NIPA-30

Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki… – AÇIQLAMA

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin yeni siyasi və geosiyasi reallıqlar şəraitində qarşıdakı hədəflərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər göstərir ki, bu gün Azərbaycan həm daxili siyasi sabitlik, həm də xarici siyasətdə müstəqil və prinsipial mövqe baxımından yeni mərhələyə qədəm qoyub. YAP-ın uzun illər ərzində ölkənin siyasi həyatında aparıcı qüvvə kimi çıxış etməsi də bu prosesin mühüm elementlərindən biridir.

Bu fikirləri Milli Məclisin deputatı Arzuxan Əlizadə “İki sahil” ə özəl açıqlamasında səsləndirib.

Deputat bildirib ki, Qurultayın ən mühüm xüsusiyyətlərindən biri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsidir. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin edilməsi Azərbaycanın müasir tarixində yeni səhifə açdı. Prezidentin də qeyd etdiyi kimi, bu nəticələr asanlıqla əldə olunmayıb. Azərbaycan illər ərzində müxtəlif siyasi təzyiqlərlə, təhdidlərlə və ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları ilə üzləşsə də, öz prinsipial mövqeyindən geri çəkilmədi.

Burada xüsusilə xalqın vahid mövqeyini qeyd etmək lazımdır. Azərbaycanın əldə etdiyi tarixi nəticələrin arxasında dövlət siyasəti ilə yanaşı, xalqın iradəsi, siyasi həmrəylik və Ordumuzun qəhrəmanlığı dayanır. 8 Noyabr və 20 Sentyabr tarixləri artıq Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan Zəfər günləridir. Bu gün əsas məsələ əldə olunmuş nailiyyətləri qorumaq, regionda yaranmış yeni reallıqları möhkəmləndirmək və Azərbaycanın qarşısında duran inkişaf hədəflərinə birlik içində nail olmaqdır. YAP-ın VIII Qurultayı da məhz bu baxımdan Azərbaycanın yeni mərhələdə siyasi xəttinin və qarşıdakı prioritetlərinin təqdimatı kimi qiymətləndirilə bilər.