Rayon maşınlarının Bakıya girişinə məhdudiyyət: Deputatdan mühüm təkliflər
Son dövrlərdə Bakıda nəqliyyat sıxlığının artması şəhərdaxili hərəkətlə bağlı müxtəlif müzakirələrə səbəb olub. Bu müzakirələr çərçivəsində rayon qeydiyyatlı avtomobillərin paytaxta girişinin məhdudlaşdırılması məsələsi də gündəmə gətirilir.
Hazırda bu istiqamətdə hər hansı rəsmi qərar qəbul edilməsə də, mümkün məhdudiyyətin tətbiqi halında sürücülər üçün alternativ nəqliyyat imkanlarının yaradılması və bunun şəhər yollarındakı sıxlığa mümkün təsiri müzakirə olunur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə BTV-yə açıqlama verib.
Deputat bildirib ki, Bakıda tıxacları yalnız rayon qeydiyyatlı avtomobillərlə əlaqələndirmək düzgün deyil.
“Əhali və avtomobil sayının artması, ictimai nəqliyyatın bəzi istiqamətlərdə tələbatı tam qarşılamaması, parklanma problemi və pik saatlarda şəhərə daxil olan nəqliyyat vasitələrinin çoxluğu da əsas amillərdəndir.
Rayon qeydiyyatlı avtomobillərə məhdudiyyət tətbiq olunarsa, bu tədbir kompleks nəqliyyat strategiyası çərçivəsində həyata keçirilməlidir. Bunun üçün şəhərətrafında “park et və davam et” məntəqələri yaradılmalı, avtobus və dəmir yolu əlaqəsi gücləndirilməlidir. Biləcəri, Xırdalan, Sumqayıt və digər istiqamətlərdə nəqliyyatın inteqrasiyası vacibdir.
Alternativ imkanlar yaradılmadan məhdudiyyətin tətbiqi narazılığa səbəb ola bilər. Rayonlardan Bakıya iş, təhsil, müalicə və digər zəruri səbəblərlə gələn vətəndaşlara rahat, sürətli və münasib alternativlər təqdim edilməlidir.
Eyni zamanda ictimai nəqliyyatın keyfiyyəti və hərəkət tezliyi artırılmalı, metro və şəhərətrafı dəmir yolu genişləndirilməli, parklanma və alternativ marşrutlar təkmilləşdirilməlidir. Məqsəd avtomobilləri sadəcə məhdudlaşdırmaq deyil, insanların rahat və sürətli hərəkətini təmin edən nəqliyyat sistemi yaratmaqdır”, – deyə deputat qeyd edib.