NIPA-30

Böyük dəyişiklik, yoxsa konkret təklif? – Avropa və Azərbaycan müxalifətinin qanunvericilik fərqi

Avropa ölkələrinin aparıcı müxalifət partiyaları ilə Azərbaycan Milli Məclisində təmsil olunan müxalifət siyasi qüvvələrin qanunvericilik təşəbbüslərinin müqayisəsi siyasi sistemlərin fərqli inkişaf mərhələlərini, institutların yetkinlik səviyyəsini və müxalifətin real təsir imkanlarını aydın şəkildə üzə çıxarır. Polşada Hüquq və Ədalət Partiyası (PiS), İspaniyada Xalq Partiyası (PP), Fransada Milli Birlik (Rassemblement National), Almaniyada Alternativ partiya (AfD) və Böyük Britaniyada Reform UK kimi qüvvələr müxalifətdə olsalar da, genişmiqyaslı, sistemli və ideoloji cəhətdən aydın formalaşmış qanunvericilik proqramları ilə çıxış edirlər. Onların təklifləri adətən konstitusiya islahatları, miqrasiya və sərhəd siyasətinin köklü dəyişdirilməsi, vergi sisteminin yenidən qurulması, sosial proqramların qorunması və ya ləğvi, enerji siyasəti, milli kimlik və suverenlik məsələlərini əhatə edir. Həmçinin dövlətin xarici siyasəti ilə bağlı da müəyyən təkliflər irəli sürüb, aktlarla çıxış edirlər. Bu partiyalar ya yaxın keçmişdə hakimiyyətdə olmuş, ya da hakimiyyətə yenidən gəlmək üçün real potensiala malik olduqlarından, təkliflərini gələcək hökumət proqramının əsası kimi təqdim edirlər.

Azərbaycanda Milli Məclisdə təmsil olunan müxalifət partiyaları — Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Respublikaçı Alternativ (REAL), Milli Cəbhə Partiyası (MCP) və Böyük Quruluş Partiyası (BQP) — praktik və konkret problemlərə yönəlmiş təşəbbüslərlə çıxış edirlər. Onların diqqət mərkəzində olan əsas məsələ bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, sənədsiz evlərin sənədləşdirilməsi, yaşayış yeri qeydiyyatı prosedurlarının sadələşdirilməsi, sosial yardımın əlçatanlığının artırılması, regionlarda kadr çatışmazlığının həlli, reklam və sosial yardım qanunvericiliyinə dəqiq dəyişikliklər kimi məsələlər dayanır. Bu təkliflər çox vaxt formal qanun layihəsi formasında deyil, komitə iclaslarında səsləndirilən, daha sonra plenar müzakirələrə çıxarılan konstruktiv təkliflər şəklində ortaya çıxır.

Beləliklə, Avropa müxalifət partiyalarının qanunvericilik fəaliyyəti daha çox ideoloji qarşıdurma, sistem dəyişikliyi və hakimiyyət uğrunda mübarizə, Azərbaycan müxalifətinin parlament təşəbbüsləri isə mövcud sistem daxilində vətəndaşların gündəlik problemlərinin həllinə, idarəetmənin səmərəliliyinin artırılmasına və sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə yönəlmiş daha utilitar və inkremental xarakter daşıyır. Bu fərq həm siyasi sistemlərin struktur xüsusiyyətlərindən, həm də müxalifətin real təsir imkanlarından irəli gəlir. Hökümət fərqi və qanunvericilikdən asılı olmayaraq təklif edilən qanunvericilik təşəbbüslərinin insanların sosial problemlərini nə qədər əhatə etdiyi, dövlətin atdığı addımlara, məmurlara nəzarət mexanizminin hansı formada olması vacib nüansdır. 

 Polşanın əsas müxalifət partiyası Prawo (Hüquq və Ədalət Partiyası) partiyası:

Polşanın əsas mühafizəkar müxalifət partiyası olan Hüquq və Ədalət Partiyası (Prawo i Sprawiedliwość – PiS) qanunvericilik təşəbbüslərini milli suverenlik, mühafizəkar sosial dəyərlər, dövlət yönümlü sosial-iqtisadi siyasət və məhkəmə sisteminin islahatı üzərində qurur. 2023-cü ilin sonlarında parlament çoxluğunu itirdikdən sonra partiyanın diqqəti böyük struktur qanunlarını həyata keçirməkdən daha çox müxalifət alternativlərinin irəli sürülməsinə, hazırkı koalisiyanın PiS hakimiyyəti dövründə qəbul edilmiş siyasətləri dəyişdirməsinə qarşı çıxmağa və qarşıdakı seçkilərə hazırlığa yönəlib.

