NIPA-30

Afsəddin Nəbiyev: “Burada Moskvanın “görünməyən əli” ehtimalı olduqca yüksəkdir”

Nikol Paşinyan Azərbaycandan Ermənistana SOCAR şirkətinə məxsus ilk neft məhsulları partiyasının göndərilməsini şərh edərkən Gürcüstan Dəmir Yollarının tarifləri ilə bağlı müəyyən problemlərdən xəbərdar olduğunu bildirib.

Paşinyanın sözlərinə görə, əgər normal tariflər tətbiq olunmasa, Azərbaycan və Ermənistan alternativ nəqliyyat marşrutları tapmağa məcbur qalacaq. “Ümid edirəm ki, ya bu məsələlər həll olunacaq, ya da təsərrüfat subyektləri idxal və ixrac üçün alternativ marşrutlar tapacaqlar”, – deyə Ermənistanın baş naziri vurğulayıb.

Məlumata görə, Tbilisinin tarif demarşına cavab olaraq Bakı Ermənistanla sərhədə qədər dəmir yolu xəttinin bərpası imkanını nəzərdən keçirir.

Maraqlıdır, belə vəziyyətin yaranmasında Rusiya təsirləri varmı? Alternativ yol nə olacaq?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev, prinsipcə, Rusiyanın bu məsələdə təsirlərini istisna etmədi: “Bu hadisə həm iqtisadi, həm də çox dərin geosiyasi alt qatları olan yeni reallıqlar fonunda baş verən bir prosesdir. Azərbaycandan Ermənistana ilk neft məhsulları partiyasının göndərilməsi Cənubi Qafqazda yeni bir dövrün carçısı olsa da, Gürcüstanın tarif “demarşı” bu sülh prosesinin iqtisadi rentabelliyini sınağa çəkir. ​Tbilisinin bu addımının birbaşa “iqtisadi özünüqoruma” instinkti ilə bağlı olduğu şübhə doğurmur.​ İllər boyu Ermənistanın dünyaya açılan qapısı Gürcüstan olub. Ermənistan və Azərbaycan arasında birbaşa dəmir yolu xətlərinin və ya Zəngəzur dəhlizinin açılması Gürcüstanın “əvəzolunmaz tranzit mərkəzi” statusunu həqiqi mənada şaxələndirir. ​İqtisadi hesablamalara görə, əgər Azərbaycan və Ermənistan birbaşa nəqliyyat əlaqəsi qursa, Gürcüstan ildə 2 milyon tona qədər yük tranzitini və on milyonlarla dollar gəliri itirə bilər. Ancaq Azərbaycanın məqsədi Gürcüstanı bu gəlirlərdən ziyanla çıxarmaq deyil, əksinə, iqtisadi əlaqələri daha da dərinləşdirməkdir. Tbilisi yüksək tariflər tətbiq etməklə bu yeni marşrutun “baha başa gəlməsinə” və öz əhəmiyyətini qorumasına çalışır, bu da başadüşüləndir. Azərbaycan Gürcüstanla iqtisadi enerji layihələrini müvəqqəti qurmayıb.​ Bəli, burada Moskvanın “görünməyən əli” ehtimalı olduqca yüksəkdir. Ermənistan indiyə qədər yanacağı əsasən Rusiyadan alırdı. Azərbaycanın Ermənistan bazarına daxil olması Rusiyanın bu ölkədəki ən böyük rıçaqlarından birini əlindən alır. Rusiyanın Gürcüstanın hazırkı hökuməti üzərindəki təsir imkanlarını nəzərə alsaq, tariflərin süni şəkildə qaldırılması Bakı və İrəvanın birbaşa razılaşmasını sabotaj etmək üçün istifadə olunan bir alət ola bilər. ​Paşinyanın “alternativ tapacağıq” və Bakının “sərhədə qədər xətti bərpa edirik” mesajları iki əsas varianta işarə edir.

Bunlardan biri Qazax-İcevan (Dilican) xəttidir. Sovet dövründə mövcud olan bu dəmir yolu xəttinin şərti sərhədə qədər bərpası Bakının gündəmindədir. Bu yol Gürcüstandan tamamilə yan keçərək Azərbaycan neftini birbaşa Ermənistanın mərkəzinə çatdıra bilər. Dəmir yolu tarifləri rentabelli olmasa, yanacağın tanker-yük maşınları ilə daşınması daha ucuz başa gələ bilər. Gələcəkdə Ermənistan–Türkiyə sərhədinin açılması da Gürcüstan tranzitinə ciddi alternativ yarada bilər.​ Regionun gələcəyi üçün ən doğru seçim “3+3” formatına uyğun, tam inteqrasiya olunmuş kommunikasiya şəbəkəsidir. Bu formatı 2020-ci ildə 44 günlük müharibə ilə Qələbəmizi təmin etdikdən sonra dövlət başçımız Prezident İlham Əliyev gündəmə gətirmişdir. Azərbaycan və Ermənistanın Gürcüstanı dövrədən çıxararaq birbaşa dəmir yolu (Qazax və ya Naxçıvan üzərindən) əlaqəsi qurması ən səmərəli yoldur. Gürcüstan başa düşməlidir ki, “süni maneələr” onu oyunun kənarında qoya bilər. Tbilisi tarifləri aşağı salıb prosesə qoşulsa, daha çox qazana bilər. Zəngəzur dəhlizinin açılması həm Azərbaycanın, həm də Ermənistanın regional logistika qovşağına çevrilməsi üçün həlledici addım olacaq. Gürcüstanın bu “tarif demarşı” əslində gecikmiş bir addımdır. Çünki Azərbaycan və Ermənistan artıq siyasi iradə nümayiş etdirərək birbaşa ticarətə başlayıblar. Gürcüstan Azərbaycan vasitəsilə “3+3” formatına qoşulmaqla Cənubi Qafqazda sülhə və təhlükəsizliyə töhfələr vermiş olacaq”.