NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Şuşa bəyannaməsi təkcə hərbi-siyasi müttəfiqliyi deyil, ümumən bütün sahələri əhatə edir”

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artıran Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək.

Sözügedən məsələ ilə bağlı AMİP-in sədr müavini Afsəddin Nəbiyevə bir sıra suallar ünvanladıq:

– Məlum olduğu kimi, Şuşa bəyannaməsindən iki il ötdü. Sözügedən bəyannamənin fəaliyyət göstərdiyi bu iki il ərzində onun maddələrinə uyğun olaraq hansı nəticələr əldə olundu?

– Şuşa Bəyannaməsi bütün parametrlərinə görə dünya tarixində öz unikallığı və tarixi əhəmiyyətinə görə bölgəmizdə sülhün təmin olunması baxımından çox böyük tarixi əhəmiyyətə malikdir. Bəyannamənin bağlandığı iki il ərzində bölgəmizdə dayanıqlı sülhün təmin olunması yolunda bir çox uğurlara imza atdıq.  Qarabağ və ətraf ərazilərimizdə Ordumuzun  strateji yüksəkliklərə nəzarəti möhkəmləndirməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, ən nəhayət Laçın rayonunun girişində sərhəd-nəzarət buraxılış məntəqəsinin Azərbaycan dövləti tərəfindən yaradılması Şuşa Bəyannaməsinin öz məqsəd və məramının layiqincə yerinə yetirilməsini sübut etdi. Bəyannamədə nəzərdə tutulan bütün maddələr qardaş Türkiyə və Azərbaycan tərəfindən yüksək səviyyədə icra olunmaqdadır.

– Bütövlükdə, bu bəyannamənin nə kimi strateji əhəmiyyəti var?

– Şuşa Bəyannaməsi çox böyük strateji əhəmiyyətə malikdir. Bəyannamənin ən vacib məqamlarından biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, hər iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz olunduğu halda, bu dövlətlər bir-birini qoruyacaqlar. Bu bəndin bəyannamədə əks olunması Ermənistanın revanşist qüvvələri ilə yanaşı, qonşuluqda yerləşən Azərbaycana qarşı xoş münasibətdə olmayan dövlətlər üçün çox mühüm mesajdır. Eyni zamanda bu bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin əks olunması tarixi nailiyyətimizdir. Bütün bunlardan belə bir nəticəyə gəlmək mümkündür ki, hər hansı bir dövlət və dövlətlər Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşsələr ən güclü hərbi siyasi blokla qarşılaşacaqlar. Ona görə də bu bəyannamənin çox böyük tarixi əhəmiyyəti vardır.

– Dünyada sürətlə dəyişən geosiyasi reallıqlar kontüeksində bu Bəyannamə qarşıdakı illərdə Azərbaycanın etibarlı şəkildə təhlükəsizliyinin təmin olunmasında nə kimi rol oynayacaq?

– Çox doğru qeyd etdiniz, dünyada geosiyasi reallıqlar çox sürətlə dəyişir. Bu gün davam edən Rusiya-Ukrayna müharibəsi, bir çox bölgələrdə lokal hərbi qarşıdurmalar onu deməyə əsas verir ki, qarşıdakı illərdə bizim üzərimizə düşən ən mühüm vəzifələrdən biri bölgəmizdə sülhün təmin olunması və dövlətimizə qarşı olan təhdidləri neytrallaşdırmaqdan ibarət olmalıdır. Şuşa Bəyannaməsi qardaş Türkiyə ilə Azərbaycan arasında ən doğru zamanda imzalandı. Azərbaycanın təhlükəsizliyinin təmin olunması baxımından, qarşıdakı illərdə bu bəyannamə çox mühüm rola malik olacaq. Bəyannamə təkcə hərbi siyasi müttəfiqliyi deyil, ümumən bütün sahələri əhatə edir. Ən vacib məqamlardan biri də iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Zəngəzur dəhlizinin açılmasından sonra, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərin təhlükəsizliyinin təmin olunması ən aktual məsələlərdəndir. İnanıram ki, Şura Bəyannaməsində beynəlxalq nəqliyyat təhlükəsizliyi məsələləri Zəngəzur dəhlizinin təhlükəsizliyinə bir qarantiya olacaq.

– Hansısa mərhələdə bəyannamənin yenilənməsinə ehtiyac yarana bilərmi?

– Bəyannamə hazırda bölgəmizin təhlükəsizliyinin təmin olunmasına tam cavab verir. Ancaq tarixdən də məlumdur ki, istənilən bir müqavilə, bəyannamə hansısa tarixi mərhələdə yenilənə bilər. Bildiyimiz kimi, bu Bəyannaməni 102 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinin davamı kimi də qiymətləndirənlər var. İndiki Şuşa Bəyannaməsi bütün sahələri əhatə etməklə hər iki dövlətin – Türkiyə və Azərbaycanın təhlükəsizliyinə tam təminat verən tarixi andlaşmadır. Yaxın gələcəkdə bəyannamənin yenilənməsini düşünmürəm. Bu bəyannamə  yaşadığımız mürəkkəb tarixi mərhələdə Türkiyə-Azərbaycan qardaşlığının simvoludur.

Vidadi ORDAHALLI

baki-xeber.com