NIPA-30

Deputat: “Rusiya Azərbaycanın haqlı mövqeyi qarşısında geri çəkilməyə məcbur olacaq”

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı cinayətkarcasına sərgilədiyi əməliyyat və qətllər fonunda Azərbaycan-Rusiya münasibətləri gərginləşib. Birmənalı olaraq belə bir vəziyyətin yaranmasında Rusiya rəsmilərinin, xüsusi xidmət orqanlarının, hüquq-mühafizə orqanlarının “xidməti” böyükdür. Soydaşlarımıza qarşı bu cür cinayətlər qarşılıqsız qala bilməzdi. Azərbaycan da öz mövqeyini sərt formada bildirib. “Münasibətlərin gərginliyi müharibəyə gətirib çıxara bilərmi?” sualı ortadadırsa, hesab edirəm ki, xeyr. Rusiya heç bir halda Azərbaycana qarşı müharibə cəbhəsi açmaz”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

O bildirib ki, informasiya müharibəsi gedir, basqılar var: “Rusiyada yaşayan soydaşlarımıza qarşı bu cür cinayət əməlləri həyata keçirərək onların qorxudulması prosesi gedir. Azərbaycana soydaşlarımız üzərindən təzyiq etmək istəyirlər. Amma heç bir halda Rusiya Azərbaycanla müharibəyə qalxmaz. Rusiya fərqindədir ki, Azərbaycan Türkiyə ilə – qardaş dövlətimizlə Şuşa Bəyannaməsi imzalayıb və Azərbaycana dəstək verə biləcək güclər kifayət qədər çoxdur. Rusiya bu gün özünü Ukraynada elə bir bataqlığa salıb ki, təkcə Ukrayna ilə deyil, bütövlükdə, Qərb dünyasının əhəmiyyətli hissəsi ilə qarşıdurma, müharibə durumundadır. Hansı vəziyyətə düşübsə, insan resursları baxımından, iqtisadi, hərbi cəhətdən tükənmək üzrədir. Əslində, bu dövr ərzində Türkiyə və Azərbaycan Rusiya ilə normal münasibətləri saxlamaqla Rusiyaya bir nəfəslik rolunu oynayırdı. Əgər bu nəfəsliyi də qapatmaq istəyirsə, təbii ki, bu, artıq Rusiyanın öz problemidir. Bu nəfəslik qapanacaqsa, Azərbaycanla paralel olaraq Türkiyə ilə də münasibətlərini korlayacaqsa, Rusiyanın çöküşü daha da tezləşəcək. Birmənalı olaraq Rusiya bundan çox ciddi ziyanla çıxacaq. Bütün bunları ən azından göz önünə alaraq Azərbaycanla münasibətlərin müharibə həddinə gətirilib çıxarılmasına rəvac verməzlər. Hesab edirəm, bir müddət sonra Rusiya bizim haqlı mövqeyimiz qarşısında geri çəkilməyə məcbur olacaq”.