Deputat: “Hər il eyni mənzərə ilə qarşılaşmaq, “təbii fəlakət” kimi izah etmək problemi həll etməyəcək”
“Yağıntıların güclü olması, əlbəttə ki, müəyyən çətinliklər yarada bilər. Lakin hər dəfə qısa müddətli güclü yağışdan sonra eyni küçə və yolların su altında qalması, nəqliyyatın iflic olması artıq məsələyə yalnız təbii fəlakət prizmasından yanaşmağın doğru olmadığını göstərir. Əgər eyni problem hər il, hətta hər güclü yağış zamanı təkrarlanırsa, burada şəhər infrastrukturunun, xüsusilə yağış sularının idarə olunması və drenaj sisteminin vəziyyətini ciddi şəkildə təhlil etmək lazımdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə deyib.
Deputatın sözlərinə görə, problemin həlli üçün ilk növbədə şəhərin yağış sularının idarə olunması ilə bağlı mövcud infrastrukturun tam auditi aparılmalıdır: “Hansı ərazilərdə kollektor və drenaj xətlərinin yetərsiz olduğu, harada sistemlərin tutulduğu və ya ümumiyyətlə mövcud olmadığı müəyyənləşdirilməlidir. Eyni zamanda, yolların tikintisi və təmiri zamanı yağış sularının axıdılması məsələsinə daha ciddi yanaşılmalı, görülən işlər yalnız asfalt örtüyünün yenilənməsi ilə məhdudlaşmamalıdır. Əsas məsələ ondan ibarətdir ki, hər güclü yağışdan sonra fəsadları aradan qaldırmaqla kifayətlənmək olmaz. Artıq preventiv tədbirlərə keçməyin, uzunmüddətli və sistemli həllər tətbiq etməyin vaxtıdır. Bunun üçün aidiyyəti qurumlar konkret ərazilər üzrə fəaliyyət planı hazırlamalı, görülən işlərin nəticəsinə görə məsuliyyət daşımalı və cəmiyyətə mütəmadi hesabat verməlidirlər. Əks halda, hər il eyni mənzərə ilə qarşılaşmaq və problemi yenidən “təbii fəlakət” kimi izah etmək problemin özünü həll etməyəcək”.