NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Bütün bunlar bir daha molla rejiminin əsil simasını ortaya qoyur”

Ermənistanın “Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzi”nin mətbuat xidməti məlumatına görə, İranlı mütəxəssislər Ermənistanda minatəmizləmə işlərinə cəlb olunacaqlar.

Məlumatda qeyd edilir ki, avqustun 29-dan sentyabrın 2-dək Mərkəzin rəhbəri Vahinak Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti İranda rəsmi səfərdə olub. Erməni mütəxəssislərin iranlı həmkarlar tərəfindən ixtisaslaşmış müəssisələrdə hazırlanması məsələsi müzakirə olunub: “İranın Minalardan Təmizləmə Mərkəzi tərəfindən Ermənistanda humanitar minatəmizləmə işlərinin aparılması və mümkün olarsa, iranlı mütəxəssislərdən ibarət nümayəndə heyətinin göndərilməsi məsələsi də müzakirə edilib”.

Qəribədir ki, indiyə qədər İran minatəmizləmə ilə bağlı bir dəfə olsun Azərbaycanana humanitar yöndə təklif etməyib, amma Ermənistana bunu təklif edir. Halbuki, İranda dayaxşı bilirlər ki, işğal dövrqndə Ermənistan kütləvi formada ərazilərimizi minalayıb və onların təmizlənməsi böyük vəsait, vaxt tələb edir.

Məgər Ermənistan əraziləri minalanıb ki? Məgər onların belə bir problemi var ki, İran bu yöndə onlara kömək təklif edir?

Sözügedən məsələilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, bütün bunlar bir daha molla rejiminin əsil simasını ortaya qoyur: “İranın Ermənistanda minatəmizləmə işlərinə cəlb olunması xəbərlərinin yayılması beynəlxalq ictimaiyyətin diqqətini çaşdırmaq niyyətindən başqa bir şey deyildir. Minatəmizləmə əməliyyatları harada həyata keçiriləcək? İran bu addımı atmaqla diqqəti Ermənistana  yönəltməklə bu dövləti zərərçəkmiş tərəf kimi göstərməyə cəhd edir. Əslində İranın bu addımı hər iki dövlətin gerçək mahiyyətini ortaya çıxarır. Bəyəm Ermənistan öz ərazilərini minalayıb? Niyə və nədən? Bu ölkəyə kim təhlükə yaradıb? Təbii ki, İran və Ermənistana belə bir gülünc mövzu ilə bağlı çoxlu suallar vermək olar. Ancaq bu sualların bir sadə cavabı var. İran sözün bütün mənalarında özünü ermənilərlə qardaşlaşmış dövlət kimi göstərməklə özünün riyakar mahiyyətini ortaya qoyub. Bütün dünyaya məlumdur ki, Azərbaycan minaların sayına görə dünyada ən çox çirklənməyə məruz qalmış dövlətlər sırasında ilk yerlərdən birini tutur. İnsanlığa sığmayan bu əməlləri Ermənistan həm özü, həm də İran kimi müsəlman dövləti adı ilə riyakar libasa bürünmüş  dövlətin dəstəyi ilə həyata keçirib. Bu gün Azərbaycan öz ərazilərini minalardan təmizləmək üçün bütün gücünü ortaya qoyub. Bu əməliyyatlara barmaqla sayılacaq qədər dost dövlətlər kömək göstərməklə öz xoş niyyətlərini ortaya qoyurlar. İran dövləti bunun əksi olaraq işğalçı dövlətə yardımlar etməklə onsuz da dünyada yerlə sürünən imicini zədələməyə davam edir. Azərbaycan dövləti təcili olaraq İranın və Ermənistanın yaramaz addımlarını beynəlxalq müstəviyə çıxarmalıdır. Bu amorf dövlətlər haqlı olduğumuz halda, bizi haqsız duruma sala bilməzlər. Bu iki dövlət tərəqqipərvər qüvvələr qarşısında gec də olsa cavab verməli olacaqlar”.

Vidadi ORDAHALLI

baki-xeber.com