Məhkəmə və konstitusiya idarəçiliyi ilə bağlı:

Əvvəlki islahatların müdafiəsi: PiS 2015-2023-cü illərdə hakimiyyətdə olduğu müddətdə Milli Məhkəmə Şurası (KRS), Ali Məhkəmə və Konstitusiya Tribunalında genişmiqyaslı dəyişikliklər həyata keçirib. Hazırda partiyanın qanunvericilik mövqeyi bu təyinatların geri qaytarılmasına və ya “neo-hakimlər” adlandırılan hakimlərin yenidən yoxlanılmasına yönəlmiş hökumət təşəbbüslərinin qarşısını almağa və onlara hüquqi müstəvidə etiraz etməyə əsaslanır. Partiya hakimiyyəti dövründə yaratdığı və ya səlahiyyətlərini genişləndirdiyi mərkəzləşdirilmiş dövlət qurumlarının saxlanmasını müdafiə edir. Məsələn, PiS hazırkı hökumətin Mərkəzi Korrupsiyaya Qarşı Mübarizə Bürosunu (CBA) ləğv etmək istiqamətindəki qanunvericilik təşəbbüslərinə kəskin qarşı çıxır.

İqtisadi siyasət və sosial təminatla bağlı:

Ailə yönümlü sosial proqramların qorunması: Partiyanın əsas prioritetlərindən biri “Rodzina 800+” uşaq müavinətləri proqramının və əlavə illik pensiya ödənişlərinin — “13-cü və 14-cü pensiyalar”ın qorunmasıdır. PiS parlamentdə bu sosial ödənişlərin qanunvericiliklə təminat altına alınmasına və inflyasiyaya uyğun indeksləşdirilməsinə yönəlmiş təşəbbüslər irəli sürür. Strateji infrastruktur layihələrinin qorunması ilə bağlı PiS öz hakimiyyəti dövründə başladılan və dövlət tərəfindən maliyyələşdirilən iri infrastruktur layihələrinin davam etdirilməsini tələb edir. Bunların ən mühümlərindən biri Mərkəzi Kommunikasiya Limanı (CPK) layihəsidir.

Müdafiə və təhlükəsizliklə bağlı qərarlar:

Partiya müdafiə xərclərinin və hərbi xidmətə qəbul göstəricilərinin artırılmasını dəstəkləyir. PiS həmçinin “Vətənin Müdafiəsi haqqında” qanunda nəzərdə tutulan hədəflərin sürətləndirilməsi üçün dəyişikliklər təklif edir və ölkənin müdafiə imkanlarının gücləndirilməsi məqsədilə genişmiqyaslı hərbi satınalma müqavilələrini dəstəkləyir.

 PiS sərhəd nəzarətinin daha da sərtləşdirilməsini, qanunsuz sərhəd keçidlərinə görə cəzaların artırılmasını və Polşanın şərq sərhədində fiziki təhlükəsizlik tədbirlərinin gücləndirilməsini müdafiə edir.

 Partido Popular (İspaniya Xalq Partiyasının) qanunvericilik təşəbbüsləri və təklifləri:

Alberto Núñez Feijóo-nun rəhbərlik etdiyi və İspaniya Deputatlar Konqresində əsas müxalif qüvvə olan sağ-mərkəzçi Xalq Partiyası (Partido Popular – PP) qanunvericilik təşəbbüslərində və parlament təkliflərində iqtisadi yükün azaldılması, təhlükəsizlik və miqrasiya siyasətinin sərtləşdirilməsi, hakim koalisiyanın ərazi məsələləri üzrə güzəştlərinə qarşı çıxılması və institusional islahatların həyata keçirilməsinə fokuslanır. PP müxalifətdə olduğu üçün təkliflərini əsasən qanun layihələri (Proposiciones de Ley) və ya qanunvericilik xarakteri daşımayan siyasi təkliflər (Proposiciones No de Ley) formasında təqdim edir.

