NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Qərbin birliyi dağılır, Putinin əli güclənir: Cənubi Qafqazı nə gözləyir?

Ukrayna müharibəsi artıq yalnız Moskva ilə Kiyev arasındakı hərbi qarşıdurma deyil, Qərbin siyasi birliyini, Avropanın təhlükəsizlik strukturunu və transatlantik münasibətlərin gələcəyini müəyyənləşdirən geosiyasi sınağa çevrilib. Müharibənin uzanması, Ukraynaya dəstəyin həcmi və forması ətrafında fikir ayrılıqları, enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar Vaşinqtonla Brüssel arasında mövcud ziddiyyətləri daha da dərinləşdirir. Avropa İttifaqı bir tərəfdən Ukraynanın müdafiəsini və Rusiyanın qarşısının alınmasını prioritet hesab edir, digər tərəfdən isə dəyişən beynəlxalq şəraitdə öz təhlükəsizliyini təmin etmək, hərbi imkanlarını gücləndirmək və ABŞ-dən asılılığını azaltmaq zərurəti ilə üzləşir.

Əsas problem ondadır ki, Qərbin vahid mövqeyində yaranan hər bir çat Avropanın təhlükəsizliyi ilə yanaşı, daha geniş geosiyasi proseslərə də təsir göstərir. Rusiya ilə qarşıdurmanın gələcəyi, NATO-nun imkanları, enerji marşrutları və Cənubi Qafqazın strateji əhəmiyyəti bu proseslərlə birbaşa əlaqəlidir. Azərbaycan üçün də məsələ kənar müşahidə mövqeyindən ibarət deyil. Avropanın enerji təhlükəsizliyi, regional nəqliyyat dəhlizləri və böyük güclər arasındakı rəqabət ölkəmizin xarici siyasət prioritetlərinə təsir edən amillərdir.

Ukrayna müharibəsi Qərbin birliyini daha da möhkəmləndirəcək, yoxsa Vaşinqtonla Brüssel arasındakı fikir ayrılıqları Avropanın təhlükəsizlik sistemində yeni çatlar yaradacaq? Bu dəyişikliklər Cənubi Qafqazda hansı geosiyasi nəticələrə gətirib çıxaracaq?

Politoloq Afsəddin Nəbiyev Musavat.com-a bildirib ki, Rusiya ilə Ukrayna arasındakı hərbi qarşıdurma bütün bölgəyə təsir edir:

“Bu, Qərbin birliyini, Avropanın təhlükəsizliyini və böyük güclərin Cənubi Qafqazdakı maraqlarını sınağa çəkən geniş geosiyasi prosesə çevrilib. Müharibənin uzanması, Ukraynaya dəstəyin həcmi və enerji məsələləri Vaşinqtonla Brüssel arasındakı fikir ayrılıqlarını daha da görünür edir. ABŞ Ukraynanı Rusiyanın gücünü məhdudlaşdırmaq üçün vacib məsələ sayır, lakin eyni zamanda Avropanın öz müdafiə yükünü daha çox öz üzərinə götürməsini istəyir. Son aylarda Vaşinqtonun yanaşmasında sülh danışıqları, enerji məsələləri və Avropanın hərbi xərclərinin artırılması daha çox önə çıxıb. Bu isə Kiyev və bir çox Avropa ölkəsində narahatlıq yaradıb, çünki ABŞ dəstəyi artıq dəyişməz deyil, siyasi şərtlərdən asılıdır. Avropa İttifaqı isə Ukraynanın məğlub olmasını qəbul edə bilməz. Brüssel Rusiya sanksiyalarını davam etdirdiyini bildirir və Ukraynaya maliyyə-müdafiə dəstəyinin davam etməsini vacib sayır. Lakin Avropanın içində də mübahisə var, yardımın ABŞ silahlarına, yoxsa Avropa istehsalına yönəldilməsi məsələsi hələ də tam həll olunmayıb. Avropa təhlükəsizliyini kim təmin edəcək sualı burada əsasdır. Vaşinqton, yoxsa Brüssel?”

Politoloq bu gərginliyin Cənubi Qafqaza da birbaşa təsir edəcəyini düşünür:

“Ukrayna müharibəsi Avropanı Rusiya enerjisindən və Rusiya ərazisindən keçən marşrutlardan asılılığı azaltmağa məcbur edib. Nəticədə Azərbaycanın enerji ixracatçısı və tranzit ölkəsi kimi rolu artıb. Cənubi Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropanın bir neçə ölkəsinə çatdırılır, Orta Dəhliz isə Mərkəzi Asiyanı Xəzər, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya bağlayır. Azərbaycan üçün bu, həm fürsət, həm də məsuliyyətdir. Avropanın enerji və nəqliyyat ehtiyacları artdıqca ölkəmizin geosiyasi çəkisi güclənə bilər. Amma regionda Rusiya, Türkiyə, ABŞ və Avropanın maraqları toqquşur. Buna görə Azərbaycanın ən sərfəli yolu tarazlıq siyasətidir. Heç bir gücün tam təsiri altına girmədən, milli maraqları əsas götürərək bütün tərəflərlə praqmatik əməkdaşlıq qurmaqdır. Rusiya üçün Vaşinqtonla Brüssel arasındakı hər fikir ayrılığı üstünlükdür. Qərbin dəstəyi zəiflədikcə Moskvanın təzyiq imkanları artır. Ukrayna üçün isə ən böyük risk yalnız Rusiyanın hücumu deyil, həm də Qərbin dəstəyinin siyasi qərarsızlıq səbəbindən azalmasıdır. Nəticə olaraq, Vaşinqtonla Brüssel arasındakı gərginlik Ukrayna müharibəsinin gedişini, Rusiyanın mövqeyini və Cənubi Qafqazın gələcəyini müəyyən edəcək. Qərb birlik qala bilsə, regionda stabillik imkanları artacaq. Birlik zəifləsə, Rusiyanın təsiri güclənəcək və Cənubi Qafqaz yenidən böyük güclərin rəqabət meydanına çevriləcək. Azərbaycan üçün fürsətlərdən ağıllı istifadə etmək, eyni zamanda regionu yeni böhranların mənbəyinə çevirməməkdir”.