NIPA-30

Azərbaycanda siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – AÇIQLAMA

Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsinin tələb edilməsi qaydası gündəmdədir. Ölkənin səhiyyə naziri Kemal Memişoğlu bildirib ki, müvafiq qanun layihəsi bir neçə həftə ərzində parlamentə təqdim ediləcək.

Ölkəmizdə də yetkinlik yaşına çatmamış gənclər arasında siqaret istifadəsi geniş yayılıb. Bəs bu qayda ölkəmizdə də tətbiq edilə bilər?

Mövzu ilə bağlı Azərbaycan24-ə danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib ki, Azərbaycanda yetkinlik yaşına çatmayanlar arasında siqaret istifadəsinin qarşısının alınması ciddi diqqət tələb edən məsələlərdən biridir:

“Siqaretin insan sağlamlığına vurduğu zərər, xüsusilə yeniyetməlik dövründə orqanizmin inkişafına mənfi təsiri nəzərə alınaraq, bu istiqamətdə profilaktik tədbirlərin gücləndirilməsi vacibdir. Gənclərin zərərli vərdişlərdən qorunması həm ailənin, həm təhsil müəssisələrinin, həm də dövlətin üzərinə düşən məsuliyyətdir.

Hazırda Milli Məclisdə siqaret satışının şəxsiyyət vəsiqəsi təqdim edilməklə həyata keçirilməsi ilə bağlı ayrıca müzakirə aparılmır. Bununla belə, gələcəkdə belə bir mexanizmin tətbiqi məsələsi gündəmə gələ bilər. Əsas məqsəd yetkinlik yaşına çatmayan şəxslərin tütün məhsullarına çıxışını məhdudlaşdırmaq və onların sağlamlığını qorumaq olmalıdır. Bu baxımdan, Türkiyədə müzakirə olunan təcrübənin də öyrənilməsi və ölkəmiz üçün mümkün tətbiq mexanizmlərinin qiymətləndirilməsi faydalı ola bilər”.

Deputat qeyd edib ki, məsələ yalnız satış zamanı şəxsiyyət vəsiqəsinin yoxlanılması ilə məhdudlaşmamalıdır:

“Eyni zamanda, tütün məhsullarının azyaşlılara satışına nəzarət gücləndirilməli, gənclər arasında maarifləndirmə işləri genişləndirilməlidir. Siqaret təkcə gənc nəslin deyil, orta yaşlı insanların da sağlamlığına ciddi zərər vurur. Buna görə də sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərin qarşısının alınması və cəmiyyətin bu məsələyə həssas yanaşmasının təmin edilməsi vacibdir. Gələcəkdə bu istiqamətdə yeni qanunvericilik təşəbbüslərinin müzakirəsi də istisna deyil”.