 Vergi və iqtisadi yükün azaldılması:

 PP İspaniyada ailələrin üzləşdiyi maliyyə təzyiqləri və orta təbəqənin alıcılıq qabiliyyətinin azalmasına qarşı genişmiqyaslı vergi islahatları paketi təklif edib.

Gəlir vergisinin azaldılması: Partiya inflyasiyanın təsirlərini kompensasiya etmək məqsədilə fərdi gəlir vergisi sistemində dəyişiklikləri nəzərdə tutan 3,2 milyard avroluq vergi güzəşti paketini qanunvericilik xarakteri daşımayan təklif formasında təqdim edib.

Kiçik və orta biznesə dəstək: İlk dəfə əmək bazarına daxil olan şəxslərin ilk iş ilində, həmçinin pensiya yaşından sonra işləməyə davam edən şəxslərin gəlir vergisindən azad edilməsi və əldə etdiyi mənfəəti yenidən investisiya edən kiçik və orta müəssisələr üçün korporativ verginin 10 faiz azaldılması təklif olunur.

Enerji və sənaye üçün güzəştlər: İstehsal sektoruna dəstək vermək və ailələrin kommunal xərclərini azaltmaq məqsədilə elektrik enerjisi və digər enerji məhsullarına tətbiq olunan vergilərin aşağı salınması təklif edilir.

Mənzil islahatı və qanunsuz məskunlaşmaya qarşı tədbirlər:

PP hakim koalisiyanın Mənzil Qanununa qarşı çıxaraq mənzil təklifinin artırılmasına, ev almaq üçün maneələrin azaldılmasına və xüsusi mülkiyyət hüquqlarının gücləndirilməsinə yönəlmiş təşəbbüslər irəli sürür.

Mənzil Qanununun ləğvi: Partiya kirayə haqlarına tətbiq edilən məhdudiyyətlərin mənzil bazarında təklifi azaltdığını əsas gətirərək hökumətin mənzil qanununun ləğvini tələb edir.

Qanunsuz məskunlaşmaya qarşı tədbirlər: Əsas prioritetlərdən biri qanunsuz şəkildə mənzilləri zəbt edən şəxslərin (“okupas”) 24-48 saat ərzində evdən çıxarılmasına imkan verən qanunların qəbul edilməsidir.

Gənclər üçün vergi və kredit dəstəyi: İlk yaşayış evini alan şəxslər üçün yeni tikililərə tətbiq olunan ƏDV-nin 10 faizdən 4 faizə endirilməsi və gənc alıcılar üçün dövlət zəmanətli ipoteka imkanlarının 40 ilədək uzadılması təklif olunur.

Torpaq qanunvericiliyinin liberallaşdırılması: Əlçatan mənzillərin tikintisini sürətləndirmək məqsədilə İspaniyanın Torpaq Qanununun dəyişdirilməsi və şəhərsalma proseslərində bürokratik maneələrin azaldılması təklif edilir.

 Sərt miqrasiya və sərhəd təhlükəsizliyi siyasəti:

Kanar adaları, Seuta və Melilya kimi bölgələrdə davam edən miqrasiya təzyiqi fonunda PP daha sərt və təhlükəsizlik yönümlü miqrasiya siyasətini müdafiə edir.

 Kütləvi leqallaşdırmanın məhdudlaşdırılması: PP sənədsiz miqrantların kütləvi şəkildə leqallaşdırılmasının qarşısını almaq üçün qanunvericiliyə dəyişikliklər təklif edib. Bu çərçivədə müraciət edən şəxslərin mənşə ölkəsindən cinayət keçmişinin olmadığını təsdiqləyən rəsmi arayış təqdim etməsi tələb olunur.

“Geri qaytarma mərkəzləri”: Avropa Xalq Partiyası ilə eyni mövqedən çıxış edən PP miqrasiya proseslərinin idarə edilməsinin Avropa İttifaqından kənarda yaradılacaq “geri qaytarma mərkəzlərinə” ötürülməsi təşəbbüslərini dəstəkləyir.

