NIPA-30

“Deputatın səlahiyyəti formal şəkildə artırılmalı deyil” – Arzuxan Əlizadə

“Deputatların səlahiyyətlərinin artırılması məsələsinə yanaşarkən əsas məqsəd Milli Məclisin qanunvericilik və parlament nəzarəti funksiyalarının daha effektiv həyata keçirilməsini təmin etmək olmalıdır”.

Bunu Azerbaycan24-ə açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, deputat seçicilərlə dövlət qurumları arasında bir növ əlaqələndirici rol oynayır və vətəndaşlardan daxil olan müraciətlərin aidiyyəti qurumlara çatdırılması, onların araşdırılması və nəticəsinin izlənilməsi deputat fəaliyyətinin mühüm istiqamətlərindəndir:

“Bu baxımdan deputatların dövlət qurumları, xüsusilə də nazirliklərlə operativ və institusional əməkdaşlıq imkanlarının genişləndirilməsi faydalı ola bilər.

Mən hesab edirəm ki, burada söhbət deputatlara icra hakimiyyətinə aid əlavə səlahiyyətlərin verilməsindən deyil, mövcud parlament nəzarəti mexanizmlərinin daha işlək vəziyyətə gətirilməsindən getməlidir. Məsələn, deputat sorğularına və müraciətlərinə cavabların daha operativ və əsaslandırılmış şəkildə təqdim olunması, komitələrin nazirliklərlə mütəmadi işçi görüşlərinin keçirilməsi, parlament araşdırmalarının imkanlarının genişləndirilməsi və dövlət qurumlarının deputat müraciətlərinə münasibətdə vahid elektron mexanizmdən istifadə etməsi bu əməkdaşlığı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər”.

Deputat qeyd edib ki, əsas məsələ səlahiyyətlərin formal şəkildə artırılması yox, deputatın seçicisinin probleminin həllinə real təsir imkanlarının gücləndirilməsidir:

“Bununla yanaşı, hakimiyyət bölgüsü prinsipinə riayət olunmalı, qanunverici orqanla icra hakimiyyəti orqanlarının funksiyaları dəqiq şəkildə ayrılmalıdır.

Düşünürəm ki, deputatların nazirliklərlə daha effektiv işləməsi üçün hüquqi çərçivənin və institusional mexanizmlərin təkmilləşdirilməsi həm parlamentin fəaliyyətinə, həm də vətəndaş müraciətlərinin daha çevik həllinə müsbət təsir göstərə bilər”.