək, onlara lazımi şərait yaratmaq gərəkdir. Hesab edirəm ki, bu məsələdə AFFA-nın çox böyük günahı var. Uşaq futboluna ciddi diqqət ayırmaq lazımdır. Bu sahəyə cavabdeh şəxslər öz vəzifələrinə məsuliyyətlə yanaşsalar, öhdəliklərini yerinə yetirsələr, klublarımız legioner futbolçuların dalına düşməz.

Komandalara kütləvi şəkildə legionerlər gətirilir. Bəzən meydanda cəmi bir-iki yerli futbolçu görürsən. Bir çox halda yaşlaşmış legionerlər transfer edilir, onlar da qısa müddət sonra çıxıb gedirlər. Transferlərə iri məbləğdə vəsait xərclənir. Halbuki həmin vəsaiti yerli uşaq futbolunun inkişafına yönəltmək daha məqsədəuyğundur. Legioner məsələsində sərt qaydaların tətbiqi zəruridir. çox ciddi tədbir görülməli, ölçü götürülməli, AFFA rəhbərliyinə məsuliyyəti xatırladılmalıdır”.