 Deportasiyaların icrası: Partiya qeyri-qanuni miqrantlarla bağlı qüvvədə olan geri qaytarılma qərarlarının daha sərt və effektiv şəkildə icra edilməsini tələb edən parlament təşəbbüsləri irəli sürüb.

 İnstitusional bütövlük və hökumətə qarşı nəzarət

PP parlament platformasından istifadə edərək hökumətin regional separatçı qüvvələrlə bağladığı siyasi razılaşmalara qarşı çıxır və korrupsiya iddialarını gündəmə gətirir.

Növbədənkənar seçkilərlə bağlı təkliflər: Hökumətə yaxın şəxslərlə bağlı davam edən məhkəmə araşdırmalarını əsas gətirən PP baş nazirin parlamenti buraxaraq növbədənkənar seçkilər keçirməsini və ya etimad səsverməsi ilə üzləşməsini tələb edən qanunvericilik xarakteri daşımayan təklif təqdim edib.

Məhkəmə sisteminin müstəqilliyinin qorunması: Partiya hökumət strukturları ilə məhkəmə sistemi və institusional nəzarət orqanları arasında “fırlanan qapılar” — yəni vəzifəli şəxslərin bir qurumdan digərinə keçidi — kimi qiymətləndirilən halların qarşısını almaq üçün daha sərt qaydaların tətbiqini təklif edir.

Ərazi bütövlüyü: PP regional hakimiyyətlərə səlahiyyətlərin ötürülməsinin məhdudlaşdırılmasını, milli suverenliyin qorunmasını və amnistiya təşəbbüslərinin əhatə dairəsinə nəzarətin gücləndirilməsini müdafiə edir.

Ressemblement national (Milli Birlik) Partiyasının qanunvericilik təşəbbüsləri və təkliflər:

Fransanın Milli Birlik (Rassemblement National – RN) partiyasının qanunvericilik təşəbbüsləri əsasən millətçi, proteksionist və sosial populist gündəliyə əsaslanır. Son illərdə Fransa Milli Assambleyasındakı qanunvericilik fəaliyyəti çərçivəsində partiya institusional islahatlara, miqrasiyanın ciddi şəkildə məhdudlaşdırılmasına, əhalinin alıcılıq qabiliyyətinin qorunmasına və biznes üçün vergi güzəştlərinə üstünlük verib.

Miqrasiya və milli kimlik:

Miqrasiya RN-nin siyasi platformasının əsas istiqamətini təşkil edir. Bu siyasətə Marine Le Pen və partiyanın lideri Jordan Bardella rəhbərlik edir.

 Milli üstünlük: Sosial mənzillərin, sosial müavinətlərin və iş imkanlarının ilk növbədə Fransa vətəndaşlarına təqdim edilməsini nəzərdə tutan qanunların qəbul edilməsi təklif olunur.

Doğum hüququ əsasında vətəndaşlığın ləğvi: “Droit du sol” prinsipinin aradan qaldırılması və bununla da Fransada xarici vətəndaşların övladlarına avtomatik şəkildə Fransa vətəndaşlığının verilməsinin dayandırılması təklif edilir.

Qanunsuz yaşayış və deportasiyalar: RN sənədsiz miqrantlar üçün “qanunsuz yaşayış” cinayətinin yenidən tətbiq edilməsini nəzərdə tutan qanun layihələri təqdim edir. Partiya həmçinin miqrasiya axınlarını məhdudlaşdırmaq məqsədilə 1968-ci il Fransa-Əlcəzair sazişi kimi əvvəlki müqavilələrə yenidən baxılmasını tələb edən məcburi hüquqi qüvvəyə malik olmayan qətnamələr qəbul etdirib.

İslam örtüyünə ictimai yerlərdə qadağa: İctimai məkanlarda islam baş örtüyünün taxılmasına ciddi məhdudiyyətlərin qoyulması, hətta bunun cinayət hesab edilməsi təklif olunur.

 İqtisadiyyat və dövlət maliyyəsi:

RN-nin iqtisadi siyasəti əhali üçün sosial populist tədbirlərlə biznes sektoruna yönəlmiş maliyyə və vergi güzəştlərinin birləşməsinə əsaslanır.

