NIPA-30

Azərbaycanda icra başçılarına limit qoyula bilər?

Son dövrlər icra hakimiyyətlərində aparılan əməliyyatlar və həbslər bu strukturlarda uzun müddət vəzifədə qalan məmurlarla bağlı müəyyən sualları gündəmə gətirib. Belə ki, həbs olunan icra başçılarının əksəriyyətinin 10 ildən artıq müddətdə rəhbər vəzifədə çalışması bu postlara vaxt məhdudiyyətinin tətbiqi barədə müzakirələri gücləndirib.

İcra başçıları və digər yerli məmurlar üçün vəzifə müddəti məhdudlaşdırıla bilərmi?

Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, idarəetmə olduqca məsuliyyətli sahədir, bu bacarığı formalaşdırmaq üçün müəyyən isə vaxt və təcrübə tələb olunur:

“Lakin təcrübə təkcə zamanla qazanılmır, həm də şəxsin xarakterindən və idarəetmə qabiliyyətindən asılıdır. Rəhbərlik bacarığı yalnız sahəni yaxşı bilmək deyil, həm də tabeliyində olan işçilərin fəaliyyətini düzgün koordinasiya ilə tənzimləməyi bacarmaqdır. Bu, ümumilikdə idarəetmə prosesinin səmərəliliyini artırır və effektiv fəaliyyətə şərait yaradır”.

Deputat qeyd edib ki, vəzifəyə müddət məhdudiyyətlərinin qoyulması ilə idarəetmədə effektivliyin artırılması mümkün deyil:

“Əksinə, uzun illər təcrübə toplayan kadrların rotasiya qaydasında müxtəlif sahələrdə fəaliyyətə yönəldilməsi daha məqsədəuyğundur. Doğrudur, uzun müddət bir vəzifədə qalmaq bəzi hallarda sui-istifadə hallarına gətirib çıxara bilər, lakin vicdanla çalışan rəhbərlər də az deyil və onların fəaliyyəti nəticəsində idarəetdiyi struktur inkişaf edə bilir. Bu səbəbdən məsələni hər bir halda fərdi şəkildə qiymətləndirmək lazımdır. Əsas məsələ rəhbərlərin fəaliyyətinə effektiv nəzarət mexanizminin qurulmasıdır. Əgər nəzarət sistemi düzgün işləyərsə, təcrübəli və savadlı rəhbərlərin qanunsuz addımlarının qarşısını almaq mümkündür. Əks halda, yüksək ixtisaslı kadrların belə nəzarətsizlik səbəbindən qanuna zidd hərəkətlərə yol verdiyi hallarla rastlaşırıq. Ümumilikdə, idarəetmə sahəsində təcrübəli şəxslərin fəaliyyətini stimullaşdırmaq, eyni zamanda onların fəaliyyətinə qanuni nəzarəti təmin etmək daha optimal yanaşmadır. Hesab edirəm ki, müddət məhdudiyyəti tətbiq etmək idarəetmədə müsbət nəticə vermir”.