“Bu savaş xalqımızın birliyini bütün dünyaya göstərdi” – Deputat
“Vətən müharibəsi Azərbaycan xalqının tarixində xüsusi yer tutan, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin parlaq səhifəsidir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə xalqımızın birliyini, həmrəyliyini, ordumuzun gücünü və Azərbaycan dövlətinin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə həm də uzun illər davam edən işğala son qoyulması və tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələ oldu”.
Bu sözləri Azerbaycan24-ə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə deyib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan xalqının əzmkarlığının, hərbi qulluqçularımızın qəhrəmanlığının və Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən hərbi strategiyanın nəticəsi idi:
“Bu Qələbə yalnız döyüş meydanında qazanılmış hərbi uğur deyil, eyni zamanda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, milli qürur və özünəinam hissinin daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və müharibə iştirakçılarımızın göstərdiyi şücaət heç vaxt unudulmamalıdır”.
Millət vəkili bildirib ki, Vətən müharibəsinin nəticələri Azərbaycanın regionda yaratdığı yeni reallıqların formalaşmasına da zəmin yaratdı:
“Artıq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlət kimi regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində təşəbbüslərlə çıxış edir. Qarşıda duran əsas hədəflərdən biri Ermənistanla münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşdırılması, davamlı sülhün təmin olunması və regionda əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Bu baxımdan Vətən müharibəsində qazanılmış Qələbə yalnız Azərbaycanın keçmişi deyil, həm də gələcək inkişafı və regional mövqeyi baxımından mühüm tarixi hadisədir”.
Arzuxan Əlizadə son olaraq əlavə edib ki, bu gün qarşımızda duran əsas vəzifələrdən biri Vətən müharibəsində əldə edilmiş tarixi nəticələri qorumaq, azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini davam etdirmək, həmin torpaqlara Böyük Qayıdışı təmin etməkdir:
“Eyni zamanda, bu Qələbənin mahiyyətini gələcək nəsillərə düzgün çatdırmaq, gənclərdə vətənpərvərlik ruhunu, dövlətçilik düşüncəsini və milli məsuliyyət hissini gücləndirmək vacibdir. Vətən müharibəsi sübut etdi ki, xalqın birliyi, güclü dövlət və ordu milli hədəflərə çatmaq üçün mühüm amillərdir. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”.