Alternativ büdcə təklifləri: Partiya “alternativ büdcə” layihəsi təqdim edərək dövlət xərclərinə nəzarətin gücləndirilməsini, yeni vergi artımlarına qarşı çıxmağı və Fransanın Avropa İttifaqının büdcəsinə ödədiyi vəsaitin azaldılmasını təklif edib.

ƏDV-nin azaldılması: Enerji məhsulları — yanacaq, qaz və elektrik enerjisi — həmçinin əsas istehlak malları üzrə ƏDV-nin 20 faizdən 5,5 faizə endirilməsi təklif olunur. Məqsəd yaşayış xərclərinin artmasının təsirlərini azaltmaqdır.

Gənclər üçün vergi güzəşti: 30 yaşadək çalışanların gəlir vergisindən tamamilə azad edilməsi və bununla da gənc mütəxəssislərin ölkədən getməsinin qarşısının alınması təklif edilir.

“İqtisadi vətənpərvərlik”: İş yerlərini xaricə köçürməyən, xarici müqaviləli işçilərdən istifadə etməyən və istehsalını başqa ölkələrə daşımayan Fransa şirkətlərinə maliyyə stimulları və vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

İnstitusional islahatlar və suverenlik:

RN Fransanın Avropa İttifaqı ilə münasibətlərinin əhəmiyyətli dərəcədə dəyişdirilməsini və ölkə daxilində demokratik proseslərə yenidən baxılmasını istəyir.

Aİ strategiyasının dəyişdirilməsi: RN artıq birbaşa “Frexit” — Fransanın Avropa İttifaqından çıxması — tələbini ön plana çıxarmır. Bunun əvəzinə Aİ daxilində institusional dəyişikliklər və maneəçilik strategiyasını müdafiə edir. Partiya Avropa Komissiyasının yerinə tamamilə üzv dövlətlərin nəzarətində olan, Aİ Şurasına əsaslanan strukturun yaradılmasını və Aİ sərhədlərində ekoloji gömrük baryerlərinin tətbiqini təklif edir.

Məcburi referendumlar: RN vətəndaşların konstitusiya məsələləri üzrə təşəbbüsü ilə keçirilən referendumlara qarşı çıxsa da, Aİ müqavilələri və miqrasiya qanunları kimi mühüm məsələlər üzrə məcburi ümumxalq referendumlarının keçirilməsini fəal şəkildə dəstəkləyir.

Enerji və pensiya islahatları

Pensiya islahatının ləğvi: RN tarixən Emmanuel Makronun 2023-cü ildə pensiya yaşını 64-ə qaldıran islahatının ləğvini müdafiə edib. Lakin Jordan Bardella dövründə partiyanın mövqeyi daha praqmatik xarakter alıb və pensiya yaşının geri qaytarılmasını dövlət maliyyəsinin auditinin nəticələri ilə əlaqələndirir.

Nüvə enerjisinin inkişafı: RN fasiləli enerji mənbələrinə, xüsusilə külək enerjisinə yeni investisiyaların yatırılmasına qarşı çıxır. Bunun əvəzinə Fransanın enerji təhlükəsizliyini təmin etmək üçün ənənəvi nüvə enerjisi infrastrukturuna genişmiqyaslı dövlət investisiyalarının və qanunvericilik dəstəyinin artırılmasını təklif edir.

 Almaniyanın AfD partiyasının qanunvericilik və idarəetmə təşəbbüsləri:

Almaniyanın Alternativ Partiyası (AfD) “Almaniya üçün Manifest”ində və son dövrlərdə, xüsusilə Saksoniya-Anhalt əyaləti üçün hazırladığı proqramlarda radikal sağ siyasət və idarəetmə gündəliyi irəli sürür.

 Miqrasiya və sığınacaq:

Kütləvi deportasiyalar: Partiya “ilk dəqiqədən deportasiya” prinsipini müdafiə edir. Bunun üçün saxlanma imkanlarının genişləndirilməsi və aktiv yaşayış icazəsi olmayan şəxslərin sistemli şəkildə ölkədən çıxarılması təklif olunur.

Konstitusiyaya dəyişiklik: AfD Almaniyada sığınacaq axtarmaq üçün fundamental hüququn ləğv edilməsini, inteqrasiya və demokratiya layihələrinə dövlət maliyyələşməsinin dayandırılmasını istəyir.

