NIPA-30

Afsəddin Nəbiyev: “Avropa nə qədər “bu bizim müharibə deyil” desə də, onların manevr imkanları məhduddur”

Birləşmiş Ştatların İrana qarşı müharibəyə başladığı vaxtdan açıq hiss edilir ki, bu gün Avropa İttifaqının liderləri sanki prezident Donald Trampın İranda bataqlığa batmasında bu və ya digər dərəcədə maraqlıdılar. Hətta Avroittifaqın üzvü olmayan, tarixən hər zaman ABŞ-ın yanında yer alan Böyük Britaniya belə Trampın Hörmüz boğazı ilə bağlı çağırışına yox dedi.

Baxmayaraq ki, Hörmüzün bağlı olması ABŞ iqtisadiyyatına yox, bilavasitə Avropa iqtisadiyyatına təsir edir. Çünki Körfəz ölkələrindən neft və sıxılmış qaz alan əsasən Avropa ölkələri idi. Ancaq Avropa liderləri olan Starmer, Makron, Mertz dedilər ki, bu, bizim müharibə deyil. Görünən odur ki, nəticə etibarı ilə Avropa liderləri də istəyir noyabrda Konqresə keçirilən seçkilərdə Tramp uduzsun.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, bu gün Yaxın Şərqdə cərəyan edən hadisələr və ABŞ-ın İranla müharibəsi fonunda beynəlxalq münasibətlər sistemi ciddi sınaq qarşısındadır: “Lakin bu gərginlikdə ən diqqətçəkən məqam Vaşinqtonun ənənəvi müttəfiqləri olan Avropa dövlətlərinin nümayiş etdirdiyi “strateji məsafə”dir. Avropanın əksər dövlət rəsmiləri deyirlər ki, bu müharibə bizim müharibə deyil. Ancaq bu sözləri deyərkən sanki Rusiya amilini gözdən qaçırmış olurlar. ​Tarixən ABŞ-ın hərbi kampaniyalarında ən sadiq tərəfdaş kimi çıxış edən Böyük Britaniyanın belə Hörmüz boğazı ilə bağlı çağırışlara “yox” deməsi, transatlantik münasibətlərdəki çatın dərinliyini göstərir. Maraqlıdır ki, Hörmüz boğazının bağlanması enerji təhlükəsizliyi baxımından birbaşa Avropa iqtisadiyyatını vurur. Buna baxmayaraq, Kir Starmer, Emmanuel Makron və Fridrix Mertz kimi liderlərin vahid mövqeyi birdir”.

A.Nəbiyev hesab edir ki, bu soyuqluğun arxasında iki əsas səbəb dayanır: “Avropa liderləri Tramp administrasiyasının regional gərginlikdə zəifləməsini və bunun noyabrda keçiriləcək Konqres seçkilərinə təsir etməsini arzulayırlar. Müharibənin uzanması Avropa üçün həm enerji böhranı, həm də yeni qaçqın dalğası deməkdir.​ ABŞ tarixində xarici hərbi müdaxilələr adətən başlanğıcda xalqın birliyini təmin edir. Lakin bu “vahid bayraq” effekti müvəqqətidir. İranla müharibənin artıq üçüncü həftəsinin başa çatması hələlik respublikaçılarla demokratların mövqeyində dərin çatlar yaratmasa da, zaman Donald Trampın əleyhinə işləyir. ​Tarixi paralelliyə baxsaq ata Corc Buşun İraq müharibəsindən sonra daxili iqtisadiyyat və uzanan hərbi xərclər səbəbindən seçkini uduzması Amerika tarixində baş verib. Belə bir president Tramp üçün ciddi bir xəbərdarlıqdır. Əgər müharibə kritik həddi keçərsə, uzanarsa və itkilər artarsa, Respublikaçılar Partiyasının Senatda üstünlüyü itirməsi qaçılmaz ola bilər.​ Təhlil etsək görərik ki, Tramp bu müharibənin “əbədi müharibəyə” çevrilməsində maraqlı deyil. Onun biznesmen təfəkkürü və “Öncə Amerika” doktrinası uzunmüddətli bataqlığı rədd edir. Çox güman ki, Ağ Ev yaxın vaxtlarda hərbi əməliyyatları diplomatik və ya strateji bir qələbə elan edərək bitirməyə çalışacaq. Bu, həm seçki öncəsi reytinqləri qorumaq, həm də iqtisadi sabitliyi bərpa etmək üçün yeganə çıxış yoludur.​ Avropa nə qədər “bu bizim müharibə deyil” desə də, onların manevr imkanları məhduddur. Ukrayna cəbhəsində Rusiya təhlükəsi ilə üz-üzə qalan Avropa, ABŞ-ın hərbi və kəşfiyyat dəstəyi olmadan müdafiəsiz qala biləcəyini anlayır. Bu səbəbdən, Trampın İrandakı hərəkətlərini dəstəkləməsələr də, tamamilə qarşı çıxmaq onlar üçün “geosiyasi intihar” ola bilər.​Yaxın həftələr həm Yaxın Şərqin xəritəsini, həm də Vaşinqtondakı siyasi güclər nisbətini müəyyən edəcək. Çünki bu yaşadığımız dövr yeni dünya düzəninin formalaşması dövrüdür. İndi dünyada teokratik cansıxıcı idarəetmə ilə dövləti yönəldib idarə edənlərin, zor gücüylə xalqla davranan rejimlərin dövrü artıq başa çatmaqdadır. Məhz ABŞ bu prosesdə hakim dövlət qismində çıxış edir”.