NIPA-30

Arzuxan Əlizadə: “Minsk Qrupunun buraxılması bilavasitə Azərbaycanın təşəbbüsü və israrlı tələbləri sayəsində mümkün olub”

ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb. Məlum olduğu kimi, bu barədə ATƏT-in yaydığı bəyanatda deyilir.

“ATƏT 2025-ci il sentyabrın 1-də Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra qəbul edilmiş Nazirlər Şurasının MC.DEC/1/25 qərarına uyğun olaraq, 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb”, – bəyanatda bildirilib.

ATƏT-in Minsk Qrupunun belə bir sonluqla tarixin zibilliyinə atılması daha çox nəyin nəticəsi oldu? Azərbaycanın ATƏT-ə etdiyi davamlı və prinsipial təzyiqlərin nəticəsidir bu, yoxsa qurumun könüllü şəkildə qəbul etdiyi qərardır? İkincisi, ATƏT ötən 30 ildə ortaya qoyduğu nəticə ilə bağlı bir hesabat dərc edəcəkmi? Minsk Qrupunun bir hesabatı olacaqmı? Əgər hesabatı olmayacaqsa tarix buna necə qiymət verəcək? Tarix buna hansı üsulda, hansı əsasda qiymət verəcək? Axı bu 35 illik beynəlxalq təşkilatın tarixidir. Buna tarix qiymət verməli deyilmi? Bir sözlə, ATƏT-in Minsk Qrupu 30 illik fəaliyyəti ilə bağlı hesabatı necə verəcək və necə verməlidir? O mənada ki, Azərbaycan xalqında sual qalmasın.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə buna bir neçə aspektdən yanaşdı: “Əvvəla, ATƏT-in Minsk Qrupunun buraxılması bilavasitə Azərbaycanın təşəbbüsü və israrlı tələbləri sayəsində mümkün olub. Nə Ermənistan, nə həmsədr ölkələr, nə də bəzi Avropa ölkələri Minsk Qrupunun buraxılmasının tərəfdarı olub. Çünki Minsk Qrupu həmsədr ölkələr üçün regionda öz təsir imkanlarını təmin etmək üçün bir təzyiq rıçaqı idi. Onların məqsədi heç də münaqişəni həll etmək yox, Azərbaycanı işğal amili ilə barışmağa məcbur etmək idi. Yəni danışıqların uzanmasından Azərbaycan bezsin və sonda bununla barışmaq məcburiyyətində qalsın. Təsadüfi deyil ki, bir sıra məsələlərdə tamamilə bir-birinə zidd mövqedən çıxış edən həmsədr dövlətlər Qarabağ məsələsində ortaq mövqedən çıxış edirdilər. Bu, bəlkə də dünyada yeganə hal idi. 44 günlük Vətən müharibəsindən sonra Minsk Qrupu yenidən prosesə qoşulmaq istəsə də, Azərbaycan buna imkan vermədi. 2020-ci ilin dekabrında Prezident İlham Əliyev həmsədrləri qəbul edərək Minsk Qrupunun fəaliyyətini sərt tənqid etdi. Eyni zamanda açıq bəyan etdi ki, Qarabağ məsələsində Minsk Qrupuluq bir şey qalmayıb. O baxımdan, de-fakto 5 il idi k, Minsk Qurupu ölmüşdü. Sadəcə ATƏT noyabrın 30-da bəyanat yayaraq bunu de-yure rəsmiləşdirdi. Minsk Qrupunun 30 illik fəaliyyəti ilə bağlı hesabata gəldikdə isə, ATƏT hesabat verməyə borcludur. Ona görə ki, bilavasitə ATƏT-in qərarı ilə belə təsisat və onun strukturları yaradılıb. Minsk Qrupu ATƏT-ə üzv ölkələrin ödədiyi vəsaitlə maliyyələşdirilib. O baxımdan ATƏT borcludur ki, Minsk Qrupunun fəaliyyəti ilə bağlı hesabat yaysın. Bunun olacağını birmənalı demək çətindir. Ən azından ona görə ki, qurum əksər hallarda ermənilərə olan təəssübkeşliyini gizlətməyib. Hesabat olacaqsa, bu, obyektiv olmalıdır. Əsaslandırmalıdılar ki, onlar nəyə görə gözləntiləri təmin etmədilər. Minsk Qrupunun fiaskosunun kökündə duran amilləri ictimaiyyətə təqdim etməlidilər. Bəyan etməlidilər ki, nəyə görə beynəlxalq hüquq prinsipləri kobud şəkildə işləksiz hala gəlib, nəyə görə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız parçası olub. Əgər özlərində cəsarət tapıb bunu bəyan etsələr, o zaman hesabat obyektiv formada qəbul ediləcək. Yox, bununla bağlı hansısa hesabat ortaya qoyulmasa, o zaman tarix bunu ATƏT-ə bağışlamayacaq”.