NIPA-30

Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib

​16 mart 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir. İclasda Siyasi Şura üzvləri, və partiyanın Bakı şəhəri üzrə yerli təşkilatlarının sədrləri iştirak etmişlər.​ İclası giriş sözü ilə açan AMİP sədri, millət vəkili Arzuxan Alizade ilk növbədə tədbir iştirakçılarını və bütövlükdə Azərbaycan xalqını qarşıdan gələn, milli adət ənənələrimizi özünüdə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək, xoş arzularını çatdırmışdır.

Partiya sədri öz çıxışında bölgədə xüsusilə qonşu İran ərazisində cərəyan edən gərgin hərbi-siyasi proseslərə toxunmuş, Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən strateji addımları geniş təhlil etmişdir.​Gündəlikdəki təşkilati məsələlər çərçivəsində AMİP sədri yeni Nizamnamənin verdiyi səlahiyyətlər daxilində Məmmədəli Qasımovun Abşeron rayon təşkilatının sədri vəzifəsinə namizədliyini Siyasi Şuranın səsverməsinə təqdim etmişdir. Səsvermə nəticəsində Məmmədəli Qasımov yekdilliklə AMİP Abşeron rayon təşkilatının sədri seçilmişdir.​Yeni seçilən sədr göstərilən yüksək etimada görə partiya rəhbərliyinə, millət vəkilinə və Siyasi Şura üzvlərinə minnətdarlığını bildirmiş, rayon təşkilatının fəaliyyətinin gücləndirilməsi istiqamətində görüləcək işlər barədə məlumat vermişdir.​İclasın gedişatında AMİP Siyasi Şurasının üzvü və sədrin müşaviri Ceyran Ənsərin yubileyi qeyd olunmuşdur. Partiya sədri Arzuxan Əlizadə yubilyarı təbrik edərək, Ceyran xanımın partiyanın yarandığı ilk illərdən bu günə qədər göstərdiyi mübariz fəaliyyəti və sadiqliyi haqqında söyləyərək ona yeni yaşında uğurlar arzulamışdır. Təbriklərə Nizami rayon təşkilatının sədri Məmmədəli Səfərov və Səbail rayon təşkilatının sədri Vidadi Bəşirov, Xalıqverdi Həsənov digər iclas iştirakçıları qoşularaq yubilyar haqqında xoş təəssüratlarını bölüşdülər.Cari məsələlərin müzakirəsi zamanı Siyasi Şura üzvü Teyyub İsmayılov çıxış edərək Güney Azərbaycan məsələsinin daim gündəmdə saxlanılmasının vacibliyini vurğulamışdır. O, bu istiqamətdə təşkilati işlərin daha sistemli şəkildə aparılmasını iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
​Sonda partiyanın cari fəaliyyəti və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılmışdır.
16.03.2026