NIPA-30

Arzuxan Əlizadə: “Xarici siyasi tərəfdaşlıqlar və beynəlxalq əlaqələr dövlətçilik maraqlarımızın prioritet tərkib hissəsidir”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə və partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev İsveçdə səfərdə olublar.

Səfərin təfərrüatları ilə bağlı Yenicag.az-a açıqlama verən AMİP sədri bildirib ki, nümayəndə heyəti sentyabrın 11-dən Stokholmda olub, İsveçdə keçirilən parlament və yerli bələdiyyə seçkilərini, həmçinin təşviqat kampaniyasının gedişini yaxından izləyib.

O xatırladıb ki, daha əvvəl avqustun 26–31-də AMİP gəncləri dəvət əsasında İsveçdə səfərdə olaraq seçki kampaniyasında bilavasitə iştirak ediblər.

Deputat qeyd edib ki, İsveçdə hazırda koalisiya şəklində hakimiyyətdə olan və baş nazir Ulf Kristerssonun təmsil etdiyi Moderat Partiyası ilə əlaqələr 2003-cü ildən Beynəlxalq Demokrat İttifaqı çərçivəsindən başlayıb. Bu illər ərzində qarşılıqlı səfərlər reallaşdırılıb, gənc liderlər layihələri, yay və qış məktəbləri çərçivəsində partiya gəncləri İsveçdə təcrübə keçiblər.

İsveç Rikstaqına (parlamentə) keçirilən seçkilərin nəticələrinə toxunan A.Əlizadə parlamentə səkkiz partiyanın daxil olduğunu bildirib. Əsas rəqabət Sosial Demokratlar Partiyasının bloku ilə Moderat Partiyasının ətrafında birləşən koalisiya arasında gedir. İlkin nəticələrə əsasən, hər iki blokun mandat sayı demək olar ki, bərabərdir Rikstaqın 349 üzvündən 175-i Sosial Demokratların, 174-ü isə Moderat Partiyasının blokunun payına düşüb. Xaricdə verilən səslər və xüsusi məntəqələrin yekun protokolları açıqlandıqdan sonra növbəti hökuməti formalaşdıracaq koalisiya rəsmən müəyyənləşəcək.

Səfər çərçivəsində İsveçdə yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə də görüşlərin keçirildiyini diqqətə çatdıran AMİP sədri soydaşlarımıza ölkəmizdə baş verən proseslər haqqında ətraflı məlumat verildiyini bildirib. O, bu qəbildən olan beynəlxalq təmasların Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və milli-dövlət maraqlarımızın qorunması baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

Daha ətraflı videomüsahibədə: