NIPA-30

Deputatların unutmadıqları müəllimləri – Yaddan çıxmayan XATİRƏLƏR

5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər şagirdlərinə yalnız elmi biliklər vermir, həm də onların dünyagörüşünün formalaşmasında, gələcəkdə cəmiyyət içərisində özlərini tapmasında, peşə seçimində çox mühüm rol oynayırlar. Deputatların da həyatında iz qoyan, onların formalaşmasında rol oynayan müəllimləri olub.  

Modern.az saytı bu mövzuda deputatlarla həmsöhbət olub.

Arzuxan Əlizadə vurğulayıb ki, Müəllimlər Günündə hər bir insan ilk növbədə həyatında xüsusi iz qoymuş müəllimlərini minnətdarlıqla xatırlayır.

“Əvvəlcə onu qeyd edim ki, mən özüm müəllim ailəsində anadan olmuşam. Valideynlərimin hər ikisi müəllim olub. Məhz buna görə də müəllimlər mənim üçün son dərəcə dəyərlidirlər. Müəllim peşəsinin ucalığı və onun cəmiyyətə verdiyi töhfələrlə, demək olar ki, gözümü açdığım gündən tanış olmuşam. Təbii ki, ilk müəllimim də məhz anam olub. O, məktəbəqədər dövrdə məni həm məktəbə, həm də həyata hazırlayıb. Mən məktəbə elə onun hazırlığı ilə qədəm qoymuşam. Sonradan mənə müxtəlif fənləri tədris edən çoxlu müəllimlərim oldu. Onların arasında ibtidai sinif müəllimim Nabat müəllimi xüsusilə qeyd etmək istəyirəm. Yeri gəlmişkən, bildirim ki, mən İkinci Zabrat qəsəbəsində yerləşən 75 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşam və həmin məktəbin 10-cu sinfini qızıl medalla bitirmişəm. Mənim həmin medala layiq görülməyimdə və təhsildə əldə etdiyim uğurlarda 75 nömrəli məktəbin müəllimlərinin çox böyük xidməti olub”.

Deputat müəllimlərinin tələbkarlığını xüsusi vurğulayıb:

“Həmin dövrdə məktəbin direktoru olan İsgəndər müəllim eyni zamanda bizə Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edirdi. O, məktəb direktoru olmaqla yanaşı, böyük hörmətə layiq çox tələbkar və nüfuzlu bir müəllim idi. Tədris etdiyi fənlə bağlı belə bir kəlamı var idi, deyirdi: “Əgər ali məktəbə qəbul imtahanında mənim fənnimdən “4” alsanız, mən hətta biləklərimi kəsərəm”. O, bizə fənni bu dərəcədə yüksək səviyyədə tədris edən müəllimlərimizdən biri idi. Mənə dərs deyən bütün müəllimlərimin adını bu gün də tək-tək çəkə bilərəm. Ümumilikdə isə 75 nömrəli orta məktəbin bütün müəllimlərini minnətdarlıqla xatırlayıram. Mənə dərs deyən müəllimlərin əksəriyyəti dünyasını dəyişib. Allah onlara rəhmət eləsin, ruhları şad olsun!”

Deputat ali təhsil illərindən və ona dərs deyən görkəmli ziyalılardan da söz açıb:

“Daha sonra mən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldım, hüquqşünaslıq ixtisasına yiyələndim. Həmin fakültəyə daxil olarkən dekanımız Firidun Səməndərovu, eləcə də axşam şöbəsinin dekanı Məmmədxan Rəsulovu böyük minnətdarlıq hissi ilə xatırlayıram. Mənə Murtuz Ələsgərov, o zaman Ali Məhkəmənin sədri olan Hüseyn Talıbov və bir çox başqa görkəmli müəllimlər dərs deyiblər.  Açığı, onların heç birini fərqləndirmirəm, çünki hər birinin mənim bir şəxsiyyət kimi formalaşmağımda xüsusi rolu və əhəmiyyəti olub”.

A.Əlizadə müəllim peşəsinin aliliyini və cəmiyyətdəki yerini belə dəyərləndirib:

“Onu da qeyd etmək istəyirəm ki, mən müəllimlik peşəsinə o dövrdə cəmiyyət tərəfindən daha çox dəyər verildiyini düşünürəm. Bu gün də müəllimlərimiz diqqət mərkəzində olmalıdırlar. Müəllimlik peşəsini ən ali peşə hesab edirəm. Biz sonradan həyatda istənilən peşəyə, istənilən ixtisasa yiyələnə və müxtəlif sahələrdə fəaliyyət göstərə bilərik. Lakin təbii ki, həyatda qazandığımız uğurların əsas bünövrəsini qoyan, bizi həyata hazırlayan məhz müəllimlərimiz olub. Buna görə də hər birimiz müəllim peşəsinə və müəllimlərimizə bu gün də böyük ehtiram və diqqətlə yanaşmalıyıq.
Qismət elə gətirdi ki, mən özüm də 5 il ərzində universitetlərimizin birində pedaqoji fəaliyyətlə məşğul oldum, “Dövlət və hüquq nəzəriyyəsi” fənnini tədris etdim. Bu gün məni həyata hazırlayan, mənə təhsil verən, ilk hərfləri öyrədən müəllimlərimi xüsusi ehtiramla xatırlayıram. Bir haşiyə çıxım: ibtidai sinif müəlliməmiz Nabat müəllimə, Allah ona rəhmət eləsin, bizi ilk gündən həm həyata hazırlayır, həm təhsil verir, həm də mənəvi dəyərlərimizi aşılayırdı. Zaman keçdikcə dərk edirsən ki, ilk gündən sənə hansı dəyərlər aşılanıb və müəllim səni həyata necə hazırlayıb. Mənim sonradan mütaliəyə maraq göstərməyimdə də Nabat müəllimənin müstəsna rolu olub. O, 1-ci sinifdən hərfləri öyrətdikdən sonra bizdə kitaba həvəs oyatmışdı. Kimin daha çox kitab oxuyacağı ilə bağlı aramızda bir rəqabət mühiti yaratmışdı; oxuduğumuz kitablar barədə suallar verir, fikirlərimizi öyrənirdi. Bu da təbii ki, gələcək həyatımızda çox mühüm rol oynadı”.

A.Əlizadə sonda bütün müəllim kollektivini təbrik edib:

“Sizin kütləvi informasiya vasitəniz vasitəsilə Azərbaycanın bütün müəllimlərini təbrik edirəm! Bu şərəfli peşədə çalışan hər bir müəllimə fəaliyyətində uğurlar arzulayıram. Dünyasını dəyişmiş müəllimlərimizə dərin hörmət və ehtiramımı bildirir, Allahdan onlara rəhmət diləyirəm. Müxtəlif fənləri tədris edən, eləcə də təqaüddə olan bütün müəllimlərimizə cansağlığı və uzun ömür arzulayıram. Cəmiyyətimizin daha da möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin və təhsilimizin yüksəlməsində onlara şərəfli peşə fəaliyyətlərində müvəffəqiyyətlər diləyirəm”.