Yağışa görə vətəndaşa dəyən ziyan bu hallarda qarşılana bilər -AÇIQLAMA
“Bakıda iki gün aramsız yağan yağışlar ciddi fəsadlar törədib və insanlarımız bir çox problemlərlə qarşılaşıb. Ötən ilin oktyabr ayında da aramsız yağışlar ciddi fəsadlar törətmiş, iki nəfərin həyatını itirməsinə səbəb olmuşdu. İndi də mövqeyimiz bundan ibarətdir ki, sistemlər, kanalizasiya xətləri problemləri həll olunmalıdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
Deputat bildirib ki, dünən məlum oldu ki, bir çox vətəndaşların əmlakına, qeyri-yaşayış obyektlərinə ziyan dəyib:
“Təəssüf ki, bizdə əmlakın sığortalanması ilə bağlı problemlər var. Şəxsi mənzilimizi, əmlakımızı sığortaya cəlb etmirik. Ona görə də belə problemlərlə üzləşirik.
Şəhər ətrafında çoxlu sənədsiz evlər var. Həmin evlərin sığortaya cəlb edilməsi sənədsiz olması səbəbindən problem yaradır. Nəticədə insanlara dəyən ziyanın hansısa formada ödənilməsi ilə bağlı məsələlər gündəmə gəlmiş olur. Bəzi hallarda ziyanın müəyyən hissəsi qarşılansa da, bu dəfəki zərərin hansısa formada qarşılanması məsələsi sual altındadır. İstənilən halda bütün bu hallar araşdırılmalıdır. Dünən də icra başçısı bildirdi ki, müəyyən qurumlarla iclas keçiriləcək və hadisə ilə bağlı müzakirələr olacaq”.
Onun sözlərinə görə, sığorta faktı olmadığı üçün onlara dəyən ziyanın qarşılanması sual altında qalacaq:
“Sadaladığım problemlər həll olunmadığı müddətcə belə halların gələcəkdə də yaşanması istisna deyil. Kanalizasiya xətləri bərpa edilməli, sənədsiz evlər məsələsi həll olunmalıdır. Prezident İlham Əliyevin sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı verdiyi göstərişlər də yerinə yetirilməlidir ki, Azərbaycan vətəndaşı öz əmlakını sığortaya cəlb edə bilsin. Belə olan halda dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanmış olacaq”.