Afsəddin Nəbiyev: “Çünki beynəlxalq strukturların çoxu işğal prosesini uzatmaq məqsədi güdürdü”
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib ki, bir vaxtlar Ermənistan hakimiyyətinin etdiyi həyasızlıqlara beynəlxalq ictimaiyyət göz yumurdu:
“Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, bəzən bir cümlə bütün bir siyasətin xarakterini açır: “2019-cu ildə Xankəndidə səslənən “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi də məhz belə cümlə idi. Bu ifadə danışıqların üstündən xətt çəkilməsinə yönəlmiş siyasi mesaj idi. Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Toplantısında bu bəyanata yenidən qayıtması isə təsadüfi deyil. Bu, keçmişin acı xatirəsi olmaqla bərabər bugünkü sülhün sınağıdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il boyunca işğal altında qaldı. Yüz minlərlə dinc sakinlərimiz evindən, doğma yurdundan gələcəyindən məhrum olması oldu. Daha ağrılı tərəfi o idi ki, qətnamə var idi, iradə yox idi. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələrlə Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, qeyd-şərtsiz və tam şəkildə azad edilməsini tələb etdi. Amma bu sənədlər illərlə kağız üzərində qaldı. Çünki beynəlxalq strukturların çoxu isə işğal prosesini uzatmaq məqsədi güdürdü. Onların düşüncəsində Azərbaycan cəmiyyətinin diqqətini yayındırmaq və beləliklə işğalı ermənilərin xeyrinə unutdurmağı hədəf götürmüşdülər.
Bütün bunlar bir sual yaradır. Beynəlxalq hüquq yalnız güclü dövlətlər üçün müdafiə mexanizmi olarsa, zəifləmiş və ya təcavüzə məruz qalmış dövlət nəyə arxalanmalıdır? Azərbaycan bu suala cavabı öz iradəsi, hərbi-siyasi qüdrəti və diplomatik mövqeyi ilə verdi. Bugünkü mesaj keçmişə qayıtmaq deyil, gələcəyə şərt qoymaqdır. Erməni cəmiyyəti bilməlidir ki, sülh yalnız ərazi bütövlüyü, suverenlik və qarşılıqlı hörmət prinsipləri qəbul edildikdə davamlı olur. Prezidentin sözlərindəki ən güclü məqam budur. Azərbaycan keçmişin hesabını tutmaqla bərabər, gələcəyə sülh təklif edir. Lakin bu sülh zəiflik deyil, qələbədən sonra seçilən məsuliyyətdir. Tarix göstərdi ki, “nöqtə” qoymaq istəyənlər bəzən tarixin özünün başladığı məğlubiyyət səhifəsi ilə üzləşirlər”.