NIPA-30

Şuşa Zəfəri – tariximizin, yaddaşımızın və milli kimliyimizin təntənəsi!

8 Noyabr Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri, xalqımızın yaddaşına əbədi həkk olunmuş Zəfər və Şuşa Şəhəri Günüdür. Şuşanın işğaldan azad edilməsinin ildönümünü qeyd  edərkən bütöv bir xalqın sarsılmaz iradəsinin, milli birliyinin və torpağa bağlılığının təntənəsini yaşayırıq.

Şuşanın azadlığı otuz ilə yaxın davam edən Qarabağ həsrətinin sona çatdığını bütün dünyaya bəyan edən tarixi hadisə idi. Bu, illərlə qəlbimizdə yaşatdığımız bir arzunun gerçəyə çevrildiyi, nisgilin sevincə, göz yaşlarının qürura, ümidsizliyin inama çevrildiyi unudulmaz an idi.

2020-ci il noyabrın 8-də Azərbaycan xalqı səhərini başqa bir duyğu ilə açdı. Şuşanın azad edilməsi xəbəri yayıldıqca milyonlarla insanın qəlbində eyni sevinc, eyni həyəcan, eyni qürur hissi baş qaldırdı. Küçələrə axışan, üçrəngli bayrağımızı dalğalandıran, sevinc göz yaşlarını gizlədə bilməyən insanların yaşadığı hissləri sözlə ifadə etmək çətindir.  Bu hadisə Azərbaycanın öz tarixi ilə, milli qüruru ilə yenidən qovuşması idi.

Şuşa əməliyyatı hərb tariximizə xüsusi məharət, cəsarət və qəhrəmanlıq nümunəsi kimi daxil oldu. Sıldırım qayalar, çətin relyef, mürəkkəb döyüş şəraiti Azərbaycan əsgərinin iradəsi və peşəkarlığı qarşısında maneəyə çevrilə bilmədi. Şuşanın azadlığı Vətən sevgisinin, hərbi şücaətin və xalq-ordu birliyinin hansı böyük nəticələrə gətirib çıxara biləcəyini nümayiş etdirdi.

Bu tarixi qələbənin əldə olunmasında Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı və Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi müstəsna əhəmiyyət daşıdı. Şuşanın azad edilməsi ilə Azərbaycan dövləti öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək yolunda həlledici tarixi mərhələni geridə qoydu.

8 Noyabrın Şuşa Şəhəri Günü kimi təsis edilməsi də bu tarixi qələbənin əbədiləşdirilməsinə xidmət edən mühüm dövlət qərarıdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında» Sərəncamına əsasən, hər il 8 Noyabr Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. Beləliklə, xalqımızın Zəfər tarixində xüsusi yeri olan bu gün həm də Şuşanın azadlıq və dirçəliş bayramı kimi dövlətçilik təqvimimizdə öz layiqli yerini tutub. Bu qərar Şuşanın azad edilməsinin tarixi əhəmiyyətinin gələcək nəsillərə çatdırılması və milli yaddaşımızda əbədi yaşadılması baxımından xüsusi məna daşıyır.

Azərbaycanın mədəniyyət paytaxtı olan bu şəhər əsrlər boyu xalqımızın musiqi, poeziya, incəsənət və maarifçilik beşiyi olub. Natəvanın, Üzeyir bəyin, Bülbülün, Vaqifin adı ilə yaşayan Şuşa milli mədəniyyətimizin ayrılmaz parçasıdır. Onun azad edilməsi tarixi-mədəni irsimizə sahib çıxmağın, milli yaddaşımızı bərpa etməyin rəmzinə çevrildi.

Şuşada üçrəngli Azərbaycan bayrağının dalğalanması xalqımızın yaddaşında heç zaman silinməyəcək mənzərədir. Bu bayraq şəhidlərimizin qanı, əsgərlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin iradəsi hesabına o yüksəklikdə dalğalanır. Hər dəfə Şuşanın görüntülərinə baxanda həmin günün sevincini yenidən yaşayır, bu qələbənin hansı ağır itkilər və fədakarlıqlar bahasına əldə olunduğunu xatırlayırıq.

Bu gün Şuşada həyat yenidən canlanır, tarixi abidələr bərpa olunur, mədəniyyət tədbirləri keçirilir, quruculuq işləri davam edir. Şəhərin dirçəlişi Azərbaycanın öz tarixinə, mədəniyyətinə və gələcəyinə sahib çıxmasının bariz ifadəsidir. Şuşa bu gün  Böyük Qayıdışın, yenidən qurulan Qarabağın və milli dirçəlişimizin rəmzidir.

8 Noyabr bizə bir həqiqəti də xatırladır.Torpağı Vətən edən onun üzərində yaşayan insanların yaddaşı, sevgisi və fədakarlığıdır. Şuşa xalqımızın yaddaşında hər zaman Azərbaycanın olub və Azərbaycan olaraq da qalacaq.

Bu möhtəşəm Zəfərin memarlarına, Şuşanı azad edən qəhrəman əsgər və zabitlərimizə, şəhidlərimizə minnətdarlığımız sonsuzdur. Onların fədakarlığı tariximizin ən şərəfli səhifələrində əbədi yaşayacaq.

8 Noyabr – Zəfər Günümüz və Şuşa Şəhəri Günümüz mübarək olsun!

Arzuxan Əlizadə
Milli Məclisin deputatı