Bakı və Daşkənd arasında münasibətlərin daha da möhkəmlənməsi iki ölkənin milli maraqlarına xidmət edir – RƏY
Azərbaycan beynəlxalq arenada müxtəlif dövlət və xalqlar arasında iqtisadi, mədəni, siyasi və diplomatik əlaqələrin genişləndirilməsinə önəm verir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müvavini Arzuxan Əlizadə İqtisadiyyat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan Prezidentinin Özbəkistana son səfəri iki ölkə arasında münasibətlərin strateji məzmununun daha da dərinləşdirilməsi baxımından mühüm hadisədir.
Onun sözlərinə görə, səfər çərçivəsində aparılan müzakirələr və verilən siyasi mesajlar göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş regional və beynəlxalq proseslər kontekstində inkişaf edir:
“İki ölkə arasında formalaşmış qarşılıqlı etimad və siyasi həmrəylik Türk dünyasının birliyinin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Mərkəzi Asiyanın ən mühüm dövlətlərindən biridir və Azərbaycanın bu ölkə ilə əlaqələrinin genişlənməsi ölkəmizin həm Mərkəzi Asiyaya çıxış imkanlarını, həm də Avrasiya məkanında iqtisadi və nəqliyyat mövqelərini gücləndirir. Xüsusilə nəqliyyat-kommunikasiya layihələri, ticarət, enerji, investisiya, sənaye kooperasiyası və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın Şərq–Qərb və Mərkəzi Asiya–Cənubi Qafqaz bağlantısında rolunu artırır. Eyni zamanda bu əməkdaşlıq ölkəmizin iqtisadi imkanlarının şaxələndirilməsi və yeni bazarlara çıxış baxımından mühüm perspektivlər yaradır”.
A.Əlizadə vurğulayıb ki, Azərbaycan və Özbəkistanın beynəlxalq təşkilatlarda bir-birinə verdiyi siyasi dəstək dövlət maraqlarımızın müdafiəsi baxımından mühüm amildir: “Bu münasibətlər qarşılıqlı etimada, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır. Hesab edirəm ki, Bakı və Daşkənd arasında münasibətlərin daha da möhkəmlənməsi həm iki ölkənin milli maraqlarına xidmət edir, həm də Türk Dövlətləri Təşkilatında və bütövlükdə Türk dünyasında siyasi və iqtisadi inteqrasiyanın güclənməsinə əlavə imkanlar yaradır. Azərbaycan üçün Özbəkistanla strateji tərəfdaşlığın dərinləşdirilməsi eyni zamanda müstəqil xarici siyasət kursumuzun və çoxvektorlu diplomatiyamızın mühüm istiqamətlərindən biridir”.