Azərbayan təkcə suverenliyini bərpa etmədi: Həm də bölgəyə yeni reallıq gətirdi
Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bir sıra məsələlərə toxunub.
Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi:
“Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur.
Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”.
“Azərbaycan Prezidenti cənab İlham Əliyev hər dəfə istənilən beynəlxalq tədbirdə çıxışları ilə gündəmə gəlir və hədəfə vuran mesajlar verir. Bişkek şəhərində “ŞƏT plyus” formatında görüşdə də bu qəbildən olan çıxış etdi. Həmin çıxışı qısa, lakonik, eyni zamanda geniş məzmunlu hesab edirəm.
Çünki növbəti dəfə BMT Təhlükəsizlik Şurası, ümumiyyətlə, BMT-nin işlək mexanizm olmaması ilə bağlı fikirləri gündəmə gətirmiş oldu və çox böyük həqiqətləri dedi”.
Bu fikirləri “Cebheinfo.az”-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib.
Millət vəkili bildirib ki, 1993-cü ildə Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunmuşdu, ancaq 30 il ərzində icra olunmadı:
“Səbəb odur ki, BMT-nin sözün həqiqi mənasında işlək mexanizmi yoxdur. Digər tərəfdən də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin maraqları üst-üstə düşdüyü üçün Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı konkret addımlar atmadılar.
Cənab Prezident xüsusi qeyd etdi ki, biz o qətnamələri öz gücümüzə icra etmiş olduq, ərazilərimizi, suverenliyimizi özümüz bərpa etdik.
Beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Azərbaycan əraziləri faktiki olaraq 30 il işğal altında idi və BMT heç bir tədbir görmürdü. Yalnız qətnamələr qəbul etməklə işini bitmiş hesab etmişdi.
Baxmayaraq ki, digər münaqişə bölgələrində BMT-nin sülhməramlı qüvvələr adı altında həmin ərazilərə daxil olması və prosesi istədiyi istiqamətə yönləndirməsi faktları mövcuddur. Ancaq Azərbaycanla bağlı bunu etmədilər.
ATƏT-in Minsk qrupu vasitəçi qismində bu prosesdə iştirak edirdi. ATƏT-in Minsk qrupunun üç həmsədri, digər dövlətlər BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əslində bununla bağlı da mesaj verildi. Bir müddət bundan əvvəl qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya beşdən böyükdür” fikrini gündəmə gətirmişdi.
Eyni zamanda, Azərbaycan Prezidenti də bir neçə dəfə məsələ ilə bağlı öz mövqeyini bildirib. Biz Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə bu qurumun ən azı bir nümayəndəsinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq təmsil olunması ilə bağlı Azərbaycan Prezidentinin təklifi var. Türk Dövlətləri Təşkilatının da bu qurumda daimi təmsilçiliyinin faydalı ola biləcəyi ilə bağlı fikirlər var”.
Millət vəkilinin sözlərinə görə, ümumilikdə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin, eləcə də bütövlükdə BMT mexanizminin yenilənməsinə ehtiyac var:
“Azərbaycan Prezidenti onun işlək icra mexanizmlərə malik olması ilə bağlı çox ciddi rekonstruksiyalara ehtiyac duylduğu ilə bağlı mesaj verdi.
Eyni zamanda, onu da qeyd etdi ki, biz öz gücümüzə torpaqlarımızı işğaldan azad etdik. Ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik və biz bu coğrafiyada reallıqları dəyişdik.
ŞƏT-də 10 ölkə təmsil olunur və Azərbaycan da “ŞƏT plyus” formatında görüşdə iştirak edib. Çox böyük bir coğrafiyanı əhatə edən beynəlxalq təşkilatın əslində Azərbaycanla əməkdaşlığa maraqlı görünməsində də bu fakt xüsusi vurğulanmalıdır ki, Azərbaycan Cənubi Qafqazdakı mövcud reallıqları dəyişdirib. Azərbaycanın yaratdığı bugünki reallıqlar ölkəmizi həmin təşkilatda təmsil olunan ölkələr üçün olduqca maraqlı edir.
Yeni kommunikasiya qovşaqları, bütövlükdə köhnə qovşaqlar da Şimal, Cənub, Orta Dəhliz, Azərbaycanın içərisində olduğu bir məkandan keçir. Bunun üçün həm Azərbaycanın yaratdığı reallıqlar, həm də infrastrukturu buna imkan verir. Ona görə də Azərbaycana maraq artıb.
Biz yalnız suverenliyimizi bərpa etmədik. Həm də coğrafiyada sülhə və sabitliyə yönəlik çox ciddi dəyişikliklərə nail olduq ki, artıq dünyanın aparıcı dövlətləri, Çin, ABŞ, Böyük Britaniya, Avropa ölkələri, eləcə də qardaş türk dövlətləri maraqlıdırlar ki, kommunikasiya qovşaqları işlək vəziyyətdə olsun, genişləndirilsin. Burada Azərbaycana çox böyük maraq və ehtiyac yaranıb. Bunu da biz öz gücümüzə reallaşdırmışıq. Azərbaycan Prezidenti öz çıxışında da bunu mesaj kimi verdi və çox böyük həqiqətləri demiş oldu”.