Sığınacaq siyasətinin sərtləşdirilməsi: Sığınacaq axtaran şəxslər üçün bütün bələdiyyələrdə məcburi əmək tələbinin tətbiqi, həmçinin müharibə davam etdiyi müddətdə Ukraynalılara verilən müharibə qaçqını statusunun aradan qaldırılması təklif edilir.

Təhsil və sosial siyasət:

Siniflərin ayrılması: Qaçqın və miqrant uşaqların digər şagirdlərdən ayrı siniflərdə təhsil alması təklif olunur. Məqsəd digər şagirdlərin xarici mədəni təsirlərdən qorunması kimi təqdim edilir.

Təhsil proqramının dəyişdirilməsi: Nasist dövrünün tədrisinə ayrılan diqqətin azaldılması, bunun əvəzinə Bismark dövrü və Kayzer Almaniyası kimi ənənəvi milli tarix mövzularının önə çıxarılması təklif edilir. Həmçinin irqçiliklə mübarizə proqramlarının və əlilliyi olan uşaqlar üçün inklüziv təhsil modellərinin ləğvi nəzərdə tutulur.

 Ailə və mədəniyyət siyasəti: Alman mənşəli ənənəvi ailələrə — ana, ata və uşaqlardan ibarət ailələrə — vergi güzəştlərinin tətbiqi təklif olunur. Məktəblərdə göy qurşağı və “Pride” bayraqlarının qadağan edilməsi, həmçinin minarələrə və azan səsləndirilməsinə məhdudiyyətlərin qoyulması kimi təkliflər irəli sürülür.

Media və idarəetmə:

İctimai yayım sisteminin ləğvi: AfD media üzrə dövlət müqaviləsinin — Medienstaatsvertrag — ləğv edilməsini, bununla da məcburi yayım haqlarının və dövlət tərəfindən ictimai televiziya və radiolara maliyyələşmənin dayandırılmasını planlaşdırır.

Təhlükəsizlik və könüllü qüvvələr: Yerli polisə tabe olan könüllü bələdiyyə yardımçı qüvvələrinin və ya milislərin yaradılması və onların yaşayış məntəqələrində patrul xidmətinə cəlb edilməsi təklif edilir. Bundan əlavə, cinayət məsuliyyəti yaşının 12-yə endirilməsi nəzərdə tutulur.

Xarici siyasət və Avropa İttifaqı: Partiya avrozonadan nizamlı şəkildə çıxmağı, Rusiyaya qarşı enerji sanksiyalarının aradan qaldırılmasını və mərkəzləşdirilmiş Avropa İttifaqı modelinin rədd edilməsini tələb edir.

 Böyük Britaniya (Reform UK) partiyasının qanunvericilik təşəbbüsləri və təklifləri:

 Miqrasiya və sərhəd nəzarəti:

Miqrasiya Reform UK partiyasının qanunvericilik gündəliyinin əsas istiqamətini təşkil edir. Partiya Böyük Britaniyanın sərhəd siyasətində əsaslı dəyişikliklər təklif edir.

Avropa İnsan Hüquqları Konvensiyasından (AİHK) çıxmaq və İnsan Hüquqları Aktını ləğv etmək: Partiya AİHK-dan çıxmağı və İnsan Hüquqları Aktını tamamilə ləğv etməyi təklif edir. Bu addımın beynəlxalq məhkəmələrin müdaxiləsi olmadan deportasiyaların həyata keçirilməsinə imkan verəcəyi bildirilir.

Müddətsiz Yaşamaq İcazəsinin (ILR) ləğvi: Reform UK ILR statusunun tamamilə aradan qaldırılmasını və onun 5 il müddətinə verilən, yenilənə bilən iş vizası sistemi ilə əvəzlənməsini təklif edir.

“İşəgötürənlər üçün miqrasiya vergisi”: Miqrant işçilər üçün Milli Sığorta ödənişlərinin 20 faizə qaldırılması təklif olunur. Məqsəd şirkətləri Britaniya vətəndaşı olmayan şəxsləri işə götürməkdən maliyyə baxımından çəkindirməkdir.

