NIPA-30

Azərbaycan MDB-dən çıxacaq? – Siyasətçilər fərqli düşünürlər

Müstəqilliyin elan edilməsindən bu yana, son otuz beş ildə Azərbaycan bir çox regional təşkilatlara üzv olub. Həmin təşkilatlardan biri Müstəqil Dövlətlər Birliyidir. Ölkəmiz MDB-yə 1993-cü ilin sentyabrın 24-də üzv olub.

1991-ci ilin dekabrın 8-də SSRİ-nin üç qurucu respublikasının rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç SSRİ-nin fəaliyyətini dayandırdıqlarını bəyan edən Belovejskaya müqaviləsi imzaladılar.

Beləliklə, Müstəqil Dövlətlər Birliyinin əsası qoyuldu. Sözügedən müqavilə imzalandıqdan dərhal sonra Ukrayna, Belarus və RSFSR Ali Soveti tərəfindən ratifikasiya olundu. 1991-ci il dekabrın 21-də Almatıda (Qazaxıstan) keçmiş sovet respublikalarının dövlət rəhbərlərinin görüşündə daha səkkiz respublika – Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan MDB-yə qoşulmaq üçün Alma-Ata bəyannaməsini imzaladılar.

MDB-nin əsasının qoyulmasında başlıca məqsəd sovet respublikaları arasında əlaqələri, münasibətləri və təmasları qorumaq, qarşılıqlı gediş-gəlişin təminatını davam etdirmək, ən əsası da SSRİ-nin mülklərini bölüşdürmək idi. Qurumun nizamnaməsi 1993-ci ildə qəbul edilİB.

Nizamnamədə xarici siyasət, ümumi iqtisadi məkanın formalaşdırılması, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın genişləndirilməsi, əhalinin sağlamlığı və ətraf-mühitin qorunması, sosial və immiqrasiya siyasəti məsələləri, mütəşəkkil cinayətkarlıqla mübarizə, müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlığın təmin olunması xüsusi prioritet təşkil edir. Müstəqil Dövlətlər Birliyinin strukturu 7 qurumdan ibarədiR. Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası, Sərhəd Qoşunları Komandanları Şurası, Parlamentlərarası Assambleya və İqtisadi Məhkəmə MDB-nin əsas qurumu hesab olunur.

Hər il MDB-nin dövlət və hökumət başçıları, XİN rəhbərləri və nazirləri səviyyəsində toplantıları keçirilir. MDB öz önəmini itirir MDB öz mövcudluğunu davam etdirsə də, onun fəaliyyəti əvvəlki kimi o qədər də ciddi əhəmiyyət kəsb etmir. Son iyirmi ildən çoxdur ki, postsovet ölkələri arasında diplomatik-siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, hərbi-təhlükəsizlik, elm-təhsil və mədəniyyət sahələrində münasibətlər məhz ikitərəfli və çoxtərəfli şəkildə inkişaf etdirilir və möhkəmləndirilir, xüsusilə də həm regional, həm də beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını nəzərə almaqla qarşılıqlı əməkdaşlıq edirlər.

2009-cu ildən başlayaraq Türk Dövlətləri Təşkilatının fəaliyyət göstərməsi və TDT-də postsovet ölkələri – Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında münasibətlərin şaxələnməsi və genişlənməsi, bu münasibətlərin strateji tərəfdaşlığa transformasiya olunması bunun bariz nümunəsidir. Gürcüstan və Ukrayna MDB-ni tərk edib və avrointeqrasiya yolunu seçiblər, digər ölkələr – Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan ABŞ, Avropa İttifaqı və Avropa ölkələri ilə əlaqələrini və münasibətlərini daha da möhkəmləndirirlər.

Xüsusilə vurğulamaq lazımdır ki, fevralın 9-da ABŞ və Ermənistan arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş, fevralın 10-da ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Bu onu deməyə əsas verir ki, Cənubi Qafqaz bölgəsi, əsasən də regionun lider ölkəsi – Azərbaycan artıq ABŞ-nin beynəlxalq münasibətlər strategiyasında diqqət mərkəzinə çevrilib.

