Jurnalistləri döyənləri hansı məsuliyyət gözləyir? – Deputatdan AÇIQLAMA
Son bir həftə ərzində Azərbaycanda jurnalistlərin iki ayrı hadisədə fiziki zorakılığa məruz qalması media ictimaiyyətində narahatlıq yaradıb. Baş verənlər jurnalistlərin təhlükəsizliyi, peşə fəaliyyətinə müdaxilə və cəmiyyətdə media nümayəndələrinə münasibət məsələlərini yenidən gündəmə gətirib.
Bəs son dövrlər jurnalistlərə qarşı zorakılıq hallarının artması nə ilə bağlıdır?
Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, jurnalistlərə qarşı fiziki zorakılıq hallarının baş verməsi, ilk növbədə, cəmiyyətdə narahatlıq doğuran və ciddi şəkildə pislənilməli olan hadisələrdir:
“Jurnalist öz peşə fəaliyyətini həyata keçirərkən hər hansı təzyiqə, təhdidə və fiziki müdaxiləyə məruz qalmamalıdır. Media nümayəndələrinin əsas vəzifəsi cəmiyyəti məlumatlandırmaq, ictimai əhəmiyyət daşıyan məsələləri işıqlandırmaqdır. Bu fəaliyyət zamanı onların təhlükəsizliyinin təmin olunması həm dövlətin, həm də cəmiyyətin məsuliyyətidir. Son dövrlərdə baş verən belə hadisələrə yalnız ayrı-ayrı şəxslərin aqressiv davranışı kimi yanaşmaq düzgün olmazdı. Burada hüquqi maarifləndirmənin səviyyəsi, insanların tənqidə münasibəti, fərqli fikirlərə dözümlülük və ümumilikdə ictimai davranış mədəniyyəti kimi amillər də nəzərə alınmalıdır. Bəzən jurnalistin verdiyi sual, hazırladığı material və ya səsləndirdiyi mövqe müəyyən şəxslərdə narazılıq yarada bilər. Lakin heç bir narazılıq fiziki zorakılığa və peşə fəaliyyətinə qanunsuz müdaxiləyə bəraət qazandıra bilməz. Tənqidə cavabın yolu zorakılıq deyil, hüquqi və sivil müzakirədir”.
O qeyd edib ki, bu cür hadisələrin qarşısının alınması üçün hüquq-mühafizə orqanları tərəfindən hər bir fakt obyektiv araşdırılmalı, təqsirli şəxslər qanun qarşısında məsuliyyətə cəlb edilməlidir:
“Jurnalistlərin təhlükəsizliyinin təmin olunması, onların peşə fəaliyyətinə maneələrin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməlidir. Unutmamalıyıq ki, azad media demokratik cəmiyyətin mühüm institutlarından biridir. Jurnalistə qarşı zorakılıq təkcə konkret bir şəxsə qarşı törədilən əməl deyil, eyni zamanda, cəmiyyətin informasiya almaq hüququna və ictimai nəzarət mexanizminə yönələn təhlükədir. Buna görə də media nümayəndələrinə hörmət və onların təhlükəsizliyinin qorunması ümumi ictimai məsuliyyət olmalıdır”.