“Rusiya imperialist siyasəti yürüdən və rus şovinizminin çiçəklənməsini istəyən bir dövlətə çevirilib”
“Rusiya yürütdüyü siyasət nəticəsində, xüsusilə də Ukraynada baş verənlər fonunda faktiki olaraq, bütün Qərb dünyası ilə Amerika Birləşmiş Ştatları ilə düşmən, yəni əks mövqelərdədir və bir növ desək, hazırkı dönəmdə Türkiyə və Azərbaycan Rusiya üçün bir nəfəslik rolunu oynamaqdadır. Bəlkə də bunu keçmiş zamanda demək olar, çünki artıq Azərbaycanla da münasibətlərin pozulması istiqamətində çox ciddi addımlar atılıb”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb. Deputat qeyd edib ki, əslində, əgər dərindən baxılsa, Rusiyanın öz maraqlarına da xidmət etmir və sadəcə, olaraq Rusiya imperiya siyasəti yürüdən dövlət olaraq növbəti hədəf kimi Azərbaycanı seçib.
Arzuxan Əlizadə / Foto: amip.az“Ermənistanın hazırkı rəhbərliyi nə qədər qərbyönümlü siyasət yürütsə də, əslində Paşinyan və onun komandası Rusiyanın direktivləri əsasında istənilən addımı atmağa hazırdır. Dəfələrlə olub ki, Qərbə reverans etdiyi müddətdə dərhal Paşinyanın Rusiyaya çağırıldığını görmüşük. Faktiki olaraq, çağırılır. Üzərinə öhdəliklər qoyulur, şərtlər müqabilində Rusiyanın dediklərini etməyə məcbur edilir və bir “qulaqburması” verilir. Çünki Ermənistan müstəqil siyasət yürütmək iqtidarında deyil. Ermənistan əslində iqtisadi cəhətdən də, siyasi cəhətdən də, hərbi cəhətdən də Rusiyadan asılı vəziyyətdə olan bir qondarma dövlətdir.
Azərbaycan Qafqazda müstəqil siyasət yürüdür və müstəqil siyasət yürütməsi burada maraqları olan digər qüvvələr kimi Rusiyanın da xoşuna gəlmir. Yumşaq desək və Rusiya buna görə də hansısa formada təzyiq etməklə Azərbaycan üzərində üstünlüyünü qəbul etdirmək istəyir ki, bu da mümkün olan məsələ deyil. Çünki burada Türkiyə faktoru var və Türkiyənin də Rusiyaya qarşı olacağı bir ortamda Rusiya bundan çox böyük zərər görəcək. Rusiya Azərbaycanı qarşısını alırsa, bu da paralel olaraq Azərbaycan və Türkiyənin Rusiyaya qarşı mövqelərdə dayanmasına gətirib çıxaracaq ki, bu vəziyyət onsuz da çökməkdə olan Rusiyanın bir qədər də tənəzzülünü sürətləndirəcək”-deyə deputat bildirib.
Arzuxan Əlizadə təssüflə qeyd edib ki, Rusiya daxilində şovinist siyasəti yürütmək istiqamətində addımlar atan qüvvələr çoxdur.
“Rusiya prezidenti də həmin qüvvələrin başında gedir. Bir növ belə siyasətin əsas meyarı oldu. Təbii ki, Azərbaycan-Rusiya münasibətlərinin pozulması bir çox qüvvələrin, xüsusilə də Qərb dairələrinin maraqlarına xidmət edir. Bu baxımdan Azərbaycan- Rusiya münasibətlərinin pozulması həm Qərb, həm də Ermənistan üçün daha çox faydalı görünə bilər. Təbii ki, Rusiya özü bundan çox böyük zərər görəcək”-deyə deputat əlavə edib.
Arzuxan Əlizadə bildirib ki, bölgədə İran və Rusiya maraqları bir çox hallarda üst üstə düşür, eyni zamanda hər dövlətin özünün fərdi maraqları var: “Qeyd etdiyim kimi, Rusiya imperialist siyasəti yürüdən və rus şovinizminin daha da çiçəklənməsini istəyən bir dövlət kimi gündəmdədir. Son dövrlərdə Azərbaycana qarşı yürüdülən bu siyasət elə oradan qaynaqlanır”.
Deputatın fikrincə, Rusiya tərəfindən Azərbaycanı hansısa formada öz təsir dairəsinə salmaq istiqamətində addımlar atılır ki, bu da heç bir halda mümkün deyil.
“Azərbaycan müstəqil siyasət yürütməklə yanaşı, eyni zamanda regionun əsas güc və söz sahiblərindən birinə çevrilib. Eyni zamanda, Azərbaycan və Türkiyə tandemi var ki, bu birlik bölgədə istər Rusiyanın, istərsə də digər qüvvələrin hansısa formada dominantlığına ciddi surətdə əks qüvvə kimi formalaşıb. Artıq bizim dövlət milli, siyasi, iqtisadi və hərbi maraqlarına əks addımlar atılacağı təqdirdə, təbii ki, Azərbaycan-Türkiyə tandemi, eləcə də Azərbaycana dəstək verən digər güclərin bu prosesdə Rusiya ilə qarşı-qarşıya gəlmək ehtimalları böyüyür ki. Bu da nəticə etibarilə Rusiya üçün çox ciddi nəticələr vəd edir. Rusiya rəhbərliyi və Rusiyada Azərbaycana qarşı bu çirkin siyasəti yürüdənlər reallığın fərqində olmalıdır”-deyə Arzuxan Əlizadə əlavə edib.