Deputat: “Xaricdən verilən siyasi bəyanatlar Azərbaycan dövlətinin hüquqi qərarlarını müəyyən edə bilməz”
Avropa Parlamentinin oktyabrın 7-də AXCP sədri Əli Kərimli və digər məhbuslar məsələsi haqqında qətnamə qəbul edəcəyi bildirilir. Məlumata görə, Azərbaycan hakimiyyətinə qarşı olan qətnamənin mətni hazırdır və müzakirələrdən sonra səsverməyə çıxarılması nəzərdə tutulub.
Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadənin sözlərinə görə, Avropa Parlamentinin Azərbaycanla bağlı bu tip qətnamələrinin gündəmə gəlməsi ilk dəfə deyil.
Deputat bildirib ki, xüsusilə Qarabağ münaqişəsi və 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də Azərbaycan əleyhinə müxtəlif qətnamələrin qəbul edilməsi müşahidə edilib: “Lakin həmin sənədlərin heç biri Azərbaycanın dövlət siyasətinə, ərazi bütövlüyünün və suverenliyinin bərpasına mane ola bilməyib. Bu baxımdan hesab edirəm ki, belə qətnaməyə həddindən artıq siyasi əhəmiyyət vermək də düzgün yanaşma deyil. Nəzərə almaq lazımdır ki, Avropa Parlamentinin qətnamələri, xüsusilə bu xarakterli siyasi sənədlər, birbaşa icra mexanizminə malik qərarlar deyil”.
A.Əlizadə vurğulayıb ki, Azərbaycanın mövqeyi dəfələrlə ifadə olunub və bundan sonra da dəyişməyəcək: “Ölkəmizin daxili məsələləri, o cümlədən ayrı-ayrı şəxslərlə bağlı hüquqi proseslər Azərbaycanın qanunvericiliyi və məhkəmə sistemi çərçivəsində həll edilməlidir. Hər hansı xarici parlamentin və ya siyasi institutun konkret məhkəmə işlərinə siyasi qiymət verməsi və Azərbaycan dövlətinə təzyiq göstərməyə çalışması yolverilməzdir. Əgər söhbət hüquq və qanundan gedirsə, Azərbaycan da digər dövlətlər kimi öz qanunvericiliyinə və hüquqi prosedurlarına əsaslanır. Xaricdən verilən siyasi bəyanatlar Azərbaycan dövlətinin hüquqi qərarlarını müəyyən edə bilməz”.
Millət vəkili qeyd edib ki, belə bir qətnamə qəbul ediləcəyi təqdirdə Azərbaycanın münasibəti də adekvat şəkildə ifadə olunacaq: “Azərbaycan tərəfi mövqeyini beynəlxalq ictimaiyyətə çatdıracaq və qətnamədəki birtərəfli yanaşmalara cavab verəcək. Eyni zamanda hesab edirəm ki, Azərbaycan Avropa ilə münasibətlərdə dialoq və əməkdaşlığın tərəfdarı olaraq qalmalıdır. Ancaq dialoq qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulmalıdır. Azərbaycanın daxili siyasi və hüquqi məsələlərinin hansısa xarici siyasi mərkəzdə həll olunması mümkün deyil və olmamalıdır”.