Rəşad Bayramov: “Mərkəzdən qanunsuz göstərişləri Fuad Nəcəfli icra edibsə, o zaman birbaşa məsuliyyət daşıyır”
“Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb”.
Bunu Prezident İlham Əliyev Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında (MR) səlahiyyətli nümayəndəsi və daha bir neçə şəxsi icra hakimiyyəti başçısı təyin olunmaları ilə bağlı qəbul edərkən bildirib.
Prezident əlavə edib ki, Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb: “Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək”.
Prezidentin burada verdiyi mesajların Naxçıvanın sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə və digərlərinə birbaşa nə qədər aidiyyəti olduğunu düşünmək olar? Konkret olaraq Fuad Nəcəfli mərkəzdən gələn qanunsuz göstərişlərin icra olunmasında nə qədər günahkar sayıla bilər?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov bununla bağlı çox önəmli məqamlara toxundu: “Prezident İlham Əliyevin Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndə təyin etməsi ilə bağlı qəbul zamanı səsləndirdiyi fikirlər həm siyasi, həm də idarəetmə baxımından ciddi məna daşıyır. Dövlət başçısı çıxışında bildirib ki, vaxtilə bölgələrdə proseslərin mənfi istiqamətdə getməsinin əsas səbəbi mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları olub. Prezidentin “artıq o məmurlardan əsər-əlamət qalmayıb” ifadəsi ölkənin idarəçilik sistemində baş verən kadr və struktur islahatlarının mahiyyətini açıq şəkildə əks etdirir. Bu çıxış, əslində, son illər məmur korpusunda aparılan təmizlənmə və yenilənmə prosesinin davamı kimi qiymətləndirilə bilər. Prezidentin sözlərindən aydın olur ki, təkcə Naxçıvanda deyil, ümumilikdə mərkəzi idarəetmə sistemində də “köhnə idarəçilik vərdişləri” aradan qaldırılır. “Bundan sonra mərkəzdən sizə qanunsuz tapşırıq verilməyəcək” fikri həm yeni təyin olunan kadrlar üçün xəbərdarlıq, həm də keçmiş dövrə yönəlmiş bir mesajdır. Burada diqqət çəkən məqamlardan biri də odur ki, Prezident “mənfi proseslərə” səbəb kimi təkcə bölgə rəhbərliklərini deyil, eyni zamanda mərkəzi icra orqanlarındakı bəzi məmurları da göstərir. Bu, dövlət idarəetməsində məsuliyyətin bölüşdürülməsi baxımından mühüm siqnaldır. Bu onu sübut edir ki, əvvəlki illərdə bəzi mərkəzi strukturlar Naxçıvan kimi strateji əhəmiyyətli bölgələrdə qərarların qəbuluna qanunsuz və şəxsi maraqlara əsaslanan şəkildə təsir göstəriblər. Bu kontekstdə Prezidentin fikirləri Naxçıvanın sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə də dolayı şəkildə aid edilə bilər. Məsələ burasındadır ki, Naxçıvanda uzun illər mövcud olmuş Vasif Talıbov dönəmində mərkəzdən gələn nəinki qanunsuz, hətta qanuni göstərişlərə belə bir çox hallarda məhəl qoyulmurdu. Onun gedişi və yeni idarəetmə metodu olaraq səlahiyyətli nümayəndənin təyin olunması ilə sanki bir boşluq yaşandı. Uzun illər Naxçıvanda öz şəxsi maraqlarını təmin etmək istəyən ayrı-ayrı şəxslər üçün imkan açıldı və qanunsuz göstərişlər də burdan qaynaqlandı. Təbii ki, mərkəzdən qanunsuz göstərişlər olubsa və Fuad Nəcəfli də onları icra edibsə o zaman birbaşa məsuliyyət daşıyır. Çünki o, Prezidentin səlahiyyətli nümayəndəsi olaraq birbaşa Prezident qarşısında məsuliyyət daşıyır və onun bir icraçı məmur olaraq qanun pozuntusuna şərait yaratmaq hüququ yoxdur. Bu, siyasi və hətta hüquqi baxımdan da məsuliyyət doğuran hal sayılır. Beləliklə, Prezidentin son çıxışı bir tərəfdən Naxçıvanda və bütövlükdə regionlarda yeni mərhələnin başlandığına işarə edir, digər tərəfdən isə mərkəzi icra orqanlarına idarəetmənin yalnız qanuni çərçivədə və dövlət maraqları əsasında həyata keçirilməli olduğuna dair açıq mesaj verir. Ümid edək ki, Naxçıvana yeni təyin olunan səlahiyyətli nümayəndə və ümumiyyətlə icra strukturlarına rəhbərlik edən hər kəs Prezidentin verdiyi mesajlardan və xəbərdarlığından düzgün nəticə çıxaracaqlar”.