NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “44 günlük savaşda əldə etdiyimiz qələbəni həzm etmək niyyətləri yoxdur”

Məlum olduğu kimi, Belçika və Niderland krallıqlarında qanunsuz yaşayan müxtəlif millətdən miqrantlar növbəti dəfə deport olunublar. Bunların içində azərbaycanlılar da var. Belə ki, deport edilənlərdən 18 nəfəri azərbaycanlıdır.

Məlumata görə, azərbaycanlılardan 11-i Belçikadan, 7-si isə Niderlanddan deportasiya edilib. Deporta səbəb qeyd olunan ölkələrdə saxta məlumat və sənəd əsasında yaşama olub. Yerli orqanlar tərəfindən bu, aşkar edilib və deportasiya qərarı verilib.

O da məlumdur ki, Benilüks ölkələri (Niderland, Belçika, Lüksemburq) müharibədən əvvəl də Azərbaycana münasibətdə qeyri-obyektiv olublar. Müxtəlif formalarda Ermənistanın mövqeyinə və mənafeyinə uyğun siyasət sərgiləyiblər. Hətta Qarabağdakı erməni separatçılarına belə dəstəklərini əsirgəməyiblər. Məsələ ondadır ki, Benilüks ölkələrinin parlamentlərində qondarma “Artsax”ın tanınması ilə bağlı çağırışlar səslənib və s. O baxımdan, 18 azərbaycanlının adıçəkilən ölkələrdən deportasiya olunmasında da Azərbaycana qərəzli münasibətin izləri görsənə bilərmi? Ola bilərmi ki, bu qərar da Azərbaycanla növbəti düşmənçilik məqsədi güdür?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə aspektdən yanaşdı. Onun fikrincə, Benilüks ölkələrində erməni lobbisi güclüdür: “Əvvəla onu qeyd edim ki, Benilüks ölkələrinin parlamentlərində təmsil olunan  Xristian Demokratik partiyalarının bir çoxu erməni diasporunun təsiri altındadır. Ermənilər bu amildən zaman-zaman öz xeyirlərinə istifadə edirlər. Çünki belə hallar ona gətirib çıxardı ki, Niderland, Belçika, Lüksemburq parlamentlərinin istər müharibəöncəsi, istərsə də müharibədən sonrakı dövrlərdə ermənipərəst mövqeyi ilə qarşılaşdıq. Düzdür, onlara Azərbaycan Xarici İşlər Nazirliyi və digər dövlət qurumları vasitəsilə layiq olduqları cavablar verildi. Ancaq, görünür, Azərbaycanın 44 günlük savaşda əldə etdiyi qələbəni həzm etmək niyyətləri yoxdur. Hər dəfə bir bəhanə uydurmağa əllərində “əsas” tapmağa cəhd edirlər. İnsan hüquqları adı altında siyasi təzyiqlərdən istifadə edirlər. Azərbaycanlıların bu ölkələrdən deportasiya olunması bu işlərin tərkib hissələrindən biri ola bilər. Düzdür, sözügedən ölkələrdə azərbaycanlıların çox olduğunu düşünmürəm. Ancaq, istənilən halda, məlum addımın arxasında ermənilərin maraqlarına xidmət amili ola bilər. Çünki həmin ölkələrin Azərbaycana qərəzli münasibəti yeni deyil”.

Sədr müavini onu da qeyd etdi ki, biz hər zaman bu kimi hallara hazır olmalıyıq.

Azinforum.az