NIPA-30

“Əsas məsələ regiondakı reallıqlardır…” – Mirzəyanın bəyanatına daha bir REAKSİYA 

“Ermənistanın xarici işlər naziri Ararat Mirzəyanın Türkiyə-Ermənistan sərhədinin yaxın zamanda açıla biləcəyi ilə bağlı açıqlaması regionda gedən proseslər baxımından diqqət çəkir. Hesab edirəm ki, bu məsələyə yalnız iki ölkə arasındakı münasibətlər kontekstində deyil, bütövlükdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar çərçivəsində yanaşmaq lazımdır”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib.

O, qeyd edib ki, uzun illər ərzində bağlı qalan sərhədlərin açılması, nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası region ölkələri arasında iqtisadi münasibətlərin inkişafına, ticarət dövriyyəsinin artmasına və qarşılıqlı təmasların genişlənməsinə şərait yarada bilər: “Bununla belə, sərhədin açılacağı ilə bağlı siyasi bəyanatlarla bu istiqamətdə atılacaq konkret addımları bir-birindən fərqləndirmək lazımdır.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi müəyyən mərhələlərdən keçib, tərəflər arasında təmaslar davam edir. Lakin sərhədin açılması üçün siyasi iradə ilə yanaşı, müvafiq razılaşmaların praktiki şəkildə həyata keçirilməsi də vacibdir. Mirzəyanın açıqlaması prosesdə müəyyən irəliləyişin olduğunu göstərsə də, yekun qərarların və konkret addımların məzmununu gözləmək lazımdır. Azərbaycan baxımından bu prosesin əsas məqamı regionda davamlı sülhün və əməkdaşlığın hansı prinsiplər əsasında qurulacağıdır.

Azərbaycan hər zaman regional kommunikasiyaların açılmasının, iqtisadi əlaqələrin genişlənməsinin və qonşu dövlətlər arasında münasibətlərin normallaşmasının tərəfdarı olub. Bununla yanaşı, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması Azərbaycan-Ermənistan sülh prosesindən ayrı təsəvvür edilməməli, regionda formalaşan yeni reallıqlar və təhlükəsizlik maraqları nəzərə alınmalıdır”.

Deputat vurğulayıb ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir və iki ölkə arasında münasibətlər bütün regional proseslərdə mühüm amil olaraq qalır: “Ankara ilə İrəvan arasında mümkün yaxınlaşmanın regionda uzunmüddətli sabitliyə töhfə verməsi üçün bu proses qarşılıqlı etimadın güclənməsinə, düşmənçilik ritorikasının azalmasına və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət etməlidir. Sərhədin açılması özlüyündə bütün problemlərin həlli demək deyil. Əsas məsələ bu addımın regionda sülhü möhkəmləndirən, iqtisadi inkişafı sürətləndirən və dövlətlərin suveren hüquqlarına hörmətə əsaslanan siyasətin tərkib hissəsinə çevrilməsidir”.