NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Bu, o deməkdir ki, Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsi reallığı ilə barışmalıdır”

Moskva Bakı və İrəvanla Qarabağla bağlı təmasları davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

Daha sonra Peskov fikirlərini belə əsaslandırıb: “Şübhəsiz, biz gərginliyin azalmamasından və hətta bəzi hissələrdə artmağa meylli olmasından narahatıq. Heç nəyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısıdır. Biz həm İrəvanla, həm də Bakı ilə təmaslarımızı davam etdiririk. Əlbəttə ki, hər iki tərəfi təmkinli olmağa və iki il bundan əvvəl imzalanmış üçtərəfli razılaşmalar ruhunda hərəkət etməyə çağırırıq. Əlbəttə, o vaxtdan bəri formalaşan yeni reallıqları nəzərə almaqla…”.

Maraqlıdır, Peskov hansı reallıqları nəzərdə tutdu?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Peskov müharibədən sonra yaranan yeni məqamlara eyham vurur: “Hal hazırki vəziyyəti diqqətlə nəzərdən keçirərkən görürük ki, nəinki Rusiya-Ermənistan, bütövlükdə beynəlxalq güclər Azərbaycanın son illər yaratdığı reallıqları qəbul etmək məcburiyyətilə üz-üzə qalıblar. Çünki Azərbaycan son 30 ildə erməni və havadarlarının işğalına məruz qalaraq ağır sınaqlardan keçdi. Nəhayət zaman yetişdi. Azərbaycan dövləti 2020-ci ildə 44 günlük Vətən savaşında təkbaşına böyük Zəfərə imza atmaqla nəinki bölgədə, eyni zamanda dünyada böyük nüfuz qazanmaqla geosiyasi anlamda yeni reallıqlar yaratmağı bacardı. Peskov demək istəyir ki, Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsi reallığı ilə barışmalıdır. Üstəlik, rəsmi İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Ehtimal ki, yeni reallıqlar deyəndə bu məqamlara işarə edir. Bu gün Rusiya Cənubi Qafqazda öz mövcudluğunu qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə edir. Rusiya Ukrayna ilə müharibə aparmaqla yanaşı, əlində oyuncaq kimi istifadə etdiyi Ermənistanı itirmək təhlükəsi ilə üzləşib. Ermənistan siyasətçiləri son vaxtlar Rusiya rəhbərliyi ilə  açıq mətnlərlə bir-birinə təhdidlər “yağdırır”. Ermənistan siyasi rəhbərliyi iddia edir ki, son illər Rusiya Ermənistanı meydanda tək qoyduğu üçün, məhz buna görə öz müttəfiqlərini dəyişmək qərarına gələrək Qərbə üz tutublar. Ermənistanın bu addımlarını Rusiya siyasi dairələri xəyanət kimi qiymətləndirərək Ermənistanla  kəskin siyasi ritorika demək olar ki, kuliminasiya nöqtəsinə çatıb. Əslində Peskov Ermənistanla bağlı siyasi gündəmi bir az “yumşaltmağa” çalışıb. Ancaq məsələnin mahiyyəti ondan ibarətdir ki, Paşinyan Rusiya ilə münasibətlərdə “qırmızı xətti” keçmiş siyasətçi sayılır. Ona görə də Rusiya dövlətinin başçısı Putin son günlər Paşinyanın münaqişənin həll edilməsi yönündə günahkar obrazında təqdim edir. Eyni zamanda Peskov həm də bu açıqlaması ilə Rusiyanın bu bölgədə təhlükəsizliyin təminatçısı olduğunu vurğulamaqla Kremlin siyasi əhəmiyyətini göstərmək niyyətini ortaya qoyub. Əgər söhbət 10 noyabr bəyannaməsindən gedirsə burada  bəyannamənin  üzərinə götürülən bir sıra bəndləri  hələ Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyannamənin qəbul olunmasının 3-cü ilinə saylı günlər qalsa da Ermənistan tərəfi hələ də Qarabağda silahlı dəstələr saxlamaqda davam edir. Eyni zamanda Zəngəzur dəhlizi haqqında real praktiki addımlar atılmır. Bütün bunların fonunda Azərbaycan  siyasi rəhbərliyi dövlətimizin təhlükəsizliyi yönündə Qarabağ bölgəsində Laçın yolunda  sərhəd məntəqəsini qurmaqla böyük uğura imza ataraq, 44 günlük Zəfərimizi məntiqi olaraq tamamladı. İndi Rusiya prezidenti Putin bir etiraflar edərək söyləyir ki, Ermənistan vaxtında bizi dinləmədi. Hələ qarşıda daha çox etiraflar olacaq. Vaxt gələcək Rusiya cəmiyyəti, Rusiyanın Ermənistana dəstək verərək Azərbaycan torpaqlarını işğal etməsinin hesabını soracaq. Bax o günlər də uzada deyil. Tarix bütün daşları öz yerinə qoyacaq. O zaman həqiqətlər ortaya çıxdıqca, Azərbaycan  daha güclü mövqeyə sahib olacaq”.

Vidadi ORDAHALLI

baki-xeber.com