İran bu bölgədə müharibəyə hazırlaşır? – AÇIQLAMA
İyulun sonlarında İran yük gəmisinə hücum edilməsindən sonra İran Ukraynanın 3 bölgəsini vurmağa hazırlaşıb. Bunu İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi deyib. O bildirib ki, Ukraynanın hücumun səhvən həyata keçirildiyini bildirməsindən sonra cavab addımını dayandırıblar. Bu hadisə İranın Ukraynadakı müharibəyə daxil ola biləcəyi ehtimallarını da gündəmə gətirib.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan millət vəkili Arzuxan Əlizadə deyib ki, hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, İranın Ukrayna müharibəsinə birbaşa hərbi tərəf kimi qoşulması real görünmür:”Son günlər bu istiqamətdə müxtəlif iddialar səslənsə də, onları daha çox informasiya müharibəsinin tərkib hissəsi və psixoloji təsir vasitəsi kimi qiymətləndirmək olar. İran hazırda əsas diqqətini öz regionunda mövcud təhlükəsizlik çağırışlarına yönəldib və belə bir şəraitdə Ukrayna cəbhəsində yeni hərbi eskalasiyaya getməsi onun milli maraqlarına uyğun deyil.
Eyni zamanda, bu addım Tehranın Qərblə münasibətlərini daha da gərginləşdirə, yeni sanksiyalara və beynəlxalq təzyidin artmasına səbəb ola bilər. Hesab edirəm ki, İran bundan sonra da birbaşa hərbi müdaxilədən daha çox siyasi, diplomatik və strateji təsir imkanlarından istifadə etməyə üstünlük verəcək. Ümumilikdə isə münaqişənin coğrafiyasının genişlənməsi heç bir tərəfin maraqlarına xidmət etmir və bu, beynəlxalq təhlükəsizlik üçün əlavə risklər yarada bilər”.