Deputat: “Hər bir insanın törətdiyi əmələ görə fərdi məsuliyyət daşıması fundamental hüquqi prinsipdir”
“Azərbaycandan kənarda yaşayan bəzi şəxslərin ölkədə qalan qohumlarına guya siyasi fəaliyyətləri ilə əlaqədar təzyiqlər göstərilməsi barədə səsləndirdikləri iddialar konkret faktlarla əsaslandırılmalıdır. Hazırda bu istiqamətdə ortaya qoyulmuş konkret bir fakt görmürük”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.
Deputat bildirib ki, Azərbaycan hüquqi dövlətdir və dövlət qurumları kiminsə subyektiv mülahizələri və ya siyasi mövqeyinə əsaslanaraq qərar qəbul etmir: “Əgər hər hansı şəxs özünün və ya yaxınlarının hüquqlarının pozulduğunu düşünürsə, bununla bağlı aidiyyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Digər tərəfdən, hər bir insanın törətdiyi əmələ görə fərdi məsuliyyət daşıması fundamental hüquqi prinsipdir. Xaricdə yaşayan hansısa şəxsin siyasi və ya ictimai fəaliyyəti ilə onun Azərbaycanda yaşayan qohumunun konkret cinayət işi çərçivəsində məsuliyyətə cəlb olunması arasında avtomatik əlaqə yaratmaq düzgün yanaşma deyil. Konkret şəxsin adı hər hansı cinayət işində hallanırsa, bu məsələyə onun qohumluq əlaqələrindən asılı olmayaraq, yalnız hüquqi müstəvidə qiymət verilməlidir. Buna görə də konkret cinayət əməli törətməkdə şübhəli bilinən və ya bu əmələ görə məsuliyyət daşıyan şəxsi yalnız kiminsə qohumu olması üzərindən təqdim etmək də doğru deyil. Hüquqi dövlətin əsas prinsiplərindən biri məhz fərdi məsuliyyət prinsipidir. Bu səbəbdən belə ciddi ittihamlar səsləndirilərkən emosional yanaşmadan deyil, konkret fakt və hüquqi əsaslardan çıxış etmək lazımdır”.