Deportasiya və sərhəd tədbirləri: Partiya xüsusi “Böyük Britaniya Deportasiya Komandanlığı”nın yaradılması, La-Manş boğazından keçən miqrantların qarşısının alınması və geri qaytarılması üçün silahlı qüvvələrə səlahiyyət verilməsi, həmçinin qanuni miqrantlar üçün minimum illik 60 min funt sterlinq maaş həddinin müəyyənləşdirilməsini təklif edir.

İqtisadiyyat, vergilər və dövlət xərclərinin azaldılması:

Reform UK-nin iqtisadi siyasəti genişmiqyaslı deregulyasiya və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.

Dövlət xərclərinin azaldılması: Partiya dövlət xərclərinin 80 milyard funt sterlinq azaldılmasını hədəfləyir. Buraya sosial təminat büdcəsinin 50 milyard funt sterlinq, dövlət qulluğu xərclərinin 8 milyard funt sterlinq azaldılması və xarici yardımların 1 milyard funt sterlinqlə məhdudlaşdırılması daxildir.

“Net Zero” siyasətindən imtina: Partiya Böyük Britaniyanın 2050-ci ilədək xalis sıfır emissiya hədəflərinin qanunvericiliklə ləğv edilməsini istəyir. Bərpa olunan enerji subsidiyalarının dayandırılması ilə ildə 30 milyard funt sterlinqin iqtisadiyyata qaytarılacağını iddia edir.

Vergi sisteminin sadələşdirilməsi: Partiyanın rəhbərliyi əsas vergi dəyişikliklərindən əvvəl dövlət xərclərinin azaldılmasının qanunvericiliklə təmin edilməsini tələb edən mövqe ortaya qoyub. Uzunmüddətli təkliflər arasında gəlir vergisindən azadolma həddinin 20 min funt sterlinqə, ƏDV üzrə qeydiyyat həddinin 150 min funt sterlinqə qaldırılması və korporativ verginin 15 faizə endirilməsi yer alır.

Səhiyyə və ictimai xidmətlər:

Reform UK səhiyyənin özəlləşdirilməsini dəstəkləmədiyini bildirir, lakin Milli Səhiyyə Xidmətində (NHS) genişmiqyaslı struktur və əməliyyat dəyişiklikləri təklif edir.

NHS maliyyələşməsinin artırılması: NHS-ə hər il əlavə 17 milyard funt sterlinq ayrılması və özəl sektorun imkanlarından daha geniş istifadə etməklə iki il ərzində əsas səhiyyə xidmətlərində gözləmə siyahılarının aradan qaldırılması planlaşdırılır.

 Tibb işçiləri üçün vergi güzəştləri: NHS və sosial xidmətlərin ön cəbhəsində çalışan əməkdaşlar üçün üç il müddətinə gəlir vergisindən azadolma təklif olunur. Məqsəd işçi çatışmazlığının aradan qaldırılması və yeni əməkdaşların cəlb edilməsidir.

Sosial xidmətlər üzrə Kral Komissiyası: Sosial xidmətlərin vahid və ölkə üzrə koordinasiya edilmiş maliyyələşdirmə sistemində birləşdirilməsi məqsədilə Kral Araşdırma Komissiyasının yaradılması təklif edilir.

Konstitusiya islahatları, ədliyyə və hüquq sistemi:

Partiya Britaniyanın idarəçilik mexanizmləri və hüquq sisteminin əsas elementlərinə də dəyişikliklər təklif edir.

2010-cu il Bərabərlik Aktının ləğvi: Partiya bu qanunun dəyişdirilməsini və “müsbət ayrı-seçkilik” siyasətlərinin açıq şəkildə qadağan edilməsini istəyir. Həmçinin dövlət qurumlarında müxtəliflik, bərabərlik və inklüzivlik (DE&I) üzrə vəzifə və qaydaların tamamilə qadağan olunması təklif edilir.

Söz azadlığı haqqında genişmiqyaslı qanun: Dövlət qurumları, universitetlər və polis strukturlarında partiyanın “solyönlü qərəz” və “ləğvetmə mədəniyyəti” kimi qiymətləndirdiyi hallara qarşı qanunvericilik hazırlanması nəzərdə tutulur.

