NIPA-30

Azərbaycanın yazdığı 44 günlük salnamə: bu günümüzün və gələcəyimizin mühüm tarixi dönüş nöqtəsi – RƏY

Altı il əvvəl sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının uzun illər boyu gözlədiyi tarixi Zəfərlə nəticələndi. Azərbaycan Ordusunun qəhrəmanlığı və əsgərimizin döyüş meydanında göstərdiyi şücaət nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkənin ərazi bütövlüyü bərpa olundu.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki,  44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixində xüsusi yer tutan hadisədir.

O xatırladıb ki, bu müharibə təkcə ayrı-ayrı yaşayış məntəqələrinin azad edilməsi ilə deyil, bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi: “Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Hadrut və digər ərazilərin azad edilməsi, Murovdağ istiqamətində əldə olunan uğurlar və xüsusilə 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması Qələbəyə aparan əsas mərhələlər sırasında qeyd olunmalıdır. Şuşa əməliyyatı həm hərbi, həm də mənəvi-siyasi baxımdan müharibənin taleyinə ciddi təsir göstərən hadisələrdən biri oldu. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması da təmin edildi”.

A.Əlizadə vurğulayıb ki, bu Qələbənin arxasında Ali Baş Komandanın siyasi iradəsi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı ilə yanaşı, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik dayanır: “Vətən müharibəsi göstərdi ki, müasir ordu quruculuğu, müdafiə qabiliyyətinin gücləndirilməsi, düzgün strateji planlaşdırma və milli həmrəylik bir araya gəldikdə qarşıya qoyulan böyük hədəflərə nail olmaq mümkündür. Biz bu Qələbəni, ilk növbədə, canından keçən şəhidlərimizin və sağlamlığını itirən qazilərimizin fədakarlığı sayəsində əldə etmişik. Ona görə də 44 günlük müharibənin tarixini xatırlayarkən hər bir şəhidimizin əziz xatirəsini ehtiramla yad etmək bizim mənəvi borcumuzdur”.

Deputat söyləyib ki, müharibənin Azərbaycanın gələcək inkişafı və regiondakı mövqeyi baxımından nəticələri də olduqca əhəmiyyətlidir: “Ərazi bütövlüyünün bərpası ölkəmizin təhlükəsizlik gündəliyində yeni mərhələ yaradıb, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq prosesinin başlanmasına imkan verib. Eyni zamanda, Azərbaycanın regionda nəqliyyat, kommunikasiya və iqtisadi layihələrin reallaşdırılmasında rolunu artıran yeni imkanlar yaranıb. 10 Noyabr bəyanatında da regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, o cümlədən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin olunması nəzərdə tutulmuşdu. Bu baxımdan 44 günlük Vətən müharibəsi yalnız keçmişin hadisəsi deyil, Azərbaycanın bu gününü və gələcəyini müəyyənləşdirən mühüm tarixi dönüş nöqtəsidir. Əsas vəzifə isə əldə olunmuş Qələbəni davamlı sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa və azad edilmiş ərazilərin sürətli dirçəlişinə çevirməkdir”.