Rusiya da razılaşmağa məcbur qalacaq
“Zəngəzur dəhlizi necə adlanmasından asılı olmayaraq, 8 avqustda Ağ Evdə əldə olunan razılaşmaya əsasən açılacaq”.
Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, həmin kommunikasiya qovşağının təhlükəsizliyinə və digər məsələlərə nəzarət mexanizmi ABŞ şirkəti tərəfindən həyata keçiriləcək:
“Bu məsələ isə həm İranı, həm də Rusiyanı nərahat etdi. İran rəsmiləri ABŞ-nin sərhədə gəlməsindən narahat oldular. Hətta İran Prezidenti Məsud Pezeşkian da Ermənistana səfəri zamanı regionda kənar ölkələrin iştirakını məqbul saymadığını söylədi. Rəsmi Tehran sərhəd bölgəsində ABŞ-nin mövcudluğunu özünə təhdid hesab edir. Lakin təəssüf ki, Avropa İttifaqının “mülki müşahidə missiyasının” mövcudluğu onları narahat etmir. Nə qədər qəribə də olsa, İran rəsmiləri bu barədə sadəcə yumşaq fikirlər bildiriblər”.
Ekspert qeyd edib ki, Paşinyan 2020-ci ildə 10 noyabr Bəyanatına imza atarkən Rusiyanın federal xidmət orqanlarının Zəngəzur dəhlizinə nəzarət etməsinə razılaşmışdı:
“Bu gün isə eyni yolda ABŞ şirkəti ilə bağlı anlaşma imzalayıb. Amma ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan İran liderinə sərhəddə üçüncü tərəfin olmayacağını dedi. Burada Paşinyanın nəyi nəzərdə tutduğuna dair çox ciddi suallar var. Həmin nəqliyyat qovşağı ABŞ şirkətinə həvalə edilibsə, orada mövcudluğu olmadan nəzarət necə olacaq? Bu da çox ciddi sualdır. Yəqin ki, yaxın zamanda buna aydınlıq gətiriləcək”.
Millət vəkilib diqqətə çatdırıb ki, İran və Rusiya geri addım atacaqlar:
“Paşinyanın dediyi ki, dəhlizdə üçüncü tərəfin hərbçiləri olmayacağı təqdirdə İranın ardından Rusiya da bu məsələdə geri addım atacaq. İndiki vəziyyət onu göstərir ki, Paşinyan yenə də ABŞ ilə Rusiya arasında oynayır. Ümumi olaraq isə Tehran və Moskva Zəngəzur dəhlizinin açılması məsələsində Bakının mövqeyi ilə razılaşacaqlar”.