Deputat: “Bakı İqlim Fəaliyyəti Həftəsi” real ekoloji layihələrə yol açmalıdır
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın keçirilməsi Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə və ekoloji dayanıqlılıq istiqamətində apardığı siyasətin davamlılığını göstərən mühüm təşəbbüsdür. Belə tədbirlərin əsas əhəmiyyəti yalnız müzakirələrin aparılması ilə məhdudlaşmamalı, burada səsləndirilən təkliflərin konkret layihələrə və praktiki addımlara çevrilməsi ilə ölçülməlidir. COP29-dan sonra Azərbaycanın iqlim gündəliyində fəal mövqeyini qoruması baxımından Bakı İqlim Fəaliyyəti Həftəsi beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün də əhəmiyyətli platformadır”.
Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib.
O deyib ki, şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin qorunması və artırılması, tullantıların idarə olunmasının təkmilləşdirilməsi kimi məsələlər birbaşa insanların gündəlik həyatına təsir edir:
“Bu baxımdan Bakı və digər şəhərlərdə ekoloji monitorinqin gücləndirilməsi, ictimai nəqliyyatın daha da inkişaf etdirilməsi, yaşıllıqların qorunmasına nəzarətin artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi real nəticələr verə bilər. İqlim dəyişmələrinin yaratdığı istilik, su qıtlığı və digər risklərə qarşı şəhərlərin dayanıqlılığının artırılması da xüsusi diqqət tələb edir. Bu həftə çərçivəsində əldə olunacaq ən mühüm nəticələrdən biri dövlət qurumları, özəl sektor, elm ictimaiyyəti və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın daha da gücləndirilməsi olmalıdır. İqlim dəyişmələri uzunmüddətli və qlobal problemdir və onun təsirlərinin azaldılması yalnız kompleks və ardıcıl tədbirlər hesabına mümkündür. Azərbaycan üçün əsas məqsəd qəbul edilən iqlim öhdəliklərini real layihələrlə dəstəkləmək, şəhərlərin ekoloji dayanıqlılığını artırmaq və gələcək nəsillər üçün daha sağlam və təhlükəsiz ətraf mühit formalaşdırmaqdır”.