NIPA-30

“Azərbaycan region dövlətlərinin siyasi, hərbi və kiber müharibə meydanı deyil və buna icazə verməyəcək”

“Azərbaycan regionda sabit sülhün olmasında maraqlıdır. Biz 44 günlük müharibədə qazandığımız qələbədən sonra da Ermənistana sülh müqaviləsi imzalanması ilə bağlı müraciət edəndə də əsas hədəfimiz bölgədə sülhün, sabitliyin qorunub saxlanması idi və indi də bu mövqedə qalırıq. Eləcə də bizə hansı münasibətdə olmağından asılı olmayaraq, istər şimal qonşumuzun, istər cənub qonşumuzun bu vaxta qədər Azərbaycana xoş olmayan münasibətləri kontekstində də, ona rəğmən Azərbaycan qonşu dövlətlərlə normal və bərabərhüquqlu əməkdaşlıq, qonşuluq münasibətlərinin qorunub saxlanmasında maraqlıdır. Bu baxımdan biz bütövlükdə regionda sülhə və sabitliyə dəstək veririk, eyni zamanda təhdidləri önləmək üçün də tədbirlər tərəfimizdən görülürdü”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb. Deputat qeyd edib ki, hətta bir neçə il bundan əvvəl İrana qarşı həyata keçirmək istədikləri əməliyyatı Azərbaycan ərazisindən etmək istəyəndə də Azərbaycan prezidenti buna tam olaraq qarşı olmuşdu və o zaman da Azərbaycan ərazisindən qonşularımıza, digər tərəflərə qarşı hər hansı bir əməliyyatın həyata keçirilməsi və Azərbaycan ərazisində bunun üçün poliqon qurulmasına heç bir halda yol verilməyəcəyini bildirmişdi və biz bu vaxta qədər bu siyasətə sadiqik.

“Təəssüflər olsun ki, İranın yürütdüyü siyasət ona gətirib çıxarır ki, bölgədə çox ciddi gərginlik yaranır. İsrail-İran münasibətlərinin bu həddə gəlib çatması və getdikcə də münaqişənin alovlanması heç də xoş gələcək vəd etmir. İstənilən halda bundan region ölkələri bu və ya digər formada zərər görmüş olurlar. Təbii ki, bu zərəri önləmək üçün də addımlar atılır, atılmaqdadır. İran prezidenti də Azərbaycan prezidentinə atəşkəs olması ilə bağlı məsələlərdə vasitəçilik etmək və öz mövqeyini ortaya qoymaqla tərəflər arasında münasibətləri normallaşdırmaq üçün bir missiyanı üzərinə götürməyi xahiş edib”-deyə deputat bildirib.

Arzuxan Əlizadə qeyd edib ki, zamanında quru sərhədlərimizin bağlı qalması da əslində dövlət təhlükəsizliyimiz baxımından olduqca doğru addım olub: “Bu gün də İranla sərhəddə yalnız xarici ölkələrin bilavasitə müraciəti əsasında müxtəlif ölkələrin, İranda fəaliyyət göstərən diplomatik missiyanın, nümayəndəliklərin işçiləri və onların ailə üzvləri, eləcə də digər dövlətlərin müxtəlif sahələrdə işləyən şəxsləri Azərbaycan sərhədindən keçməklə öz ölkələrinə getməsi üçün şərait yaradılır”.

Arzuxan Əlizadə bildirib ki, müharibə alovlandıqca bizi daha çox Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın taleyi narahat edir:  “Soydaşlarımıza qarşı çox ciddi təhdidlər olarsa və həyati təhlükələri olarsa, onların da təxliyyə edilməsi ilə bağlı hər hansı addımlar tərəfimizdən atıla bilər”.