Deputat: “Azərbaycan və Özbəkistanın yaxınlaşması Türk dünyasının gücünü artırır”
“Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin strateji xarakterini və iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Azərbaycan və Özbəkistanı ortaq tarix, milli-mənəvi dəyərlər və türk kimliyi ilə yanaşı, qarşılıqlı milli maraqlar da birləşdirir. Son illərdə əlaqələr siyasi münasibətlərdən iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrə qədər genişlənib. Hesab edirəm ki, bu səfər mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb.
O bildirib ki, Türk Təşkilatının gələcəkdə iqtisadi və siyasi əməkdaşlıqla yanaşı, təhlükəsizlik və müdafiə sahəsində də daha sıx inteqrasiyaya getməsi mümkündür. Burada söhbət hərbi blokun yaradılmasından deyil, terrorizm və transmilli cinayətkarlığa qarşı mübarizə, kibertəhlükəsizlik, sərhəd təhlükəsizliyi, hərbi təhsil və təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq kimi istiqamətlərdən gedə bilər. Eyni zamanda, iki xalqın bir-birini daha yaxından tanıması üçün media, təhsil və turizm imkanlarından daha geniş istifadə olunmalıdır. Xüsusilə media və jurnalist mübadiləsinin genişləndirilməsi Azərbaycan və Özbəkistan cəmiyyətlərinin bir-biri haqqında daha dolğun təsəvvür formalaşdırmasına ciddi töhfə verə bilər.
“Qlobal miqyasda geosiyasi qütbləşmənin artdığı bir dövrdə Azərbaycan və Özbəkistan üçün müstəqil xarici siyasət kursunun qorunmasının əsas şərti milli maraqların, dövlət suverenliyinin və ərazi bütövlüyünün prioritet olaraq saxlanılmasıdır. Hər iki ölkənin müxtəlif güc mərkəzləri ilə münasibətlərində praqmatik və balanslı siyasət yürütməsi onların xarici təsirlərdən asılılığını azaltmaqla yanaşı, regional mövqelərini də gücləndirir”, – deyə deputat bildirib.O hesab edir ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının dərinləşməsi həm ikitərəfli münasibətlərə, həm də bütövlükdə Türk dünyasının siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha güclü aktora çevrilməsinə mühüm töhfə verəcək.