NIPA-30

Deputat: “Vahid məktəbli formasının hicabın qadağan edilməsi kimi təqdim olunması doğru yanaşma deyil”

“Vahid məktəbli formasının hicabın qadağan edilməsi kimi təqdim olunması doğru yanaşma deyil. Vahid məktəbli formasının əsas məqsədi məktəbdə şagirdlər arasında sosial fərqlərin geyim üzərindən qabardılmasının qarşısını almaq, vahid və nizamlı təhsil mühiti formalaşdırmaqdır. Ümumtəhsil haqqında qanunvericilikdə də təhsilalanların geyimlə bağlı müəyyən edilmiş tələblərə riayət etməsi nəzərdə tutulur. Burada söhbətin konkret olaraq hicabın qadağan edilməsindən getdiyini söyləmək üçün hüquqi əsas yoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.

Deputat təəssüflə bildirib ki, son günlər sosial şəbəkələrdə bu məsələ ilə bağlı müxtəlif manipulyativ yanaşmaların və həqiqəti əks etdirməyən iddiaların yayıldığı müşahidə edilir: “Vahid məktəbli formasını dini inanclara qarşı addım kimi təqdim etmək cəmiyyətdə əsassız narahatlıq və qarşıdurma yaratmağa xidmət edə bilər. Halbuki dünyəvi dövlət prinsipinə hörmətlə yanaşmaqla yanaşı, insanların dini etiqad azadlığının da qorunması vacibdir. Ona görə də belə həssas məsələlərə münasibətdə emosional çağırışlardan deyil, mövcud qanunvericilikdən və rəsmi qaydalardan çıxış etmək lazımdır. Hesab edirəm ki, cəmiyyətdə çaşqınlıq yaratmağa hesablanmış məlumatların qarşısının alınmasının ən düzgün yolu məsələnin hüquqi mahiyyətinin aydın izah edilməsidir. Dövlətin məqsədi şagirdləri dini baxışlarına görə fərqləndirmək deyil, bütün uşaqlar üçün bərabər, nizamlı və sağlam təhsil mühiti yaratmaqdır. Bu baxımdan, hər birimiz sosial şəbəkələrdə yayılan məlumatları paylaşmazdan əvvəl onun mənbəyini və hüquqi əsasını yoxlamalı, xüsusilə də, din və təhsil kimi həssas mövzularda cəmiyyətdə gərginlik yarada biləcək manipulyasiyalara yol verməməliyik”.