Azərbaycan dövlətinin gücü və xalqımızın iradəsi sayəsində Zəngilan yenidən həyat qazanır – DEPUTAT
20 oktyabr Zəngilan şəhəri günüdür. Bu tarixi gün Azərbaycan xalqının əzəmətli Qələbəsinin, şəhidlərimizin əbədi xatirəsinin və doğma torpaqlara qayıdışın simvoludur. Zəngilan qədim tarixi, zəngin mədəni irsi, təbii gözəllikləri və strateji coğrafi mövqeyi ilə seçilən torpaqdır. Araz, Həkəri, Oxçuçay və Bəsitçay çaylarının qovuşduğu bu ərazi əsrlər boyu Azərbaycan xalqının mədəniyyət, din və dövlətçilik tarixinin mühüm bir hissəsi olub. Zəngilanın tarixi abidələri, məscidləri, türbələri, ziyarətgahları və qədim yaşayış məntəqələri bu torpağın milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. 1993-cü ilin oktyabrında Zəngilan erməni işğalına məruz qaldı. İşğal illərində Zəngilanın tarixi-dini abidələri dağıdılıb, məscidlər vandalizə məruz qalıb. Bu, erməni faşizminin mədəniyyətə, insana və tarixə qarşı törətdiyi cinayətlərin bariz nümunəsidir.
2020-ci il Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Zəngilanı işğaldan azad etdi. Oktyabrın 20-də Azərbaycan Prezidenti, İlham Əliyev Zəngilan şəhərinin və bir sıra kəndlərin azad edildiyini xalqa elan etdi. Bu tarix, Zəngilanın 27 illik işğaldan sonra vətənə qovuşduğu şərəfli gün kimi yadda qalacaq. Zəngilanın azad edilməsi nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edildi. “Zəngilanın azad olunmasına görə” medalı ilə 6974 hərbi qulluqçumuz təltif olunub. Bu rəqəm, Zəngilanın azadlığı uğrunda göstərilən qəhrəmanlığın bariz sübutudur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü elan edilib. Bu qərar, Zəngilanın tarixinə, Qələbəsinə və gələcək inkişafına verilən yüksək dəyərin ifadəsidir. Bu gün Zəngilan yenidən qurulma dövrünü yaşayır. “Böyük Qayıdış” proqramı çərçivəsində zəngilanlılar doğma yurdlarına qayıdır. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Ağalı ağıllı kəndi müasir Azərbaycanın inkişaf potensialının gözəl nümunəsidir. Burada “yaşıl” enerji texnologiyaları, günəş panelləri, Arximed turbini tipli su elektrik stansiyası, yüksəksürətli internet, tele-səhiyyə və elektron xidmətlər tətbiq edilib. Bu, Zəngilanın yalnız bərpa olunmadığını, həm də gələcəyin ağıllı, rahat və dayanıqlı yaşayış məkanına çevrildiyini göstərir. Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı təsdiq edilib. Şəhərdə yeni yaşayış kompleksləri, sosial obyektlər, yol-kommunikasiya infrastrukturu inşa olunur. 2026-cı ildə Zəngilan şəhərində 104 mənzilli ilk yaşayış kompleksinin açılışı baş tutub. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və avtomobil yolu layihələri bu torpağı regionun mühüm nəqliyyat qovşağına çevirir. Zəngəzur dəhlizi Azərbaycanın bölgədəki nəqliyyat, iqtisadi və strateji rolunu daha da gücləndirəcək. Eyni zamanda “Dost Aqropark”, turizm layihələri, hotel və istirahət kompleksləri Zəngilanın iqtisadi gələcəyini formalaşdırır. Bu layihələr yeni iş yerləri yaradır, gənclərə perspektiv açır və Zəngilanı müasir, firavan bir regiona çevirir. Zəngilan şəhəri günü münasibətilə bütün zəngilanlıları, şəhid ailələrini, qaziləri, Vətən müharibəsi iştirakçılarını və doğma torpaqlara qayıdan sakinlərimizi səmimi qəlbdən təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların qanı bahasına qazanılmış Qələbəmiz, Azərbaycan dövlətinin gücü və xalqımızın iradəsi sayəsində Zəngilan yenidən həyat qazanır.
Zəngilanın şəhər günü mübarək olsun! Zəngilanın gələcəyi parlaq, xalqımız firavan, Azərbaycanımız güclü olsun!
Arzuxan Əlizadə
Milli Məclisin deputatı