Bütün bu hallarda Azərbaycanın MDB-də fəaliyyətini davam etdirməsi və ya təşkilatı tərk etmək zərurəti ilə bağlı müəyyən suallar yaranır. Sağ və sağ-mərkəzçi cinah MDB-nin Azərbaycan üçün o qədər də əhəmiyyət daşımadığını, sol cinah isə ölkəmizin MDB-də qalmasının zəruriliyini vurğulayır.

Bu məsələ ilə bağlı siyasi partiyaların rəhbərləri “Cebheinfo.az”-a fikirlərini bölüşüblər.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycan Türkiyə və TDT-yə daxil olan türk dövlətləri, habelə Avropa ölkələri, ABŞ və Çin ilə çox yüksək səviyyəli münasibətlər qurduğundan MDB-dən çıxmaqla bağlı risklər azdır:

“Zaman keçdiqcə, enerji daşıyıcılarımızın Avropa və dünya bazarına çıxışının təminindən sonra MDB ilə münasibətlərimizin mövcudluğu və gələcək inkişafı müəyyən qədər suallar doğurmağa başlayıb. Bu gün Azərbaycan daha çox Avropa ölkələri ilə sıx əlaqələrə malikdir. Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən qat-qat güclü və qüdrətli dövlətdir.

Ölkəmizin xarici siyasəti çox şaxəli və geniş tərkiblidir. Azərbaycanın beynəlxalq platformalarda həm regional, həm də regiondan kənar ölkələri ilə diplomatik-siyasi və iqtisadi-ticari münasibətləri strateji səviyyəyə yüksəlib və bu münasibətlər müsbət dinamika üzrə inkişaf etməkdədir. Bu baxımdan, bütün bunlar ölkəmizin MDB-yə marağı və MDB-də üzvlük məsələsinə fərqli bir yanaşma tələb edir”.

A.Əlizadə əlavə edib ki, hazırda Azərbaycan-Rusiya ilə münasibətlərində problemlər yaşanmaqdadır:

“MDB-də əsas söz sahibi olan Moskvanın Azərbaycana yönəlik yürütdüyü siyasət, xüsusilə də 2024-cü ilin dekabrın 25-də Rusiya səmasında mülki təyyarəmiz vurulduqdan sonra Azərbaycana qarşı düşmən mövqeyin sərgilənməsi ölkəmizin MDB-də üzvlüyünü sual altına qoyub. Bir ildən artıqdır ki, Azərbaycanın dövlət rəhbəri MDB-nin tədbirlərində iştirak etmir. MDB ilə münasibətlər əvvəlki səviyyədə deyil”.

A.Əlizadə, həmçinin vurğulayıb ki, MDB-də təmsil olunmadan da postsovet məkanındakı ölkələrlə münasibətləri inkişaf etdirmək mümkündür:

“Türk Dövlətləri Təşkilatı çərçivəsində Qazaxıstan, Özbəkistan və Qırğızıstan, MDB-ni tərk edən Gürcüstan və Ukrayna, o cümlədən Belarus, hətta Baltikyanı ölkələr ilə çox yüksək səviyyəli münasibətlərimiz var. Buna görə də Azərbaycanın MDB-də qalıb-qalmaması ilə bağlı məsələ çox ciddi müzakirə mövzusu olmalıdır. Hesab edirəm ki, zamanı çatdıqda Azərbaycan bu təşkilatı tərk edəcək.

Heç bir faydası olmayan bir qurumda təmsil olunmaq mənasızdır. Xüsusi bir məqamı da qeyd edim ki, 2022-ci ilin fevralın 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında müxtəlif sahələr üzrə ikitərəfli strateji münasibətləri özündə əks etdirən saziş imzalanıb. Həmin sazişə baxmayaraq, Rusiya Azərbaycana qarşı qeyri-adevkat münasibət sərgiləməkdədir.

Bu məsələdə Azərbaycanın Avropa ölkələri, ABŞ və Çin ilə starteji tərəfdaşlıq münasibətləri də nəzərə alınmalıdır. Bu səbəbdən, belə bir fikir yürütmək olar ki, yaxın gələcəkdə Azərbaycanın MDB-ni tərk etməsi ilə bağlı məsələnin gündəmə gəlməsi realdır”.