NIPA-30

Hakan Fidanın Bakı səfəri: “Azərbaycan və Türkiyə regional proseslərdə əsas tərəfdaş olaraq qalır”

“Türkiyənin xarici işlər naziri Hakan Fidanın sentyabrın 15–16-da Azərbaycana səfəri, ilk növbədə, iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin yeni mərhələdə daha da dərinləşdirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan və Türkiyə arasında münasibətlər artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, regional təhlükəsizlik, enerji, nəqliyyat və geosiyasi proseslər baxımından da mühüm xarakter daşıyır. Səfər zamanı enerji əməkdaşlığı, yeni nəqliyyat və logistika imkanları, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətin əlaqələndirilməsi kimi məsələlərin müzakirə olunması bunu bir daha göstərir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb.

O deyib ki, Hakan Fidanın məhz indiki mərhələdə Bakıya səfərinin digər mühüm tərəfi regionda gedən proseslərlə bağlı Azərbaycan və Türkiyənin mövqelərinin uzlaşdırılmasıdır. Cənubi Qafqazda sülh və normallaşma gündəliyi, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi və regional təhlükəsizlik məsələləri Ankara ilə Bakının daim koordinasiyada olmasını zəruri edir:

“Bu baxımdan səfər həm də Azərbaycan-Türkiyə müttəfiqliyinin regional sabitlik və əməkdaşlıq məsələlərində qarşılıqlı fəaliyyət mexanizmlərinin gücləndirilməsinə xidmət edən diplomatik təmas kimi qiymətləndirilə bilər”.

Deputatın fikrincə, burada verilən əsas mesajlardan biri də Azərbaycan və Türkiyənin dəyişən regional və qlobal reallıqlar fonunda bir-birinin əsas tərəfdaşı olaraq qalmasıdır. İki ölkənin Avropa ilə Asiya arasında mühüm logistika və enerji bağlantılarında rolunun artması onların əməkdaşlığını yalnız siyasi deyil, həm də iqtisadi və strateji müstəvidə əhəmiyyətli edir.

“Bu səfər “bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlərin praktik məzmununun daha da genişləndirilməsi və regional proseslər üzrə vahid yanaşmaların gücləndirilməsi baxımından mühüm diplomatik təmasdır”, – deyə o vurğulayıb.