NIPA-30

Naxçıvan Ali Məclisinin 8 aydır boş qalan sədr kürsüsü – səbəb nə…

Deputat bunu mümkün konstitusiya dəyişikliklərinin ola biləcəyi ilə izah edir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin son toplantısında  komitələrinin sədrləri, sədr müavinləri və üzvləri məlum olsa da, sessiyada sədr seçkisi keçirilməyib. Yada salaq ki, ötən il dekabrın 21-də Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. O, 1995-ci ilin dekabrından, son 27 ildə Naxçıvan Ali Məclisinin sədri idi.

Dekabrın 22-də isə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edib.

Prezident İlham Əliyev V.Talıbovun istefasından sonra “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb ki, bununla da  Ali Məclis sədrinin bəzi səlahiyyətləri alınıb. May ayında isə Ali Məclisin onuncu sessiyasında Qıvraq seçki dairəsindən deputat Anar  İbrahimov Ali Məclis sədrinin müavini seçilib.

Anar İbrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibidir.

Naxçıvan MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovdur. O, 2020-ci ildən bu vəzifədə çalışır.

İqtidar Naxçıvan Ali Məclisinə sədr seçilməsini niyə təxirə salır? Səbəb nə ola bilər?

Fazil Mustafa ikinci dəfə əməliyyat edildi - ANS - Sayt Başlığı

Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa konstitusiya dəyişikliklərinin ola biləcəyinə daha çox eyham vurdu: “Bu mövzuda nəsə söyləməkdə bir qədər çətinlik çəkirəm. Çünki hamıda belə bir təsəvvür var ki, yeni sədr seçiləcək. Amma görünür ki, kimin sədr olması hələlik müəyyənləşməyib, yaxud da bu istiqamətdə hər hansı bir addımın atılması üçün konstitusiyada dəyişiklik olmalıdır. İndi ora yeni bir institut tətbiq olunub, yəni xüsusi nümayəndə göndərilib. İndi sədrin qanunvericilikdə bölgüsünü aparmaq lazımdır. Çox güman ki, əgər konstitusiya dəyişikliyi olacaqsa, bu, referendum vasitəsilə olacaq. Məsələ bir qədər aydınlığa o zaman qovuşacaq. Yəqin ki, referendumdan əvvəl bunu etməyə tələsmirlər. Amma faktiki olaraq Naxçıvanda əsas səlahiyyət konstitusiyaya görə sədrə aiddir. Belə bir vəziyyətdə muxtar respublikanın əslində funksional fəaliyyətinə ciddi təsir edən amil sayıla bilər. Yəni kim olacaqsa, bu postun səlahiyyətlərindən istifadə edəcəksə, daha çox muxtar respublikanın problemləri istiqamətində addımlar ata bilər. Bu boşluq müəyyən dərəcədə idarəçiliyə də öz təsirini göstərə bilər. Hər halda görünür ki, konstitusiya dəyişikliyindən sonra bu məsələyə baxıla bilər. Səlahiyyətlərdə dəqiqləşmə olandan sonra ola bilsin ki, Ali Məclis formasında hansısa bir idarəetmə- qanunvericilik orqanı nəzərdə tutulmasın. Çünki Prezidentin səlahiyyətli nümayəndəsi varsa, əlavə bir bürokratik mexanizmi genişləndirməyin hansı mənası olacaq? Bunun da üzərində düşünmək lazımdır. Gedişatda, yəqin ki, bu məsələyə bir daha baxılacaq. Amma, hələ ki, bu boşluq müəyyən dərəcədə idarəetmədə də boşluqların yaranmasına gətirib çıxara bilər”.

Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov Vasif Talıbovun dövründəki avtoritar idarəçiliyi bir daha önə çəkdi: “Ötən ilin dekabrından, yəni Vasif Talıbovun istefasından keçən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bir neçə iclası keçirilsə də, bu iclaslarda sədr seçkiləri keçirilməyib. Sədr seçkilərinin keçirilməməsi bununla bağlı siyasi qərarın olmaması ilə bağlıdır. Bu isə bir neçə səbəbdən ola bilər. Düşünürəm ki, vacib səbəblərdən biri uyğun kadrın olmaması ilə bağlıdır. Vasif Talıbovun uzun illər avtoritar idarəçiliyi ona muxtar respublika Ali Məclisini öz bildiyi kimi formalaşdırmaq imkanı vermişdi. Heç kimə sirr deyil ki, onun icazəsi olmadan hər hansı bir təsadüfi şəxsin Naxçıvanda nəinki Ali Məclisə seçilməsi, heç adının seçki bülleteninə düşməsi belə mümkün deyildi. Yəni başqa sözlə desək, Talıbovun formalaşdırdığı Ali Məclisdən onu əvəz edəcək birinin tapılması təbii olaraq asan məsələ və ya siyasi hakimiyyət üçün arzuolunan hal deyil. Digər səbəb iddialı namizədin olmaması ilə bağlıdır. İndi  Naxçıvan Ali Məclisində heç kəs belə bir iddia ilə çıxış edərək özünü irəli atmaq istəmir. Çünki Ali Məclis məhz elə hər hansı bir iddiası olmayan şəxslərdən ibarət formalaşıb. Anar İbrahimovun Naxçıvan Ali Məclis sədrinin müavini vəzifəsinə seçilməsinə gəldikdə isə deyim ki, bu, ən düzgün qərar idi. Bir Naxçıvanlı olaraq və insanların Anar İbrahimova münasibətini bilən biri kimi deməliyəm ki, onun həm şəxsi keyfiyyətləri, həm də təcrübəsi bu vəzifəni tutmağa tamamilə imkan verir. Və əgər gələcəkdə Ali Məclisin sədriylə bağlı siyasi qərar məhz onunla bağlı olarsa, buna heç kim təəccüblənməz və qeyri-adi qəbul etməz.

Amma məsələ burasındadır ki, bugünkü Naxçıvan Ali Məclisi ilə Vasif Talıbovun sədrliyindəki Ali Məclis arasında böyük fərq mövcuddur. Bu fərq əsasən səlahiyyətlərlə bağlı olan fərqdir. Yəni əvvəllər Naxçıvan Ali Məclisinin sədri Naxçıvanda mütləq hakim idi. İndi isə Prezidentin təyin etdiyi səlahiyyətli nümayəndə, yəni Fuad Nəcəfli var. Başqa sözlə desək, indi Ali Məclis formal bir quruma çevrilib və formal səlahiyyətləri həyata keçirir. Odur ki, Məclis sədri ilə bağlı siyasi qərarın olmaması həm də bununla bağlıdır. Yəni onsuz da formal funksiyaları həyata keçirən bir quruma sədr seçmək üçün tələsməyə elə bir ciddi ehtiyac olmadığı üçün müvafiq seçkilər də keçirilmir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”