“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa
“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi masa keçirilib.
Təbdiri giriş sözü ilə açan “Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Sadiq Həmzəyev müharibələrin yaşadığımız dünyanı son dərəcə təhlükəli vəziyyətə gətirdiyini təəssüflə qeyd etdi. O, həmçinin, “Müharibələr yaşamış xalq olaraq istəmərik ki, dünyanın hansısa bir ölkəsində müharibə olsun. Çünki biz müharibənin yaşatdığı acıları görmüşük. Övlad itkisi ilə qara örpəyə bürünmüş Analarımızın göz yaşlarına, Atalarımızın dərddən bükülən qəddinə şahidlik etmişik” deyərək müharibələrin dayandırılması üçün təcili hərəkətə keçilməsinin vacibliyini vurğuladı.
Tədbir ”Qaçqın və Deportasiya Olunmuşların Dayaq İctimai Birliyi”nin sədri Oktay Sadıqovun çıxışı ilə davam etdi. Çıxışçı müharibənin onun da taleyində dərin izlər buraxdığını ürək ağrısı ilə diqqətə çatdırdı: “Toyunun heç bir ili tamam olmayan dul qalmış gənc qadınlarımızı görmüşük. Müharibələr bizə atasından söz düşəndə gözlərindən sel kimi yaş süzülən övladlarımızı göstərib. Axı nədir onların günahı? Nə üçün lazımsız müharibələr onların kiçik qəlbinə dağ çəkməli idi? Nə üçün onlar atasız böyüməli, atalarının cansız şəkilləri ilə təsəlli tapmalı idilər? Müharibə bizə saçının bir tərəfini ağ, bir tərəfini qara hörüb şəhid uşaqları böyüdən anaları göstərib” deyə fikirlərini bölüşdü.
Tədbirdə iştirak edən ”Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli Azərbaycanın haqq savaşının qaçılmaz olduğunu vurğuladı: “Ermənilər bizə heç bir seçim imkanı buraxmadılar. Azərbaycan dövləti sülh üçün böyük səbr nümayiş etdirdi. Ermənilər təxribatlara son qoymadılar. Nəhayət, Azərbaycan Ordusu uzun illər işğal altında olan ərazilərimizi azad etməklə ilahi ədaləti təmin etdi. Bu gün Cənubi Qafqazda sülh təşəbbüslərinin memarı da Azərbaycan dövlətidir. Ona görə də Azərbaycan dövləti nəinki bölgədə, eləcə də bütün dünyada sülhün və sabitliyin təmin olunması üçün böyük işlər görməkdədir”.
Tədbirin digər iştirakçıları Elşən Mustafayev, Xalıqverdi Həsənov, Afsəddin Nəbiyev çıxış edərək Azərbaycan dövlətinin beynəlxalq sülh təşəbbüslərini yüksək qiymətləndirdilər. “Müharibələr çox acı nəticələrə səbəb olur. Buna görə də biz əsla müharibə istəmirik. Yaşadıqlarımızın təkrarlanmasının qəti əleyhinəyik. Özümüzlə bərabər dünyanın heç bir ölkəsində müharibə olmasını istəmirik. Çünki müharibənin acıları milliyyətindən asılı olmayaraq hər bir xalqın, ailənin, ata-ananın həyatında uzun müddət sağalmaz izlər buraxır” deyərək fikirlərini bölüşdülər.
Tədbirin sonunda Azərbaycanda fəaliyyət göstərən bütün Qeyri Hökumət Təşkilatlarına, İctimai Birliklərə bu mövzuda beynəlxalq təşkilatlara petisiya hazırlamaq üçün müraciət olundu.