NIPA-30

Sərhədlər açılsın, açılmasın?!

Son dövrlərdə sərhədlərin açılması mövzusu ciddi müzakirələrin predmetinə çevrilib. Fərqli fikirlər səsləndirilsə də, bir çox hallarda sərhədlərin açılması zərurəti vurğulanırdı. Mövcud geosiyasi vəziyyət nəzərə alındıqda, sərhədlərin bağlı saxlanılmasının təhlükəsizlik baxımından nə dərəcədə əsaslı və düzgün qərar olduğu məsələsi yenidən aktuallaşıb.

Sual olunur: mövcud regional və beynəlxalq vəziyyəti nəzərə alaraq, sərhədlərin bağlı saxlanılması qərarını təhlükəsizlik baxımından necə qiymətləndirmək olar və hazırkı şəraitdə bağlı qalması hansı təhlükələrin qarşısını alır?

“Mövcud gərginlik fonunda yaxın dövrdə sərhədlərin açılması ehtimalı real görünmür”

Milli Məclisin deputatı Arzuxan Əlizadə Hafta.az-a bildirib ki, sərhədlərin bağlı qalması ilə bağlı narahatlığın  ifadə edilməsi sirr deyil. O, eyni zamanda, vurğulayıb ki, quru sərhədlərin bağlı qalması ölkənin turizm potensialına müəyyən mənada mənfi təsir göstərir. Azərbaycan vətəndaşlarının, xüsusilə Gürcüstan ilə əlaqələri, bu ölkə üzərindən Türkiyə ilə gediş-gəliş imkanları, eləcə də Rusiya ilə sərhəd bölgələrində yaşayan insanların gündəlik sosial-iqtisadi münasibətləri bu məhdudiyyətlərdən təsirlənib.

“Lakin Azərbaycanın rəsmi mövqeyi təhlükəsizlik prioritetinə əsaslanır. Hazırda bölgədə kifayət qədər mürəkkəb proseslər gedir, geosiyasi risklər, xarici təhdidlər də istisna deyil. Xüsusilə İran ətrafında baş verən hadisələr və hələ də davam edən Rusiya-Ukrayna müharibəsi regional təhlükəsizlik mühitini həssas saxlayır. Belə bir şəraitdə dövlət və milli təhlükəsizlik amili əsas prioritet kimi çıxış edir. Bu baxımdan, quru sərhədlərin bağlı qalması təhlükəsizlik prizmasından daha əsaslandırılmış qərardır”.

Deputat hesab edir ki, mövcud gərginlik fonunda yaxın dövrdə sərhədlərin açılması ehtimalı real görünmür. Görünən odur ki, bu məsələ ilə bağlı qərarlar yalnız regional təhlükəsizlik mühitində ciddi və davamlı sabitləşmə baş verdikdən sonra yenidən nəzərdən keçirilə bilər.