Silahlı Qüvvələr üzrə Ədalət Aktı: Aktiv xidmətdə olan hərbçiləri mülki qanunvericilik və beynəlxalq insan hüquqları üzrə hüquqşünaslar tərəfindən təqibdən qoruyacaq hüquqi mexanizmlərin yaradılması təklif olunur.

 Cəzaların sərtləşdirilməsi: “Sıfır tolerantlıq” prinsipi əsasında polis siyasətinin tətbiqi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə avtomatik ömürlük həbs cəzalarının tətbiqi təklif edilir.

Təhsil və yerli idarəetmə təşəbbüsləri:

Məktəb kurikulumunun dəyişdirilməsi: Böyük Britaniya məktəblərində “transgender ideologiyası”, genderlə bağlı sorğulama və sosial keçid proseslərinin qadağan olunması təklif edilir. Həmçinin “vətənpərvər kurikulum”un tətbiqi və Qərbin imperializmi və ya köləlik tarixi ilə bağlı dərslərin Avropadan kənar analoji tarixi hadisələrlə birlikdə tədris edilməsi nəzərdə tutulur.

Özəl təhsilə güzəştlər: Özəl məktəblərin təhsil haqlarına 20 faizlik vergi güzəşti tətbiq edilməsi və özəl təhsildən ƏDV-nin götürülməsi təklif olunur.

Yerli idarəetmədə “DOGE” auditləri: Reform UK yerli seçkilərdə əldə etdiyi uğurlardan sonra ABŞ-dakı Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) bənzər mexanizmlərin yerli səviyyədə yaradılmasını müdafiə edib. Bu təşəbbüslər çərçivəsində evdən işləmə imkanlarının məhdudlaşdırılması, sığınacaq axtaran şəxslərin yerli ərazilərdə yerləşdirilməsinin qarşısının alınması və regional “Net Zero” layihələrinin dayandırılması kimi tədbirlər təklif olunur.

Azərbaycan Respublikası Milli Məclisdə təmsil olunan  müxalifət partiyalarının qanunvericilik təşəbbüslərini təqdim edirik:

Azərbaycan Milli İstiqlal Partiyası sorğumuza cavab olaraq bildirib:

 Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması:

AMİP bələdiyyələrin daha səmərəli işləməsi üçün bir sıra konkret təkliflər irəli sürür. Əsas istiqamətlərdən biri sənətsiz (sənədsiz) evlərin sənətləşdirilməsi problemidir. Partiya bu məsələnin həlli üçün konkret addımların atılmasını zəruri hesab edir. Eyni zamanda, xüsusilə Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin sərhədlərini müəyyən edən xəritələrin hazırlanması və bələdiyyələrə təqdim olunması prosesinin yekunlaşdırılması tələb olunur. Bu iş uzun müddətdir davam etsə də, hələ də tam yekunlaşmayıb. Bundan əlavə, əmlak və torpaq vergisində yaşayış və qeyri-yaşayış sahələri arasında differensiasiyanın (fərqləndirmənin) aparılması təklif edilir. Sahibsiz və qurumuş ağacların törətdiyi fəsadlar, o cümlədən sahibsizlik problemi ilə bağlı da müvafiq təkliflər səsləndirilib.

Təhsil və səhiyyə sahəsində kadr çatışmazlığı:

Regionlarda müəllim, həkim və tibbi personal çatışmazlığı ciddi problem olaraq qalır. Bu kontekstdə partiya 65 yaşından müəllim və həkimlərin imperativ (məcburi) qaydada təqaüdə göndərilməsinin doğru olmadığını bildirir və bu sahədə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsini təklif edir. Təcrübəli mütəxəssislərin regionlarda saxlanılması üçün daha çevik yanaşmaya ehtiyac olduğu vurğulanır.

Ailə planlaşdırılması və demoqrafik məsələlər:

AMİP boşanmaların artması, nikahların azalması və çoxuşaqlı ailələrin azlığı ilə bağlı narahatlığını ifadə edir. Bu tendensiyaların demoqrafik fonda vurduğu və gələcəkdə vura biləcəyi zərbəyə diqqət çəkilir. Çoxuşaqlı ailələrin dəstəklənməsi üçün əlavə tədbirlər planının hazırlanması və qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.