NIPA-30

Deputat: “Karantin rejiminin uzadılmasını anlayışla qəbul etmək lazımdır”

“Baş nazir Əli Əsədov karantin rejiminin uzadılması ilə bağlı növbəti sərəncam verib və 2027-ci il, 2 yanvara qədər uzadılıb. Karantin rejiminin uzadılması eyni zamanda quru sərhədlərin də bağlı qalması deməkdir. Bu baxımdan mütəmadi olaraq verilən qərarlar, karantinin uzadılması əhali arasında heç də birmənalı qarşılanmır. Bunun da səbəbləri var. Quru sərhədlərin bağlı qalması xüsusilə də yaxın qonşularımızın ərazisində-Rusiya və Ukraynada yaşayan azərbaycan əsilli şəxslərin, onların qohumlarının gediş-gəlişinə çox ciddi problem yaradır deyə quru sərhədlərin bağlı qalması bu insanların narahatlığına səbəb olur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, karantin rejiminin uzadılması ilə paralel olaraq quru sərhədlərin bağlı qalması Azərbaycanın turizm potensialına da çox ciddi surətdə mənfi təsir göstərir: “Ölkəyə gəliş-gedişlə bağlı eyni zamanda ölkədən kənara turistik bölgələrə getmək istəyən vətəndaşlarımızla bağlı narahatlıq olur deyə rejimin uzadılması bir qədər də xoş qarşılanmır. Ancaq nəzərə almaq lazımdır ki, bütün bunlarla yanaşı dövlət təhlükəsizliyi, bütövlükdə Azərbaycan insanının təhlükəsiz yaşaması daha əhəmiyyətli və vacib məsələdir. Bununla bağlı Azərbaycan dövlətinin gördüyü tədbirlər var və bu tədbirlərdən biri də quru sərhədlərin bağlı qalması, karantin rejiminin uzadılmasıdır. Ona görə bunu hesab edirəm ki, anlayışla qəbul etmək lazımdır”.

Deputatın sözlərinə görə, karantin rejiminin nə zaman bitəcəyini öncədən demək mümkün deyil: “Proqnoz verməkdən kənaram… İstənilən halda təhlükə bitəcəyi təqdirdə təbii ki, Azərbaycan rəsmiləri də onun fərqindədirlər ki, karantin rejiminin aradan götürülməsi və quru sərhədlərin açılması ilə ölkəyə həm turist axınını, turizm potensialının güclənməsini təmin etmək olar, həm də qeyd etdiyim kateqoriyadan olan insanların gediş-gəlişi üçün münbit şərait yaranar ki, onların da vətəndaş məmnunluğuna da nail olmaq mümkündür. Onun da fərqindədirlər. Zamanı gələndə karantin rejiminin dayandırılıb quru sərhədlərin açılması ilə bağlı  qərar da veriləcək”.

Qeyd: Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb.