NIPA-30

“Bakının nəqliyyat sistemi bütöv şəkildə yenidən optimallaşdırılmalıdır” – DEPUTAT

“İnsanların şəxsi avtomobildən imtina edib ictimai nəqliyyata üstünlük verməsi üçün ictimai nəqliyyat həm sürətli, həm rahat, həm təhlükəsiz, həm də vaxt baxımından etibarlı olmalıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib.

Deputat Bakıdakı tıxaclardan şikayət edib. O hesab edir ki, yaranan problemlərin həlli üçün kompleks tədbirlər görülməlidir:

“Bakıda ictimai nəqliyyat və tıxac problemi artıq sadəcə nəqliyyat məsələsi deyil, insanların gündəlik həyatına, iş rejiminə və sosial rifahına birbaşa təsir edən ciddi problemə çevrilib. Xüsusilə səhər və axşam saatlarında yollarda yaranan sıxlıq səbəbindən vətəndaşlar işə, təhsil müəssisələrinə, görüşlərinə vaxtında çatmaqda çətinlik çəkirlər. İşçi üçün isə bu, sadəcə “tıxacda qaldım” məsələsi deyil. İnsan bir neçə dəfə işə gecikdikdə bunun onun əmək münasibətlərinə belə mənfi təsir göstərməsi mümkündür. Ona görə də nəqliyyat sisteminin insanın vaxtını qoruyan, proqnozlaşdırıla bilən və etibarlı sistemə çevrilməsi vacibdir”.

Deputat metrodakı təmir işləri ilə əlaqədar yollarda yaranan tıxac problemindən də söz açıb:

“Hazırkı vəziyyətdə metroda aparılan işlər səbəbindən sərnişin yükünün müəyyən hissəsinin avtomobil yollarına və avtobuslara yönəlməsi problemi daha da kəskinləşdirir. Bu mərhələdə əsas məqsəd metro tam gücü ilə fəaliyyətini bərpa edənədək alternativ nəqliyyat imkanlarını maksimum gücləndirmək olmalıdır. Pik saatlarda avtobusların sayının və hərəkət tezliyinin artırılması, əsas sərnişin axını olan istiqamətlərdə ekspress və alternativ marşrutların təşkili, şəhərətrafı dəmir yolundan daha geniş istifadə üçün imkanların yaradılması vacibdir. Eyni zamanda Biləcəri və digər istiqamətlərdən qatarla gələn sərnişinlərin dayanacaqlara rahat çıxışı, təhlükəsiz minib-düşməsi və digər ictimai nəqliyyat növlərinə keçidi təmin edilməlidir. Yəni vətəndaşın “qatarla gəlirəm, amma stansiyadan sonra yenə problem yaşayacağam” vəziyyəti aradan qaldırılmalıdır”.

A.Əlizadə problemin sistemli şəkildə həllinin vacibliyini vurğulayıb:

“Lakin problemin kökündə yalnız avtobusların sayının az olması dayanmır. Bakının nəqliyyat sistemi bütöv şəkildə yenidən optimallaşdırılmalıdır. Burada vahid nəqliyyat modelinə keçid, sərnişin axınının real vaxt rejimində monitorinqi, svetoforların və yol hərəkətinin ağıllı sistemlərlə idarə olunması, avtobuslar üçün xüsusi zolaqların effektivliyinin artırılması, parklanma siyasətinin təkmilləşdirilməsi və şəhərətrafı ərazilərdən mərkəzə daxil olan avtomobillərin sayının azaldılmasına yönəlmiş tədbirlər birlikdə həyata keçirilməlidir. Ən əsası isə bütün bunlar vətəndaşın real gündəlik davranışı və ehtiyacı nəzərə alınaraq planlaşdırılmalıdır.

Mən hesab edirəm ki, nəqliyyat məsələsinə yalnız yol tikintisi və yeni avtobusların alınması prizmasından yanaşmaq artıq kifayət etmir. İnsanların şəxsi avtomobildən imtina edib ictimai nəqliyyata üstünlük verməsi üçün ictimai nəqliyyat həm sürətli, həm rahat, həm təhlükəsiz, həm də vaxt baxımından etibarlı olmalıdır. Vətəndaş bilməlidir ki, evindən çıxanda hansı marşrutla, hansı intervalda və təxminən neçə dəqiqəyə gedəcəyi ünvana çatacaq. Bunun üçün aidiyyəti qurumların, şəhər nəqliyyatını idarə edən strukturların, bələdiyyələrin və mütəxəssislərin iştirakı ilə konkret fəaliyyət planının hazırlanmasına ehtiyac var. Çünki bu gün söhbət sadəcə yollardakı tıxacdan getmir; söhbət insanların itirdiyi vaxtdan, işə gecikməsindən, yorğunluğundan və gündəlik həyat keyfiyyətindən gedir. Bu məsələ artıq təxirəsalınmaz şəkildə kompleks yanaşma tələb edir”.