NIPA-30
AMİP sədri Arzuxan Əlizadə

AP-nin Azərbaycana təzyiq cəhdi: “Bölgədə sülhə təhdid göstərilir” – Deputat

“Avropa Parlamentinin (AP) Azərbaycanın üzərinə gəlmək cəhdi bölgədə formalaşmış dayanıqlı sülhə təhdiddir”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə AP-nin ölkəmizə qarşı keçirdiyi qərəzli dinləmələri şərh edərkən bildirib.

O qeyd edib ki, sözügedən təsisat və Avropa İttifaqı (Aİ) 30 il ərzində Azərbaycanın əleyhinə yürütdükləri qərəzli siyasətlərini bu gün də davam etdirirlər:

“İkinci Qarabağ müharibəsindən sonra Aİ və həmin quruma daxil olan bəzi ölkələr rəsmi Bakıya qarşı bir sıra qətnamələr və qərarlar qəbul etdilər. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini özü tətbiq və icra etdi. Bölgədə dayanıqlı sülhə nail olmaq üçün ciddi addımlar atılıb. Bütün bunların fonunda ölkəmizə qarşı təzyiq cəhdlərini müşahidə edirik. Guya Azərbaycanda insan haqları pozulur və qondarma siyasi məhbus məsələsi gündəmə gətirilir. Təkcə ölkəmizə qarşı deyil, ümumilikdə bəşəriyyətin əleyhinə cinayət törətmiş şəxslərin (Bakıda mühakimə olunan erməni separatçılar nəzərdə tutulur-red.) məsələsini siyasiləşdirməklə onların azadlığa buraxılmasını gündəmə gətirmək əldə olunmuş sülhə təhdiddir. Fransa başda olmaqla Aİ ölkələri sülh prosesinə dəstək verməyiblər. İndi də beynəlxalq hüquqa qarşı çıxan qurumlar yeni reallığı görməzdən gəlirlər. Onlar başa düşməlidirlər ki, Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Biz təkcə ərazi bütövlüyü və suverenliyimizi bərpa etməmişik, həm də Ermənistana Rusiyanın təsirindən çıxmaq üçün imkan yaratmışıq. Bizim sayəmizdə onlar dalan ölkə olmaqdan qurtula və tranzit imkanlardan yararlana bilərlər”.

Deputat vurğulayıb ki, bölgədə Azərbaycansız nəyəsə nail olmaq mümkün deyil:

“Rəsmi Bakının yaratdığı yeni reallıqlar dönməz xarakter alıb. Sülh prosesinə mane olmaq cəhdləri Ermənistan daxilindəki revanşist qüvvələri daha da ruhlandırır. AP və Aİ ölkələrinin hazırkı vəziyyətin davamına mane olmaq niyyətləri sülh prosesinə zərbə kimi qiymətləndirilməlidir.

Azərbaycan Aİ-nin 27 ölkəsindən 10-u ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırıq. Ermənistan üçün də yeni imkanlar açılıb. Lakin Avropanın Rusiyanın təsiri altında olan Ermənistana dəstək göstərməsi başadüşülən deyil. Bu həm də xristian təəssübkeşliyidir. Amma qətnamələrlə proseslərin qarşısını ala bilməyəcəklər. TRIPP layihəsi həyata keçiriləcək.

Paşinyan hökuməti də reallıqların fərqindədir. Başa düşürlər ki, iqtisadiyyatlarının güclənməsi, həmçinin inkişafı yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Sülhün onlar üçün nə qədər vacib olduğunu anlayırlar. Lakin AP bunu anlamır, prosesləri görməzdən gəlir”.