NIPA-30

Türk dünyasının gələcəyinə atılan İMZA

Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. 

Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalayıblar. 

“Azərbaycanla Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması iki ölkə arasında münasibətlərin strateji səviyyədən daha yüksək mərhələyə keçdiyini göstərən mühüm siyasi hadisədir”.

Bu fikirləri “Cebheinfo.az”-a millət vəkili Arzuxan Əlizadə deyib. 

Mİllət vəkili bildirib ki, bu sənəd yalnız diplomatik münasibətlərin deyil, həm də ortaq tarixə, milli-mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanan əlaqələrin uzunmüddətli perspektivdə qorunmasına xidmət edir: 

“Əslində, burada söhbət iki dövlət arasında dostluğun hüquqi və siyasi baxımdan gələcək nəsillər üçün də təminat altına alınmasından gedir. 

Azərbaycan və Özbəkistan son illərdə siyasi, iqtisadi, nəqliyyat, enerji, müdafiə və humanitar sahələrdə əməkdaşlığı ardıcıl şəkildə genişləndirib. “Əbədi dostluq haqqında Müqavilə” bu əməkdaşlığın əldə etdiyi nəticələri möhkəmləndirməklə yanaşı, yeni istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi üçün də əlavə siyasi zəmin yaradır. 

Xüsusilə Türk dünyasının həmrəyliyinin gücləndirilməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndirilməsi baxımından bu sənədin xüsusi əhəmiyyəti var”. 

Millət vəkili hesab edir ki, bu müqavilə Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız bu gününü deyil, gələcək inkişaf trayektoriyasını da müəyyənləşdirən mühüm sənəddir:

“Səd iki ölkə arasındakı yüksək etimadın və strateji tərəfdaşlığın bundan sonra da daha da dərinləşəcəyinə əsas verir. Eyni zamanda, bu münasibətlər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinə və Türk dünyasının beynəlxalq müstəvidə daha fəal və vahid mövqedən çıxış etməsinə ciddi töhfə verə bilər”.